O, səksən illik ömür yaşadı, 83 yaşına çata bilmədi. Niyə 85, 90, 95 deyil, 83 yazmağımın səbəbi var. El bayatısı "İl var bir günə dəyməz, gün var min aya dəyər" söyləyir. 1000 ay 83 ildən bir az çox edir. Hər insanın ömründə min aya bərabər tutula bilən bütöv bir ömür uzunluqlu sanıla biləcək günlər olur. Onunsa ömründə belə günlər bir yox, iki yox, onlarla oldu. Elə bu məziyyəti ilə də o, bənzərsiz, nadir bir insandır.
Onun min aya bərabər günlərinin hərəsi bir kitablıq hekayətdir və o hekayətlərin hər biri də yalnız şəxsən onun özünün deyil, elə Azərbaycanın da ömürnaməsinin az bilinən, söylənməsə, yazılmasa, vaxt ötdükcə unudulası, yaddaşın alt qatına çökəsi səhifələridir. Bir insanın da, bir millətin də, bir yurdun da çöhrəsi isə onun tale kitabındakı bütün səhifələrin bilinməsi ilə alatorandan aydınlığa çıxır, hər cizgisi ilə aşkar görünür.
Onun həyat dəftərindəki bu gün heç min aya bərabər tutulası günlərdən də deyil. Zahirən növbəti gərgin iş günlərindən biridir. Ancaq həmin günün, heç bütöv günün də yox, həmin günün bir neçə saatının aynası olan vərəqlər dil açıb söyləyir ki, onun həyatının nəinki xüsusilə seçilən müəyyən günləri, lap elə sıradan olan iş həyatının adi saatları da mahiyyəti ilə Azərbaycan saatlarıymış. Çünki həmin dəqiqələrdə xalqın da, yurdun da, dövlətin də elə taleyüklü məsələlərinə baxılır və qərarlar qəbul edilirmiş ki, (qərarların qəbulunda da son söz onunku idi) bir çoxunun əks-sədası indiyə də çatır, hələ lap uzaq sabahlara da yetişəcək.
Hər şey bir iclas otağının divarları arasında baş verib, vaxt keçdikcə onların yaşantıları, həyəcanları, kədər və sevincləri səngiyib, o tarix səhnələrinin iştirakçısı olanlar bir-bir həyatdan gedib və qalıb həmin dəmlərin vərəqlərə köçən izləri. Onlara da kim baxa, kim baxmaya. Heç həmin arxivlər hər kəs üçün açıq da deyil. Üstəlik, burası da var ki, o sənədləri qaldıranlar vərəqlərdəki tarixçələrə, həmin tarixçələrdəki hadisələrə və insanlara hansı gözlə baxacaq, nə dərəcədə doğruçu, nə qədər adil olacaq və gördüklərini də öz insafı, mənəviyyatı, miqyası və bilgilərinə uyğun nə sayaq yozacaq.
Bildiyim və inandığım bir həqiqət var ki, necə göstərirsənsə, özün də o cür görünürsən. Elə zənn edə bilərsən ki, səni kimsə görmür, göz qabağında olan barəsində yazdıqlarındır. Yanılırsan, sən onlardan da əvvəl görünürsən.
Olanları olduğu kimi yazmağı borc bilirəm, çünki əyib yazanlar və yozanlar olub, var, yenə olacaq. Tarixlə davranışlardasa özbaşınalıq yaramaz!
1972-ci il may ayının 5-idir. Bir bayram bitib, başqa bayram yaxınlaşır. Həm də o vaxtlardır ki, mayın 1-i ilə 2-si də, 9 may da ən əziz, hamıya fərəh bağışlayan günlər kimi keçir. Sovet təqvimində kütləvi qeyd edilən başqa ənənəvi bayramlar vardısa da, onların arasında bu ikisi xalqa daha yaxın olanları idi. Bayram aralığındakı həmin Büro iclasına da, belə hiss olunur ki, təxminən hamı xoş ovqatda gəlibmiş. Çünki bu Büro iclasının stenoqramını digərləri ilə tutuşduranda daha yumşaq ahəngi hiss etməmək mümkün deyil.
Amma Heydər Əliyev orada idisə, demək, tənqid də vardı, sərtlik də vardı, lap bu bayramlar aralığındakı toplantıdan da təzyiqi yüksəlmiş, şəkəri qalxmış, ürəyi sancılı ayrılanlar da.
O çağlar idi ki, respublikaya yenicə rəhbərliyə başlamış Heydər Əliyevin sədası nəinki Azərbaycandan, lap SSRİ-dən də kənarlara sıçramışdı, onun korrupsiya ilə amansız mübarizə fəaliyyəti, hay-küylü ifşa və həbslərindən hamı danışır, müzakirələr aparırdı. Elə nisbətən sakit ab-havalı bu iclasda da həmin qəbildən olan bir məsələni də müzakirəyə çıxaracaqdı.
Təbii ki, köhnə çekist Heydər Əliyev korrupsiya hallarının ifşası məsələsində ən çox əvvəlki iş yerindən - DTK-dan gələn müfəssəl arayışlara arxalanırdı.
Və budəfəki Büroya çıxarılacaq məsələlərlə bağlı ayrıca qovluqda toplanmış sənədlər arasında komitə sədri Vitali Krasilnikovun hələ 1970-ci ilin 10 fevralında imzalayıb təqdim etdiyi müfəssəl arayış da yer alırdı. Bu arayış "1001 xırdavat" mağazasında işləmiş, camaat arasında və cinayət aləmində "Paçkabasan Əliəvəz" ləqəbi ilə tanınan Əliabbas Ağayev haqqında idi. İşdən xaric edildiyinə görə 1969-cu ilin sentyabrında Bakı şəhər təsərrüfatı mədəni malların satışı Baş İdarəsinin rəisini bıçaqlayan bu adam qızıl və valyuta satışı ilə məşğul imiş, əvvəllər də belə işdəklərinə görə bir neçə dəfə məsuliyyətə cəlb edilibmiş. Yaxşı, valyutaçı cani hara, Mərkəzi Komitənin Bürosu hara?
Bu adı Büro iclasına gətirib çıxaran onun arxaları, oturub-durduğu yüksək vəzifəli adamlar idi, yəni o, sadəcə bu gün müzakirə edilən məsələdə vasitə, fon idi. Sən demə, Bakıda və Moskvada cinayətkar mühitdə sıx və geniş əlaqələri olan 46 yaşlı Əliabbas Ağayev respublika Baş prokurorunun müavini Qüdrət Qafarovla simsar, hətta lap ailəvi yaxın münasibətdə imiş, belə bir mötəbər dayağı olduğundan Paçkabasanın əl-ayağı da əməlli-başlı açılıbmış, arxayınca istədiyini edirmiş. Söz yox, əl əli yuyar, əl də üzü. Üzünü lap yaxşı yuya bilməsi üçün Əliabbas Ağayev Baş prokuror müavinini özükiminin biri ilə də culaşdırıbmış. Baş prokuror müavininin çətiri altına girən bu təzə tanış - Sonya Bikulovanın atası da valyuta alverçisi olmuşdu, elə həmin səbəblə də güllələnmə cəzası almışdı, anası da həmin yuvanın quşlarından idi, ailə ənənəsinə müvafiq olaraq dəfələrlə yatıb-çıxmışdı. DTK-nın təqdim etdiyi arayışda Baş prokuror müavininin Əliabbasla birgə həmin Bikulovanın mənzilindəki yemək-içmək məclisləri və ev alış-verişindən tutmuş digər sövdələşmələrə qədər yerli-yataqlı soraqlar vardı. Əliabbasın gücü çatan iş belə bir adamı Baş prokuror müavininə culaşdırmaqdı, Baş prokuror müavininin də imkanı yetən bu idi ki, Paçkabasanla SSRİ Baş Prokurorluğu mərkəzi aparatında işləyən Sergey Kavalixinin arasını düzəltmişdi.
Təhqiqatı aparan DTK görəndə ki, Əliabbas Ağayev işinə Bakıda deyil, Moskvada, SSRİ Baş Prokurorluğunda baxılmasında canfəşanlıqla çox təkid edir, şübhələnmişdilər, başlamışdılar bir az da dərin qazmağa və belə-belə şübhəli əlaqələrin varlığı pırtlayıb çıxmışdı ortalığa.
DTK-nın arayışında bu məlumat da vardı ki, artıq Moskvada, Baş Prokurorluqdakı həmin Kavalixin Əliabbas Ağayevin həbsi ilə əlaqədar bərk narahatlıq keçirir. Keçirməli idi də. Çünki ona xəbər çatmışdısa ki, dostunun işi ilə artıq Daxili İşlər Nazirliyi yox, Dövlət Təhlükəsizlik Komitəsi məşğuldur, bir peşəkar kimi anlayırdı ki, deməli, valyuta və qızıl qaçaqmalçılığı məsələsi qurdalanır. Onun da, Bakıdakı Baş prokuror müavininin də, Oktyabr (indiki Yasamal) rayonu prokuroru Cəfərovun da və yəqin, eşələdikcə üzə çıxacaq daha neçə yüksək vəzifə sahibinin də Əliabbas Ağayevlə xoş münasibətləri elə yığdıqları rüşvəti qızıllaşdırmaq, dollarlaşdırmaq xatirinə idi.
Heydər Əliyev elə Büro iclasındaca Baş prokuror müavini Qüdrət Qafarovun bu sifətlə daha bu vəzifədə qala bilməyəcəyini elan edir.
Onların başına daha sonra nələr gələcək (əlbəttə ki, başlarına yalnız tük gəlməyəcək), bununla işim yoxdur, bəhs ediləsi daha vacib mətləblərimiz var. Büro iclası davam edir...
Xoşagəlməz hadisənin ardınca cana yağ kimi yayılan bir müjdənin müzakirəsinə keçirlər. Şad xəbər, yenilik də ondan ibarət idi ki, bitmiş ilin sonlarında Azərbaycan balet ustaları Fransada uzunmüddətli qastrol səfərində olmuşdular və bu, bütün sovet tarixi içərisində Azərbaycan incəsənətinin belə uzun müddətdə və bu miqyasda xaricə ilk çıxışı idi. Bu qastrol səfəri mədəniyyət hadisəsi olmaq çərçivəsini adlayaraq ciddi siyasi çəki kəsb etmiş, Azərbaycan Respublikasının da, xalqımızın da beynəlxalq aləmdə daha yaxşı tanınmasına misilsiz töhfəyə çevrilmişdi. Ancaq bu qədər azərbaycanlının Parisə, VII Beynəlxalq Rəqs Festivalına yola düşməsinə səbəb Moskva olmamışdı. Seçim fransızların özlərininki idi. SSRİ paytaxtından başlayaraq bir neçə müttəfiq respublikanı da dolaşmış, axtardıqlarını Bakıda tapandan sonra (gələnlərə həcmcə böyük olmayan balet nümunələri lazımmış və Tofiq Bakıxanov da o ərəfədə "Xəzər balladası" baletini yenicə tamamlayıbmış. Tofiq müəllim xatırlayır ki, əcnəbi münsifləri elə ilk eşidilişdən baletin musiqisi də, mövzusu da çox tutur, tərəddüdsüz qərarlarını elan edirlər ki, Paris festivalının tələblərinə uyğun gələn və bizə gərək olan məhz bu əsərdir, daha sonra isə sıraya Fərəc Qarayevin "Qobustan kölgələri" və Rauf Hacıyevin "Azərbaycan süitası" da əlavə edilir) qastrola məhz Azərbaycan sənətkarlarının gəlməsində israrlı olduqlarını Moskvaya bəyan etmişdilər.
Bu qastrola gedənlərin hər birinin ömründə başdan-başa bir macəra səfəri kimi qalacaq həmin Paris yolçuluğu haqqında mən ilk dəfə hələ məktəbliykən, yəqin ki, həmin siyahıya atasının dostu, o vaxtlar ideologiya üzrə Mərkəzi Komitə katibi işləyən Cəfər Cəfərovun xeyirxah təqdimatı ilə daxil edilmiş Anarın 1970-ci ildə "Qobustan"da dərc edilmiş "Gəzməyə qürbət ölkə" yazısından agah olmuşdum (Onillər sonrasa həmin səyahətin necə baş tutmasından nə təhər başa çatmasınacan bütün incəlikləriylə mənə əsas səbəbkar Tofiq Bakıxanov söhbət açdı, mən də bunu ayrıca yazdım).
Hələliksə 1970-ci il mayın 5-i idi. Heydər Əliyev mədəniyyət naziri Rauf Hacıyevin Azərbaycan baletinin Paris səfəri haqda hesabat səciyyəli arayışını məmnunluqla oxuyurdu: "1969-cu il noyabrın 29-dan 1970-ci il yanvarın 2-dək Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrının 60 nəfərdən ibarət heyəti Fransada qastrol səfərində olub və Parisdə Sovet İttifaqının xoreoqrafiya sənətinin təmsilçisi olaraq VII Beynəlxalq Rəqs festivalında iştirak edib. İlk tamaşa 1969-cu il dekabrın 1-də göstərildi. Bizim yeni baletlərin nümayişi görünməmiş uğurla keçdi. Tamaşanın sonunda zalın heyran reaksiyası son həddə çatmışdı. Alqışlaya-alqışlaya "Afərin!", "Bravo!", "Bis!" deyə səslənirdilər. Xeyli gec saat olmasına baxmayaraq, tamaşaçılar dağılışmağa tələsmirdilər, bizim balet truppasına ayaq üstə əl çalırdılar. Tamaşanın quruluşçuları Rəfiqə Məmmədovayla Maqsud Məmmədov dəfələrlə səhnəyə çıxaraq təzim etməli oldular. Səhnə arxasında bizi həmkarlarımız - cənab Soriya, Jan Roben, Yuli Alqarov, Serj Lifar, Paris Qrand Operasının ulduzları Kristin Vladi, Atillo Labis, Mişel Reno və bir çox başqaları artistlərimizin əllərini sıxır, hər biri özünəməxsus tərzdə "Triumf!" - "Zəfər!" deyirdi. Həqiqətən, bu, çox böyük nailiyyət idi. Ancaq məsələ yalnız bizim rəqs sənətimizdə deyil. Nəsə daha ciddi və böyük olan hadisə baş verirdi. Fransadakı SSRİ səfiri Valerian Aleksandroviç Zorin çox doğru dedi ki, artistlərimiz bir çox parislilərə Azərbaycanı açdılar, indiyədək bu diyar haqqında eşitməyənlər də xəritədə Bakını axtardılar, Bakı, Azərbaycan haqqında nəsə öyrənməkçün ensiklopediyaları və məlumat kitablarını vərəqlədilər. Yeri gəlmişkən, o kitablardakı məlumatların da çoxu köhnəlmiş, inqilabdan əvvəlki dövrə aid idi, geridə qalmış bir Asiya xalqından, şəriət qaydalarının məhkum etdiyi müsəlman qadınlarından bəhs edirdi. O məqam idi ki, çıxışlarımızın heyrətli dərəcədə güclü təbliğati nəticəsini görürdük. Bəlkə də Azərbaycan haqqındakı həqiqətləri ifadə edən onlarla kitab incəsənətimizin ifaçılarının canlı olaraq göstərdiyi həqiqətən belə kütləvi və güclü təsiri buraxa bilməzdi. Sonrakı tamaşalar bundan da artıq müvəffəqiyyətlə keçdi. Ümumən festivalın vahid proqramı üzrə 5 tamaşa oynandı. Azərbaycan baletinin çıxış etdiyi günlərdə fransız qəzetləri balet truppasına və göstərilən proqrama yüksək qiymət verən resenziyalar dərc edirdi. Dekabrın 12-də çıxan "Komba" qəzeti qızlarımızın qıvraqlığı, incəliyi və sonsuz zərifliyindən bəhs edirdi. Dekabrın 1-də çıxan "Oror" qəzeti isə yazırdı: "Bakı Operasının baleti öz gəncliyi, yaxşı rəqs etmək şövqü ilə rəğbət oyadır". Dekabrın 2-sinin "Frans-Suar" qəzeti isə qeyd edirdi: "Kibrit alışanda necə gur yanırsa, dünən "Şan Zelize" - "Yelisey Çölləri" teatrının zalı da baletin nümayişi əsnasında eyni cür işıq saçırdı". 1969-cu il dekabrın 3-də çıxan "Fiqaro" isə heyranlığı bu sözlərlə bildirirdi: "Biz artıq bilirik Bakıda necə rəqs edirlər. Yeddinci rəqs festivalına dəvət edilən bu sovet sənaye şəhərinin baleti bizim yaddaşımızda peşəkar məsuliyyətin və təvazökarlığın örnəyi kimi qalacaq". Paris Şurasının sədri Etyen de Verikur Azərbaycanın mədəniyyət nazirinə ünvanladığı məktubunda yazırdı: "Siz Parisi tərk etməzdən öncə Paris Şurası adından rəqs festivalı günlərində Bakının balet truppasının göstərdiyi tamaşaların bizə necə nəhayətsiz zövq bağışladığını etiraf etmək istəyirəm. Ümid edirəm ki, heyran Paris yaxın gələcəkdə sizin rəqqasları alqışları ilə mükafatlandırmaq imkanı qazanacaqdır".
"1969-cu il dekabrın 7-də truppamız Fr
ansa boyu, ardınca Lüksemburq və Monakoya səfərə çıxdı, 2000 kilometrdən artıq məsafə qət edərək 19 tamaşa göstərdik. Tamaşalar göstərdiyimiz teatrların zalları, idman sarayları hər dəfə ağzınacan dolu olurdu. 24 dekabrda Monte-Karloya qastrollarımız başladı, orada da 3 proqramla çıxış etdik. Yüksək qiymətlərə baxmayaraq, bütün tamaşalarımıza bilet tapmaq çətin idi". (Bunlar Azərbaycan incəsənətinin bir tarixi zəfəri haqda mötəbər canlı şahidin bildirdikləridir ki, vaxtilə Mərkəzi Komitəyə təqdim olunan arayışda əksini tapıb və illərdir ki, kimsəyə eşidilmədən, görünmədən arxivdə uyuyur. Ona görə də həmin iqtibası belə səxavətlə gətirməkdən vaz keçə bilmirəm. Sənət tariximizə aid bu diqqətəlayiq sənəd də həmişə mədəniyyətimizin qayğıkeşi olmuş Heydər Əliyevin adının işığında üzə çıxaraq dövriyyəyə qatılır).
Heydər Əliyevin mənim qəlbimə çox yatan bir "zəifliyi" vardı. Onda ömrü boyu Azərbaycanın, azərbaycanlıların böyüklüyünü və parlaqlığını göstərən hər hadisəyə münasibətdə özünəməxsus bir şöhrətpərəstlik vardı. Vətənçi, xalqçı şöhrətpərəstlik. Məhz o duyğu həmişə içərisində oyaq olduğundan belə şöhrətlərin gəlməsi və bol olması üçün aça bildiyi bütün qapıları həmişə taybatay etdi!
Təbii ki, o günədək - Büro iclasının baş tutduğu mayın 5-dək də balet truppamızın Fransadakı hünəri haqda bilgisi vardı, amma bu gün həmin sənət təntənəsinin qürurverici ayrıntıları bütünlüyüylə açıqlanırdı, əlbəttə ki, köksü qabarırdı. Di gəl, onun digər sabit peşəkar vərdişi də vardı: "Gözəl olan hər şeyə görə sağ olun, bəs çatışmayan nə idi, bu səfər hansı əyər-əskiyimizi üzə çıxardı?"
İş ondadır ki, Azərbaycan baleti nə qədər səy göstərsə də, istedadla, ilhamla çıxış etsə də, hələ bizim dünya tamaşaçısı qarşısına çıxara biləcəyimiz kamil balet cütlüyümüz yox idi. Ona görə də Moskvadan - "Bolşoy teatr"dan Nina Sorokina və Yuri Vladimirovu (onlar ər-arvad, həm də səhnədə daimi tərəfdaş idilər və Sovet İttifaqından kənarlarda da ən güclü balet cütlüklərindən biri kimi qəbul edilirdilər. Sonralar hər ikisi SSRİ Xalq artisti adına layiq görüldü - R.H.), Leninqrad Opera və Balet Teatrından Nataliya Makarova (elə 1970-ci ildəcə bu istedadlı xanım xaricə növbəti səfərindən sonra SSRİ-yə geri dönməkdən imtina etdi, tezliklə Nyu-Yorkdakı Amerika Balet Teatrının və Londondakı Kral Teatrının prima-balerinası oldu, dünyanın məşhur opera-balet teatrı səhnələrinin ən arzulanan ulduzuna çevrildi. Yəni Fransa qastroluna çıxan Azərbaycan dəstəsinə cəlb edilənlər bu parlaqlıqlı sənətçilər idilər - R.H.) və Sergey Vikulovu (o da sonralar SSRİ Xalq artisti oldu. Elə o vaxt da gənc olmasına baxmayaraq, bu dörd nəfərin içərisində dünyada tanınması və şöhrəti baxımından irəlidə idi, hələ 5 il əvvəl Balet Artistlərinin Beynəlxalq Varna müsabiqəsində birinci mükafatı qazanmışdı - R.H.) bizim səfərə çıxan truppaya qoşmuşdular.
Həmin Büro iclasında Fransadakı balet zəfərinin müəlliflərinin əksərinin fəxri adlara layiq görülməsi, təltif edilməsi qərara alınır. Ancaq Heydər Əliyev o gün gələcəyə hesablanmış və baletimizin sabahkı yüksəlişlərinin təməlinə çevriləcək başqa önəmli qərarlar da qəbul edir. Qət edilir ki, konservatoriyada xoreoqrafiya kafedrası yaradılsın, baletə kütləvilik verilməsi, bu sahəyə Azərbaycanın müxtəlif bölgələrindən olanları da cəlb etməyə münbit şərait əmələ gəlməsindən ötrü Bakı xoreoqrafiya məktəbi nəzdində pansionat açılsın, orada yeni xalq rəqsi bölməsi təsis edilsin və bununçün də müstəqil bina ayrılsın. Bu da qərara alınır ki, peşəkarlıq səviyyəsinin və ifa ustalığının artırılması məqsədilə bundan sonra müəllimlər, baletmeysterlər, balet artistləri mütəmadi olaraq Moskva və Leninqradın teatrları və xoreoqrafiya məktəblərinə təcrübələnməyə göndərilsinlər.
...Heydər Əliyev respublikaya rəhbərliyə başladığı ilk həftələr və aylardan üzü mətbuat sarı olmuşdu və bu şakəri axıracan da onu tərk etmədi. O, mətbuatın hansı güc olduğunu yaxşı bilirdi və respublikada mətbuatın məhz özünün arzuladığı, dövlət işində arxalana biləcəyi səviyyəli gücə çevrilməsi üçün bu sahədən diqqətini heç vaxt əsirgəmədi.
Yolunun başlanğıcındakı az qala hər Büro iclasında və plenumda mətbuatla, radio-televiziyayla bağlı mühüm bir məsələ hökmən yer alır. Elə bu dəfə də - 1970-ci il mayın 5-dəki Büroda da 2 məsələ var. Biri zahirən xüsusi ciddiyyəti olmayan (amma Büro, ölkə rəhbərliyi yüksəkliyində baxılırsa, demək, adi sayılmır), sanki keçəri məsələlərdəndir və tezcə də təsdiqləyib üstündən ötürlər. Amma indi, illər ayrılığından sonra, başqa bir epoxanın içərisində 78 nəfərlik bir siyahını nəzərdən keçirirkən mətbuatımızın taleyi və gələcəyi ilə bağlı çox düşüncələr oyanır. Altında Heydər Əliyevin imzası olan bu qərar rayon qəzetlərinin redaktor müavinlərinin və çoxtirajlıların redaktorlarının 10 gün sonra daimi fəaliyyət göstərən təkmilləşdirmə kurslarına göndərilməsi haqqında idi.
İndi bunca geniş imkanlar ola-ola, şərait yaradıla-yaradıla Azərbaycan mətbuatının peşəkarlıq baxımından hər zaman olduğundan xeyli aşağı düşmüş acınacaqlı vəziyyəti ilə xəyalən o siyahını yanaşı qoyuram.
1930-cu illərdən başlayaraq Azərbaycan rayonlarında həftədə 3 dəfə yerli qəzetlər buraxılırdı. Hər rayonun da o qəzetləri çap edən öz mətbəəsi vardı. 1960-70-ci illərdə həmin qəzetlər, müşahidəmcə, ən yüksək inkişaf həddinə çatmışdı, aralarında elələri vardı ki, yazılarının, ayrı-ayrı əməkdaşları və müxbirlərinin sanbalı ilə mərkəzi qəzetlərdən heç də geri qalmırdı. Qaldırın, baxın, o qəzetlərin hər biri indi Azərbaycan rayonlarının etibarlı salnaməsidir. Qurtardı o ənənə, daha yoxdur. Rayon qəzetləri sözdə guya yenə var, amma elə gözdən pərdə asmaqçün ayda bir dəfə çıxan qəzetə qəzet deyilməz ki! Həmin təkmilləşdirmə kursları ki müxtəlif rayonlardan qəzet rəhbərlərini ətrafına toplayırdı, həm onlar üçün istirahət, paytaxtı asudə gəzib-dolanmaq imkanı, yəni bir növ onlara verilən mükafat, digər tərəfdən respublikanın aparıcı jurnalistləri və mətbuat işçilərindən yeni təcrübələr əldə etmək fürsəti, həm də bir-birlərini tanımaq, dostluq və yaradıcılıq əlaqələri qurmaqçün girəvə idi. Daha vacibi isə respublika ərazisindəki mətbuatı koordinə etmək, bölgələrdəki jurnalistikamızın səviyyəcə paytaxtdakına daha uyğun olması səmtində çalışmaq idi. Bu da ona gətirib çıxarırdı ki, həmin qəzetlərdə yetişən və o qəzetlərlə bölgədə əməkdaşlıq edərək səviyyələnən neçə cavan qələm sahibi sonra respublika radiosu və televiziyasında, mərkəzi qəzet və jurnallarda yerini tapırdı. Yəni o qəzetlər - həm rayondakılar, həm də ali məktəb və müəssisələrdəki çoxtirajlılar, bir növ, mətbuatımız, jurnalistikamız üçün kadr hazırlığı mənbəyi idi. Rayonlarda mütəmadi oxunan qəzetlər həm də əhalini mütaliəyə bağlı, dilimizin dil və üslub qaydalarına daha həmahəng edirdi. İndi camaatımızın, illah da gənclərin öz ana dilində yazı, fikir ifadə etməsinin nə kökdə olmasını görüb pərişan olmaqçün sosial şəbəkələrə elə gözucu baxmanız yetər.
...O gün - Büronun 5 may iclasında ətraflı fikir mübadilələrinə bais olan digər mövzu da birbaşa mətbuatla bağlı idi. "Kommunist" qəzeti tənqidi məqalələr dərc etmişdi və məsələnin gündəliyə salınmasında da məqsəd o yazılarla bağlı tədbirlər görmək idi. Məqalənin əsas tənqid hədəfi isə birbaşa Zərdab rayonunun rəhbərləri - birinci katib və icraiyyə komitəsinin sədri idi.
Bu müzakirə ilə də əslində Azərbaycan dövlətçiliyində yeni bir təmayülün əsası qoyulurdu - mətbuatın respublika idarəçiliyinə fəal şəkildə cəlb edilməsi ənənəsinin.
Məsələ ilə bağlı əvvəlcədən qərar layihəsi də hazırlanıb. Çünki mahiyyət bəlli idi, bu müzakirələr sadəcə müəyyən təfərrüatları dəqiqləşdirməyə gətirib çıxaracaqdı. Layihədə nəzərdə tutulurdu ki, rayonun birinci katibi də, icraiyyə komitəsinin sədri də işdən kənarlaşdırılsın.
"Zərdabdan məktublar" adlı həmin məqalələr silsiləsinin sorağı ilə köhnə "Kommunist" qəzetlərini açıram. Qəzetin xüsusi müxbirləri Tofiq Həsənov və Sadıq Qarayevin imzası ilə dalbadal 3 gün - 1969-cu il oktyabrın 17, 18, 19-unda çıxmış "Dərin iz", "Adamlar əməli işdə yoxlanılmır" və "Rəhbər işçi tərbiyəçidir" adlı həmin məqalələrin vaxtında necə gur əks-səda oyatdığını mənə "Kommunist"in ovaxtkı digər iti qələmli və özü də belə ötkəm məqalələrdən az yazmamış Əli İldırımoğlu danışırdı. Bu sərt məqalələr sırasının ortaya çıxmasının təkan nöqtəsi də elə Heydər Əliyevin respublikaya rəhbərliyə başlayandan lap az sonra - 1969-cu ilin avqust plenumunda kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsinə diqqətin artırılması mövzusunda çağırış səciyyəli məruzəsi olmuşdu. Bu yazılar o çağırışa ilk və ən sərrast, həm də kifayət qədər əsaslandırılmış, sərtliyinə görə də çox alışılmamış cavablardan idi. Həm də bunlar adi təsviri məqalələr deyildi. Bir rayonun həyatı, idarəediciliyi, insan münasibətləri haqqında müfəssəl araşdırma idi, jurnalist tədqiqatından daha artıq istintaqçı təhqiqatına oxşayırdı. Tapdıqları hər izlə nöqsanların dibinədək getmişdilər. Tutalım, rayon partiya komitəsi birinci katibinin yararsız kadr siyasətinin isbatı üçün göstərdikləri nümunə elə bərbad mənzərəni aşkarlayırdı ki, girdaba düşmüş Zərdabın bu kor-kor, gör-gör miskin vəziyyətini elə bircə abzasın sayəsində göz önünə gətirməmək olmurdu. "Rayon kommunal təsərrüfatı şöbəsinin müdiri haqqında Zərdabda belə bir zərbülməsəl dolaşır ki, onu dəyirmanın bu başından ölü salsan, o başından diri çıxar. Bu sözlər təsadüfi deyil. Doğrudan da Şahgəldi hansı vəzifələrdə olmamışdır: ZAQS müdiri, evlər idarəsi müdiri, kargüzar, pasport stolu rəisi, səhiyyə idarəsində təsərrüfat müdiri, avtomobil müfəttişi, sahə müvəkkili, arxivçi və sair". Ardınca həmin adamın məhkumluqlarının siyahısını verirlər. Yalan olmasın, az qala Cinayət Məcəlləsinin bütün maddələrini dişinə vurub. Bütün bu həngamələrdən sonra müxbirlər onun haqqında birinci katibdən rəy soruşurlar, qayıdır ki, çox layiqli təşkilatçıdır.
Və o müəlliflərin ikisi də adları jurnalistika tariximizdə qalan qələm sahibləridir. Həmin məqalə dərc edilənədək müəlliflərdən biri - Tofiq Həsənov bu təhər kəskin tənqidi yazılarına görə artıq bir dəfə zərbə yemişdi. Haqqında yazdığı adamlar zorlu çıxmışdı, nail olmuşdular ki, ipə-sapa yatmayan dikbaş müxbirin dərsi verilsin. Özü də necə - Tofiq Həsənovu partiyadan çıxarmışlar. Bir jurnalist üçün ölüm hökmünə bərabər cəza! Ancaq Tofiq sınmamışdı, susmamışdı, müraciətlər etmişdi və çox keçmədən - 1964-cü ildə Moskva onu kommunist partiyasındakı üzvlüyünə bərpa etmişdi. Oğlu - atası kimi həyatını mətbuatla bağlamış, artıq təqaüddə olan Əlibəy Həsənov Heydər Əliyevi minnətdarlıqla anır: "Atamı barışmaz yazılarına görə sonrakı dövrdə də düşmənləri ikinci dəfə partiyadan xaric etdirməyə müvəffəq olmuşdular. Allah o dünyasını versin, bu dəfə də atamın xilaskarı Heydər Əliyev oldu. Onu partiyaya bərpa elədi. Nəinki Azərbaycanda, heç SSRİ mətbuatında iki dəfə belə ağır cəzaya məruz qalıb salamat qurtaran jurnalist olmayıb".
Elə eyni cür neştərli qələmin sahibi və prinsipiallıqda həmkarı Tofiqdən geri qalmayan Sadıq Qarayev də az əziyyət çəkməyib. 1960-cı ildə "Kommunist"ə xüsusi müxbir təyin ediləndə onun vur-tut 27 yaşı vardı. Bu, həmin dövr üçün sadəcə irəliləyiş deyil, əsl sıçrayış idi. Sovet dönəmində rayon partiya komitələrinin birinci katiblərinə "balaca padşahlar" deyərdilər. Həmin balaca padşahlarsa "Kommunist"in bu qəbil yolagəlməz müxbirlərinin qabağında zağ-zağ əsər, onlarla daim mehriban, qılıqlı, pişim-pişimlə davranmağa can atardılar. Zərdabla bağlı həmin hay-küylü məqalələr yazılanda Sadıq artıq "Kommunist"də Təbliğat və təşviqat şöbəsinin müdiri idi. Bu yazılardan sonra artan əleyhdarları onun da ayağının altını qazmağa fürsət gəzəcəkdilər. Lakin məhz o yazılarla Sadıq Qarayev Heydər Əliyevin diqqətini çəkir, 2 il sonra onu Sov.İKP MK yanında Ali Partiya Məktəbinə oxumağa göndərir və 1973-cü ildə təhsilini başa vurub qayıdan kimi də Mərkəzi Komitəyə işə götürür.
Uzaq 1970-ci ilin 5 mayındakı stenoqramdan Heydər Əliyevin səsi gəlir. Və bu quruca sənəddə onun daha bir qəlbəyatan keyfiyyətini kəşf edirəm. Elə qəlblə bağlı keyfiyyətini. Zərdabın raykom katibi F.Əfəndiyevin işində qüsur xirtdəyəcən, onun vəzifədən götürülməsi haqqında mahiyyətcə düzgün və ədalətli qərar da artıq hazır. Ancaq müfəssəl müzakirələr əsnasında o da danışır, izahatlar verir, etiraflar edir, vədlərini dilə gətirir. Və Heydər Əliyev irəlicədən qəbul edilmiş qərarını dəyişir. Bu epizodun üstündən ona görə keçə bilmirəm ki, tanıyanların bir qismi deyirdi ki, Heydər Əliyev respublika rəhbərliyinə təzə gələndə çox sərt idi, güzəştsiz idi, kateqorik idi, illər ötəndən, yaşlaşandan sonra onda nisbi yumşaqlıq əlamətləri də göründü. Belə deyilmiş. 1970-ci il yüksək pilləyə təzəcə qalxdığı, irili-xırdalı korrupsionerləri aman vermədən qırıb-çatdığı, dalbadal çoxlarını kürsülərindən uf demədən ayırdığı vaxtlardır. Fəqət o yerdə ki babayolu vermək, daha bir fürsət yaratmaq mümkünlüyü görür, adamın islah oluna bilməkliyini duyur, onda mühafizəkarlıq etmir, "söz ağzımdan çıxıb" inadını göstərmir, özündə hətta irəlicədən qəbul etdiyi qərardan da əl çəkmək qətiyyəti tapır: "Gedən müzakirədən görünür ki, rayonda xeyli ciddi nöqsanlar vardır. Bu nöqsanların bir çoxu, yoldaş Əfəndiyev, sizin qüsurlarınızla bağlıdır, onunla əlaqədardır ki, siz pis rəhbərlik edirsiniz, birinci katib kimi işinizi lazımi səviyyədə qura bilməmisiniz. Əlbəttə, siz indi Büroda əsasən yaxşı, müəyyən qədər açıq və səmimi çıxış etdiniz. Amma sizdə əvvəlcə belə səmimiyyət yox idi. Bunun da sübutu odur ki, məqalələrdən sonra siz Mərkəzi Komitəyə böyük ərizə yazmışdınız və bütün dəlilləri təkzib edirdiniz. İndi isə etiraf etdiniz. Büro üzvlərində yoldaş Əfəndiyevlə bağlı artıq formalaşmış rəy var. Ancaq bugünkü müzakirələr göstərdi ki, yoldaş Əfəndiyev düzgün nəticələr çıxarmağı qət edib. Yoldaş Əfəndiyev çoxdandır ki, partiya işindədir, obyektiv olaraq müsbət keyfiyyətləri var. Bu səbəbdən də qərara alırıq ki, ona uçot vərəqinə yazılmaqla şiddətli töhmət elan etməklə kifayətlənək, rayonda vəziyyəti düzəltmək, nəyə qadir olduğunu göstərmək üçün ona imkan yaradaq".
Aydın olur ki, məqalələrdən sonra qəzetin ünvanına etirazlar da səslənibmiş, mətləblərin düz işıqlandırılmadığı da iddia olunubmuş, bəlkə 3 məqalədə hansısa müddəaların təqdimində müəyyən xırım-xırda qeyri-dəqiqliklər də varmış ki, qərar layihəsini tərtib etmiş Mərkəzi Komitənin ikinci katibi Sergey Kozlov ora qəzeti faktlara daha məsuliyyətlə yanaşmağa dəvət edən cümlə də salıbmış. Ona görə də Heydər Əliyev bir daha qəzeti, jurnalistləri müdafiə etməyi zəruri sayır və Kozlova tövsiyə edir ki, mətnə bir də əl gəzdirsin: "Şübhəsiz, "Kommunist" qəzetinin çıxışı çox düzgündür və apardığımız araşdırma da məqalədə əksini tapmış təqribən bütün faktların doğruluğunu sübut etdi. Təkrar edirəm, qəzet düz hərəkət edib, təşəbbüs yaxşıdır"...
...Fasilə elan edilir. Hələ bugünkü iclasda baxılası məsələlər çoxdur. Hamısı da bir-birindən vacib. Yarım saat-qırx dəqiqə sovuşacaq, qayıdıb gələcəklər.
O yarım saat-qırx dəqiqə buxarlanan, uçub gedən vaxtdır.
Qayıdacaqlar və sanki dayandırılmış saniyəölçən dübarə işə düşəcək, yazılaşan, tarixləşən Vaxt yenidən hərəkətə gələcək...
13 may, 2023