|
|
|
|

Son günlər Ermənistanda revanşist və təcavüzkar ritorikanın artdığı müşahidə olunur. Buna paralel olaraq İrəvanın atdığı addımlar, hər vəchlə normallaşma prosesinə maneə törətməsi, sülh müqaviləsi imzalamaqdan boyun qaçırması qarşı tərəfin niyyətindən xəbər verir. Təbii ki, bu prosesdə Ermənistana dəstək verən Fransa kimi bəzi xarici güclər də az rol oynamırlar. Cənubi Qafqazda öz təsir dairəsini yaratmağa çalışan bu cür qüvvələr prosesin uzadılmasında, sülh sazişinin imzalanmamasında, gərginliyin qalmasında maraqlıdırlar. Ancaq Ermənistan hakimiyyəti anlamalıdır ki, birincisi, prosesi uzatmaqla nəyəsə nail ola bilməyəcək. Bu, ilk növbədə onun özünün ziyanına işləyir. Regiona nəhayət sülhün, barışın gəlməsi, qonşuluq prinsiplərinin bərqərar olması vacibdir. İkincisi, Azərbaycan daha 30 il qalan məsələlərin həllini tapmasını gözləməyəcək. Bakı bunu açıq bəyanatlarla dəfələrlə qarşı tərəfə çatdırıb. Və Ermənistandan fərqli olaraq Azərbaycan hansısa xarici qüvvənin marağı, təsiri altında deyil, müstəqil olaraq qərarlarını verir, addımlarını atır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü.
Sitat: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik".
Bu məsələdə beynəlxalq hüququn da Azərbaycan tərəfində olduğu göz önündədir. Ermənistan tərəfi 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirməkdən imtina edir, təxribatlara əl ataraq qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmır. Bu isə üçtərəfli sənədi pozmaqla yanaşı, regionda sabitliyə və təhlükəsizliyə birbaşa təhdiddir. Bir neçə gün əvvəl Azərbaycan Ordusunun Laçın yolunun şimalından keçən torpaq yollardan qeyri-qanuni istifadənin, separatçılar üçün Ermənistandan silah-sursat, digər hərbi təyinatlı yüklərin, canlı qüvvənin daşınmasının qarşısını almaq üçün keçirdiyi əməliyyat da bunun sübutudur.Təəssüf ki, bölgədə olan Rusiya sülhməramlı kontingenti bu cür əməllərin nəinki qarşısını alır, əksinə onlara dəstək verir. Bu qanunsuz hərəkətlər Azərbaycanın suveren ərazilərində baş verdiyi üçün dövlətimizin istənilən addımı atması onun hüququdur.
Azərbaycan müharibə bitdikdən sonra Qarabağda yaşayan ermənilərin reinteqrasiyası üçün də təşəbbüslə çıxış etdi. Belə ki, bu məqsədlə erməni nümayəndələri ilə görüş təklifi irəli sürüldü. Baxmayaraq ki, bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan, reinteqrasiyadan başqa çıxış yolu yoxdur, amma yenə də görüşdən, təmaslardan qaçırlar. Azərbaycan ərazisində yaşamaq istəyirlərsə, qeyd etdiyimiz prinsipləri qəbul etməlidirlər. Bunun alternativi isə Azərbaycan torpaqlarını tərk etməkdir. Üçüncü yol mövcud deyil. Yeri gəlmişkən rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən, Ermənistanla.
Prezidentdən sitat: "Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır".
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan tərəfi növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət etdi: "Lakin erməni tərəfi öz ənənəsinə sadiq qalaraq bu təklifi də cavabsız qoydu. Qarabağ separatçıları ötən dəfəki görüşdə humanitar aksiyanın dayandırılması və Qarabağın tərəf kimi qəbul edilməsi kimi absurd tələblər irəli sürdülər. Əlbəttə, bu, Azərbaycan üçün birmənalı olaraq qəbuledilməzdir. Azərbaycan belə bir şərti qəbul edə bilməz".
Deputatın sözlərinə görə, Bakının bu çağırışları onu göstərir ki, Azərbaycan öz mövqeyinə sadiq olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasına, eləcə də Qarabağda yaşayan ermənilərlə təmasların qurulmasına çalışır: "Yəni Azərbaycan normal münasibətin qurulması üçün üzərinə düşən işləri görür və addımları atır. Amma təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan tərəfi, eləcə də Qarabağdakı separatçılar bu çağırışlara reaksiya vermirlər və konstruktiv mövqe nümayiş etdirmirlər. Bu, özünü artıq bir neçə dəfədir açıq göstərir. Heç bir reaksiyanın verilməməsi, təxribatların törədilməsi də onu göstərir ki, Ermənistan tərəfi, eləcə də Qarabağ erməniləri münasibətlərin normallaşmasında maraqlı deyillər. Eyni zamanda bu, onların 44 günlük müharibədən ciddi nəticə çıxarmadığını açıq göstərir. Bu prosesdən ən çox əziyyət çəkən ermənilər olacaqlar. Onlar bu çağırışlara ciddi reaksiya verməlidirlər. Ermənistan eləcə də, Qarabağda yaşayan ermənilər birmənalı olaraq anlamalıdırlar ki, onların iki yolu var. Ya onlar Azərbaycanın idarəetməsini qəbul edib, reinteqrasiya olmalı, ya da bu ərazini tərk etməlidirlər. Burada başqa üçüncü yol yoxdur. Prezident İlham Əliyev bununla bağlı qəti mövqeyini artıq bir neçə dəfədir ki, açıqlayıb. Bu mövqe dəyişməzdir. Azərbaycan tez zamanda bölgəyə sülhün gəlməsində maraqlıdır. Bizim çox böyük planlarımız var bölgənin gələcəyi ilə bağlı. Təxribatlara son qoyulmalıdır. Proses uzun müddət belə davam edə bilməz".



