|
|
|
|
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iyulun 10-da 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında digər sahələrlə yanaşı, ordu quruculuğuna da xüsusi diqqət yetirilib. Dövlət başçısı ordu quruculuğu prosesinin uğurla getdiyini, orduda islahatların dərinləşdiyini, nizam-intizamın artdığını vurğulayıb. Prezident Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu bildirib. Dağlıq Qarabağ münaqişəsinə də toxunan prezident deyib: "Ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər".
Politoloq Elman Nəsirli hesab edir ki, dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası xüsusi əhəmiyyətə malik idi. Onun sözlərinə görə, ölkə başçısı bu müşavirədə 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafından razılığını bildirdi və qeyd etdi ki, ümumi iqtisadi inkişaf 3,1 faiz təşkil edir: "Ən mühüm hadisə kimi isə dövlət başçısı qeyri-neft sektorundakı inkişafı qeyd etdi. Bu sahədə artıq 7 faizlik iqtisadi artım tempi qeydə alınıb. Bütövlükdə bu inkişaf nəticəsində Azərbaycanın valyuta ehtiyatlarının 54 milyard dollara çatdığı xüsusi olaraq diqqətə çatdırıldı. Ölkə başçısı hər zaman olduğu kimi, tək iqtisadi məsələlərə deyil, eləcə də hərbi təhlükəsizlik, ərazi bütövlüyü ilə bağlı məsələləri də gündəmdə saxladı. Xüsusilə də ölkə rəhbəri ölkəmizin hərbi gücü ilə bağlı məsələlər haqqında öz fikirlərini bildirdi. Cənab prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə hərbi sahəyə diqqət hər zaman mövcuddur".
E.Nəsirli bildirib ki, Azərbaycanın hərbi gücü, potensialı artdıqca, bu nəticə etibarilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərir: "Prezident çıxışında xüsusilə onu qeyd etdi ki, bu günkü dünyada beynəlxalq hüquq işləmir əksinə güc faktoru əsas faktora çevrilib. Həqiqətən son günlər Azərbaycanda aparılan hərbi təlimlər onu göstərir ki, Azərbaycan ordusu kifayət qədər güclüdür və regionda olduqca güclü orduya çevrilib. Təbii ki, cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni də diqqət mərkəzində saxladı. O, dəfələrlə qeyd edib ki, münaqişə yalnız beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır".
Politoloq hazırda Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən iki dəfə çox olduğunu söyləyib: "Ermənistan rəhbərliyi açıq şəkildə Azərbaycanın hərbi qüdrətinin artmasından böyük narahatçılıq hissi keçirdiyini bəyan edir. Bunun özü göstərir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın tutduğu mövqe doğrudur. Bu gün Ermənistan müxtəlif təxribatlara əl atır, dinc vətəndaşlarımızı öldürür, girov götürür. Amma anlayır ki, öz qoşunlarını işğal olunmuş torpaqlarımızdan çıxarmaqdan başqa çıxış yolu yoxdur. Hesab edirəm ki, Azərbaycanın yeritdiyi siyasət Dağlıq Qarabağ probleminin həlinin çox da uzaqda olmayan bir dövrdə həllinə gətirib çıxaracaq".
Millət vəkili Fəzail İbrahimli isə deyib ki, Nazirlər Kabinetinin iclası dövlətin apardığı ümumi siyasi proseslərin tərkib hissəsidir: "Mütəmadi olaraq altı aydan bir Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yığışır və görülmüş işlərin yekunları müzakirə edilir, qarşıda duran vəzifələr müəyyən olunur. Hansı sahələrdə nə kimi tədbirlərin görülməsi istiqamətində müzakirələr aparılır, atılacaq addımlar müəyyən edilir".
Millət vəkilinin fikrincə, dövlətin qəbul olunmuş strateji kursunun taktiki addımlarını reallaşdırmaq üçün proqram müəyyən edilir: "Məhz bu müşavirə də həmin xarakterli tədbirdir. Yəni ayrı-ayrı sahələr üzrə nazirlərin çıxışları, atılan addımlar və həyata keçirilən islahatlar kifayət qədər ciddi şəkildə təhlil edildi. Prezident İlham Əliyev ümumi altı aylıq əldə olunan nailiyyətlərə yekun vurdu və qarşıda duran vəzifələri müəyyən etdi. Strateji kursumuzun tərkib hissəsinə layiq olan ümumi strateji kursumuzu reallaşdırmaq üçün addımlar müəyyənləşdirildi".
Pərvanə



