Rəsmi Bakı Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə növbəti görüşün Bakıda keçirilməsi ilə bağlı yenidən təklif irəli sürüb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin, Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.
Bu, artıq ikinci görüşlə bağlı sayca elə ikinci təklifdir. İndiyə kimi Xocalıda bir görüş baş tutub.
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu il martın 1-də deputat Xocalı şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Görüş zamanı ölkəmizin Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Xocalıdakı müzakirələrdən sonra Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmasların davam etdiriləcəyi vurğulanıb.
Martın 13-də Azərbaycan Prezidenti Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etdi. Lakin ermənilər bundan imtina etdilər.
Azərbaycanın növbəti təklifinə münasibət necə olacaq? Qarabağ erməniləri Bakıya gələcəklər?
Məlumdur ki, bu gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçılar iddialarından əl çəkmir və bu görüşlərin keçirilməsinə, reinteqrasiyaya mane olurlar. Təbii ki, onların müəyyən qüvvələrin, o cümlədən, Rusiyanın təsiri altında olduqları da sirr deyil. Rusiya Azərbaycan və Qarabağ erməniləri arasında vasitəçi olmadan danışıqların aparılmasına qarşıdır. Onların təklifi qəbul edib, Bakıya gəlmələri isə artıq vasitəçi olmadan danışıqlara başlamaq deməkdir. Qarabağdakı separatçıların vəziyyəti gərginləşdirmək üçün təxribatlara əl atması, silahlanmaya davam etmələri isə onlar üçün yaxşı heç nə vəd etmir. Çünki Azərbaycan istənilən anda öz ərazisində anti-terror əməliyyatı keçirə bilər və bu, onun hüququdur. Ancaq Azərbaycan bölgədə sülhün olmasını, məsələnin birdəfəlik həllini istəyir, ona görə də bu istiqamətdə səylərini hərtərəfli şəkildə davam etdirir. Azərbaycanın bütün təklifləri, təşəbbüsləri məhz Cənubi Qafqazda nəhayət sülhün, təhlükəsizliyin bərqərar olmasına yönəlib. Bu, Qarabağ erməniləri üçün də daha yaxşı şərtlər altında təhlükəsiz yaşamaq deməkdir. Ona görə də Qarabağ erməniləri tarixi şansdan düzgün nəticə çıxartmalı, reinteqrasiya təşəbbüslərinə müsbət yanaşmalıdırlar. Nəhayət anlamalıdırlar ki, Azərbaycanın qanunları çərçivəsində yaşamaqdan başqa alternativləri yoxdur. Bakı görüş təkliflərini davam etdirməklə reinteqrasiyada, həmçinin, Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsində maraqlı olduğunu nümayiş etdirir. Bununla həm də prosesə mane olmaq istəyən qüvvələrə göstərir ki, milliyyətindən asılı olmayaraq, bütün vətəndaşları ilə danışmağa, müzakirə aparmağa hazırdır.
Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib: "Əvvəlki təklif martın 13-də onlara təqdim edilmişdi, gəlmədilər. Ermənilərlə sonuncu görüş martın 1-də Xocalı şəhərində keçirilib. Ermənilər Bakıya niyə gəlmək istəmirlər? Bunun bir neçə səbəbi var. Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərin bunu qəbulu anlamını daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtında qərar verənlər isə ermənilərin Bakıya gəlmələrinin əleyhinədirlər.
Bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağ erməniləri durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca, kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, enində-sonunda Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar".