|
|
|
|

“Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatımızın mövqeyi” mövzusunda tədbir keçirilib.
Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
525.az xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra ölkəmizin hər yerində 2023-cü ilin “Heydər Əliyev İli" olması münasibətilə Ümummilli liderin anım tədbirlərinə start verilmişdir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı da tədbirlər planında nəzərdə tutulduğu kimi 5 aprel 2023-cü il tarixində Kürdəmir şəhər 1 saylı tam orta məktbində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatımızın mövqeyi” mövzusunda elmi-ədəbi tədbir keçirilmişdir. Tədbir Ulu Öndərin əziz xatirəsinin və vətənimiz Azərbaycanın azadlığı, bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğulların müqəddəs ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı.
Tədbiri giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti” mövzusunda məruzə etmişdir. Natiq məruzəsində görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanlarının çox geniş anlayış olmasından, onun dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimi olmasından, dünyagörüşünün formalaşmasında ədəbiyyat amilinin xüsusi yer tutmasından, hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənməsindən bəhs etmişdir.
Muzeyin əməkdaşı Ülviyyə Yusifova “Ədəbiyyatımıza Heydər Əliyev qayğısı” mövzusunda çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verməsindən, istər ədəbiyyat, istər teatr və kino sənəti, musiqi və rəssamlıq sahələrinə məhz dövlətçilik mənafeləri baxımından yanaşmasından danışdı.
Yazıçı-publisist Əlisəfa Azayev çıxış edərək Ulu öndərin zəngin və çoxşaxəlı irsinin indiki və gələcək nəsillərə əmanəti, xalqımızın milli sərvəti olmasından bəhs edərək, bu müqəddəs mirası qoruyub saxlamağı hər bir azərbaycanlının vəzifə borcu kimi qəbul edilməsini vurğuladı və Heydər Əliyev irsinin öyrənilməsində bu kimi tədbirlərin böyük əhəmiyyətini qeyd etdi.
Kürdəmir rayon İH Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Ümummilli liderimizin milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən, azərbaycançılıq ideyalarından bəhs etdi.
Tədbirdə H.Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən videoçarxlar, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Akademik Rafael Hüseynovun “Şah əsər – Azərbaycan” albomundan mahnılar nümayiş etdirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Yadigar Təvəkkül, Tənzilə Əliyeva H.Əliyevə həsr etdikləri şeirlərini tədbir iştirakçılarına çatdırdılar.
Tədbirdə şagirdlərin də ifasında Ümummilli liderə həsr olunmuş şeirlər səsləndirildi.







