O, onlara çox bağlı idi, onlar da onu lap çoxdan özlərininki, doğmaları sayırdılar. Bu yaxınlıq uzaqlarda sayrışan 1940-cı illərdən başlanırdı və həmin ülfət yarım əsrdən artıq bir müddətdə davam etdi. Onların simsarlığını vaxt yaratmışdı. Ancaq dəyişən zəmanə bu qarşılıqlı istəyi əsla soyuda bilmədi. Vaxtın gücü buna çatdı ki, asta-asta yaşa dolan nəsilləri apardı. Onunla və Onlarla da nə qədər xatirələr getdi. Elə xatirələr ki, həmin yaddaşlarsız tarixin onsuz da bugünəcən örtülü, qaranlıq olan çox səhifələri heç vəchlə aydına çıxmaz. Bunlarsız heç dövrün mənzərəsi də bitkin görünməz.
Hafizələrdəki hansı yaddaş tikə-paralarını yığa bilmişiksə, dünənəcən "məxfi" sayılan və açılmadan qalan çox səhifələrin arasından seçdiyimiz hansı unudulmamalı və bilinməli məqamlar varsa, istəyirəm ki, onları qovuşdurub sizə yetirim. Çünki artıq ömür möhlətini başa vurmuş güneyli babaların-nənələrin övladlarının əksəri bu olmuşlardan ya az agahdır, ya tamam bixəbərdir. Bundan sonrakılarsa həqiqətləri daha az biləcəklər. Ancaq gərəkdir ki, bilsinlər. Nə qədər minnətdar olmaq bir ayrı keyfiyyətdir, ancaq bilməli olduqlarını bilmək, ya onları öyrənməyə can atmaq da bir ayrı vəfa borcudur.
Heydər Əliyev bəlkə də Azərbaycanın ən çox sirr daşıyan insanı idi. Danışa bildiyi qədər danışdı. Ola bilsin, hətta nələrisə də yazıb və haçansa üzə çıxacaq. Çünki ağlım kəsmir ki, o cür uzaqgörən adam hansı mətləblərisə gələcəyə çatdırmaq barədə də fikirləşməsin. Lakin bildikləri o qədər çox idi ki, hamısını deyib-yazıb çatdırmaq mümkünsüz idi, bu, öz yerində, amma bir silsilə bilgiləri də vardı ki, açılmayan arxivlər kimi gərək elə ürəyin və beynin dərin laylarında, yeddi qat qıfıl altında qapalı da qalaydı. Barı deyilə bilənlər sükut içində uyuyub qalmasın, heç olmazsa indi söylənsin...
Bəşərin, başlanğıcı zamanın naməlum uzaqlarında əriyib-itən yolunun əvvəlindən indiyəcən yaşadığı əsrlərin ən dolusu, hadisələrlə ən zəngini, sürətcə ən yeyini XX yüzil oldu. İnsan oğlu var olduqca irili-xırdalı savaşlar onu müşayiət etmişdi və bu əsr o baxımdan da əvvəlkilərdən seçildi. Bu yüzildə insan oğlu 3 dünya müharibəsini yaşadı.
Kim ki XX əsrin əvvəlində və ortasında baş vermiş 2 cahan hərbini nəzərə alıb onlardan qat-qat sürəkli, yarım əsrədək uzanmış "soyuq müharibə"ni bu müdhiş sıradan qırağa qoyur, düz etmir. Guya zahirən toplar gurlamırdı, atəşlər yağmırdı, hərçənd o da vardı, bu da vardı və Vyetnamından Əfqanıstanınacan neçə irili-xırdalı savaş elə nəhəng miqyaslı "soyuq müharibə"nin qanlı-qadalı parçaları idi. Bu, şəkli, məzmunu əvvəlkilərdən fərqli olan dünya hərbi, obiri cahan savaşlarından da qəddar və amansız qarşıdurma idi.
Və hər 3 dünya müharibəsindən sonra dünyanın xəritəsi dəyişdi.
Hər üç xəritə dəyişimində, dünya savaşı sonunda Azərbaycana istiqlal nəsib oldu.
1918-ci ildə Birinci Dünya müharibəsi bitəndə ilk dəfə Cümhuriyyətimizi elan etdik, müstəqil dövlətimizi qurduq. Nə acı ki, bu müstəqilliyin ömrü vur-tut 23 ay çəkdi və sonra 70 il o səadətin yenidən qaydıcağının intizarında olduq.
1945-ci ildə İkinci Dünya müharibəsi başa çatanda Güney Azərbaycanda, Təbrizdə istiqlal bayrağını dikəltdik, Milli Hökumət qurduq. Heyiflər ki, bu istiqlalın da ömrü düz 1 il çəkdi və hələ də o məsudluğun qayıdışının həsrətindəyik.
Nəhayət, 1980-ci illər bitib 1990-cı illər gələndə Üçüncü Dünya müharibəsi axıra çatdı, yenə dünyanın xəritəsi dəyişdi və Quzey Azərbaycan təzədən müstəqil dövlət kimi ömrünü yaşamağa başladı.
...Təqribi, gözəyarı da olsa, hər halda dünyadakı 3-4 milyard çay arasında irilərin sayını elm bilməmiş olmaz. Bu qədər çaylar cərgəsində bəlkə də Arazımız qədər qarğanan, töhmətlənən, oxşanan və haqqında nisgilli şeirlər yazılan ikincisini tapmaq çətindir. Səbəb 1945-ci ilin 21 azərində - 12 dekabrında qazanılmış və 1946-cı ilin 21 azərində - 12 dekabrında qanla boğulmuş istiqlaldır.
Tale və dövr elə gətirdi ki, Heydər Əliyev lap cavan vaxtlarından Güney Azərbaycandakı istiqlal mücahidlərinin bir çoxu ilə sıx təmaslarda oldu. O vaxtdan başlanan təmaslar, Güneydəki milli-azadlıq hərəkatı ilə bağlılıq Heydər Əliyevlə həmişəlik qaldı.
1930-cu illərin sonlarından etibarən, İranda Həmkarlar hərəkatı güclənməyə başlayan dövrlərdən Güney Azərbaycan Sovet İttifaqının diqqət mərkəzində idi. Sonralar Güney Azərbaycanda qurulacaq Milli Hökumətdə maarif naziri vəzifəsini tutacaq Məhəmməd Biriya o hərəkatın önündə gedənlər sırasında idi və səbəbsiz deyil ki, sovet lideri İosif Stalinlə Azərbaycana o çağlar başçılıq edən Mircəfər Bağırovun Güney mövzusundakı məxfi yazışmalarında onun adı tez-tez keçirdi (Şair Məhəmməd Biriya əsl tribun, meydan adamı idi. Göz önünə gətirin 1980-ci illərin sonlarında, Azərbaycan azadlıq havası ilə çalxananda meydanlardakı coşub-daşan Xəlil Rzanı. 1940-cı illərdə Təbrizdə Məhəmməd Bitiya da eynən o təhər idi. 1946-cı ildə çəkilmiş "Arazın o tayında" filmində canlı Məhəmməd Biriyanın görüntüləri qalır. Yenə kütlə qarşısındadır, yenə öz stixiyasındadır, alovlu-alovlu şeirini oxuyur).
1944-cü il martın 6-da Kreml "Güney Azərbaycan əhalisinə mədəni və iqtisadi yardımın gücləndirilməsi ilə əlaqədar tədbirlər haqqında" məsələni müzakirə edərək ardınca da 600 nəfərdən artıq peşəkar mütəxəssis və dövlət-partiya xadimlərindən ibarət heyəti İrana yollayandan sonra Güney Azərbaycanla bağlı fəaliyyətlər açıq müstəviyə keçdi. İran dövlətinin daxilində müstəqilliyə yaxın hüquqlara malik Azərbaycan muxtar vilayətinin yaradılması ilə bağlı Moskvanın qəbul etdiyi qərar az sonra gerçəkləşəcək böyük niyyətin - Təbrizdə Milli Hökumət qurulmasının həlledici təkan nöqtəsi idi.
Söz yox, ali dövlət maraqları sırasında dayanan bunca mühüm əhəmiyyətli bir əməliyyata Dövlət Təhlükəsizlik Komitəsi də bütün gücü ilə cəlb edilməyə bilməzdi. O çağlar gənc Heydər Əliyev Naxçıvanda, Dövlət Təhlükəsizlik Komitəsində İran istiqamətində kuratorluq edirdi və həmin dövrdə bu çərçivədəki xüsusi əməliyyatların, daha sonralarsa bir sıra xüsusi görüşlərin və yüksək məqamlı şəxslərin təhlükəsizlik təminatında birbaşa iştirak edirdi.
1947-ci ildə baş leytenant, 24 yaşlı Heydər Əliyev Naxçıvan Dövlət Təhlükəsizlik Nazirliyində əsas hədəfi İran və Türkiyə xüsusi xidmət orqanlarına qarşı əks-kəşfiyyat işləri aparan 5-ci şöbənin rəisi təyin ediləndən və 1950-ci ildə Leninqradda (indi Sankt-Peterburq) Dövlət Təhlükəsizlik Nazirliyinin xüsusi məktəbini bitirib artıq Bakıda, Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyində yenə əsas istiqaməti məhz İran və Türkiyə ilə əlaqədar əks-kəşfiyyat fəaliyyətindən ibarət olan 2-ci şöbənin altıncı bölməsində işə başlayandan sonra Güney Azərbaycan mövzusuna daha da yaxınlaşdı və orada cərəyan edən hadisələr onun daimi müşahidə və təhlillərinin aparıcı mövzularından birinə çevrildi.
Və artıq üstündən onillər ötəndən sonra, müstəqil Azərbaycana rəhbərlik etdiyi çağlarda da həmin günlərin olmuşlarını bütün təfərrüatı ilə xatırlayırdı.
Onun güneylilərlə əlaqələrinin bütün rəsmiyyəti yerində qala-qala səmimi dost və sirdaş münasibətləri səviyyəsinə qalxmasına isə uzun bir səfər səbəb olmuşdu.
Bu hadisə baş vermişdi 1958-ci ildə. Həmin səfərə üçlükdə yola düşmüşdülər, dördlükdə qayıtmışdılar. Bakıda fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin ovaxtkı sədri Mirqasım Çeşmazər, katibi Mirrəhim Vilayi, bir də Dövlət Təhlükəsizlik Komitəsinin zabiti Heydər Əliyev. Saranska gedirdilər, ikinci həbsini çəkən Məhəmməd Biriyanın ardınca. Biriyanın ardınca onun köhnə silahdaşları ilə birgə DTK-dan məhz Heydər Əliyevin getməsi səbəbsiz deyildi. Tanıyanlara yaxşı bəlli idi ki, Biriya necə ipə-sapa yatmaz bir adamdır. Milli Hökumət dönəmində o, rəsmən maarif naziri olsa da, əslində çəkicə, xalq arasındakı şöhrətinə görə hakimiyyətdəki ikinci adam idi. Elə bu da təsadüfi deyil ki, 1946-cı ilin dekabrında Milli Hökumət şahlıq qüvvələri tərəfindən devriləndə, Seyid Cəfər Pişəvəri də bu taya - Şimala keçməli olanda Biriya hələ Təbrizdə qalırdı və artıq elə hakimiyyətin birinci şəxsi səlahiyyətində idi. Bakıya gəldikdən sonra riyasız Biriyada kəskin bir xəyal qırıqlığı yaranmışdı, dünənəcən mədh etdiyi sovet quruluşundan üzü dönmüşdü, vaxtilə yazdığı, dərc edilmiş şeirlərindən ibarət yeni kitabını buraxmaq istəyən nəşriyyata etiraz etmişdi ki, onlar mənim əsərim deyil. Təəccüblənmişdilər ki, necə yəni sizin əsəriniz deyil, bunların əksəri Təbrizdə də qəzetdə-jurnalda dərc edilib, elə bir qismi sizin Bakıda çıxan kitabınızda da var, sadəcə indi məsləhət olub ki, daha həcmli kitabınızı buraxaq ki, yaxşı da müəllif haqqı alasınız. Bozarır: "Heç bir kitab-filan buraxmaq lazım deyil. O şeirləri yazmış Biriya artıq yoxdur, mən ayrı adamam". Həqiqətən, Biriya ayrı adam olmuşdu. Daxilindəki çılğın inqilabçı, sözəbaxmaz dikbaş oyanmışdı və nə qədər zillətlərə məruz qalsa da, axıracan dəyişmədi, elə həmin codluğunda qaldı. Bir dəfə həbs eləmişdilər, ağlı başına gəlməmişdi, antisovet siyasi baxışlarına görə ikinci dəfə tutulmuşdu, qayıdıb gəldi, yenə "düzəlmədi". Biriyanı üçüncü dəfə həbs olunmaqdan xilas edən yenə Heydər Əliyev oldu. İkinci dustaqlığından dönəndən sonra artıq dinə bağlanmasını nəzərə alaraq Biriyaya müvafiq iş də vermişdilər. Ancaq o bilən, digər ruhanilərin əksəri alasavad idilər, başlamışdı onları sancmağa, məsxərəyə qoymağa, hamısı tökülüşmüşdü üstünə. Bu səbəbdən də Biriyanı Bakıdan aralamışdılar, gözdən-qulaqdan bir az uzaq olsun, səsi buralara çatmasın deyə Şamaxıdakı Sabir adına sovxozda yerləşdirmişdilər.
1979-cu ildə İran inqilabı baş verəndən, şah devriləndən sonra icazə verdilər, buralardan birdəfəlik yığışıb getdi. Xətir-hörmətlə qarşıladılar, tezliklə kitabını buraxdılar, amma yenə dinc durmadı, başladı təzə hakimiyyəti sərt şeirləri ilə qırmanclamağa. Tutub atdılar zindana. Məgər orada "ağlı başına" gəldi? Türmə divarları arasında da etirazçılığından qalmadı, dustaqxananın rəisinə həcv yazdı və danışırdılar ki, artıq ixtiyarlaşmış, laübalı dərviş görkəmli, iliyinə qədər yenilməz inqilabçı və mübariz olan bu böyük şairi orada - içəridə döyə-döyə öldürüblər.
1958-ci ildə onun ardınca Saranska gedəndə də yaxşı bilirdilər kimi gətirməyə gedirlər və təsəvvür edirsinizmi ki, oradan Bakıya gəlib yetişənəcən Heydər Əliyev bu dəliqanlı şairin qəlbinə necə yatmışdısa, sonralar ürək qızdırdığı yeganə dövlət adamı məhz o oldu və partiyaya, dövlətə, görkəmli siyasi şəxsiyyətlərə yazmış olduğu bütün şeirlərdən imtina edib, bir daha belələrini yazacağına tövbə də eləyəndən sonra məhəbbətli misralar həsr etdiyi tək adam yenə Heydər Əliyev oldu.
Uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda birgə işlədiyim nurlu insan Mirqasım Çeşmazərlə 1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərində, Məhəmməd Biriya haqqında yazacağım kitabla bağlı xatirələrini alanda mənə həmin Saransk səfəri haqqında da danışmışdı. Deyirdi ki, biz Heydər Əliyevi əvvəldən də tanıyırdıq, çox görüşlərimiz də olmuşdu. Ancaq ilk dəfə idi ki, birgə yola çıxırdıq və onu özümüzçün kəşf elədik. Əvvələn, onu gördük ki, bizim hərəkatı incəliklərinə qədər necə dərindən bilir, həmkarlarımızı yaxşısı-yamanıyla necə gözəl tanıyır. Bunlardan əlavə isə, onun yolçuluqdakı mehribanlığına, sadəliyinə, ürək genişliyinə valeh olduq. Biriyanı gətirməyə bizimlə niyə Heydər Əliyevin getməsinin mənasını da yol boyunca, ona yaxından bələd olduqca anladıq. Mən də, Vilayi də təcrübəli adamlardıq, oddan-alovdan keçmişdik, Heydər Əliyevi davam edən yoldakı saatlar ərzində yaxından tanıdıqca barmağımızı dişləyirdik ki, o cür daşın qabağına yalnız elə belə qayayla çıxmaq olar. Biriya islaholunmaz adam idi. Onu dünya yığıla, ağlına batmış bir fikirdən çəkindirə bilməzdi. İstənilən adam haqqında da ürəyindən keçəni şax üzünə deyərdi. Axırıncı həbsindən az əvvəl bir şeir yazmışdı, sabiq mübarizə yoldaşlarının hərəsini 1-2 beytlə həcv etmişdi. Gör Heydər Əliyev yol boyu şairi necə ram etdisə, o, Biriyanın xoşuna necə gəldisə, ona qardaş kimi baxmağa başladı. Bədahətən dediyi şeiri bizi lap mat qoydu: "Qurban olum, Heydər ağa, əfv et məni partiyana"... Bu həmin Biriya idi ki, Leninə, Stalinə vaxtilə yazmış olduğu misraların üstündən xətt çəkib, bunlar mənimki deyildir söyləmişdi.
Biriya çox təcrübəli adam idi, həssas idi, Rusiya həbsxanalarındakı illəri onu lap tükü tükdən seçən, ayıq-sayıq etmişdi, xüsusən adamı oxuya bilirdi. Bir sutkanın içində Biriya Heydər Əliyevə ən əziz bir adamı kimi ürək qızdırmağa başladısa, bu, qətiyyən Heydər Əliyevdəki çekist məharətinə görə deyildi. Peşəkar fəndlərin ən qəlizi ilə Biriyanın ürəyinə yaxın düşmək olmazdı. Əksinə, hürküdərdin onu. Heydər Əliyev yol boyu onda hamımızın müşahidə etdiyimiz səmimiyyəti ilə bu istəyi qazana bildi. Biriyada onun bütün mürəkkəbliyi ilə yanaşı, həm də bir uşaq məsumluğu da vardı. Qarşısındakının nə dərəcədə səmimi olduğunu dəqiqliklə hiss etməsi də elə həmin səmimiyyətiylə bağlı idi. Açığını deyim ki, nə biz, nə də firqəmizin digər ağsaqqalları Biriyanı Azərbaycan cəmiyyəti içərisindəki təzə həyatına belə rahat hazırlaya bilməzdik. Biriyaya belə münasibət göstərilməsi, onun ardınca ayrıca bir heyətin getməsi ən əvvəl firqəmizin nüfuzu ilə əlaqədar idi. Biz də, Azərbaycan rəhbərliyi də çalışırdı ki, firqənin adı yalnız yaxşılığa çəkilsin. Biriya isə tanınmış adam idi, vaxtında yüksək vəzifə sahibi olmuşdu, Milli Hökumətin rəhbərliyində yer tutmuşdu, onun adı ətrafında yarana biləcək istənilən qalmaqalın firqəmizin nüfuzuna mənfi təsiri olardı.
Yadıma bir başqa məşhur cənublunun - Söhrab Tahirin Heydər Əliyev haqqında sözləri düşür. Yadıma düşür deyəndə ki, xatirələrinə isnad etdiklərimin hamısının söhbətlərini mən vaxtilə lentə almışam. Təkcə Biriya ilə bağlı danışdırdığım, təəssüf ki, indi heç biri həyatda olmayan güneylilərin söhbətləri hər biri 90 dəqiqəlik 30-dan artıq kasetdir.
Söhrab müəllim də Heydər Əliyevə qəlbən bağlı insanlardan idi və deyirdi ki, Azərbaycanda müxtəlif dövrlərdəki bütün hökumət, dövlət adamlarından Heydər Əliyev güneylilərə bir köynək yaxın idi...
Heydər Əliyevin firqəçilər və güneylilər yanında sayğısının nə qədər yüksək olmasının, onun sözü qanun sayılan ağsaqqal kimi qəbul edilməsinin bir tarixi sübutunu diqqətə çatdırmağın yeri var. Bu, mühüm bir tarixçədir və ondan az adamın xəbəri var. İllah da ki, indi gətirəcəyim və ilk dəfə üzə çıxarılan, həmin vacib tarixi hadisənin əyani təsdiqi olan bu 2 məktubdan.
Birazdan geri qayıdacağam, tarixi ardıcıllığın səliqəsini pozmadan Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyə başlayaraq daha çox səlahiyyətlər və imkanlar əldə edəndən sonra güneyli siyasi mühacirlərə necə qayğı və nəvaziş (bu şairanə, siyasi mətləblər axarında xeyli lirik görünə biləcək kəlməni məqsədli işlədirəm və onun yerindəliyinə də inanıram) Sovet dövlətinin siyasətində SSRİ boyu yerləşmiş və müxtəlif ölkələrdən olan siyasi mühacirlərə, o çağın təbiri ilə "qardaş partiyalar"ın təmsilçilərinə və onların ailə üzvlərinə mütəmadi və sistemli diqqət göstərilməsi, imtiyazlar verilməsi ayrıca yer tuturdu. Azərbaycan da, təbii ki, həmin siyasət çərçivəsində öhdəsinə düşən işi görməli idi. Lakin bir var vəzifə borcu, tarşırılan işi lazımınca yerinə yetirmək, bir də var həm də bura ürəyini qoymaq, o işə sevərək, cani-dildən, sənə həvalə edilmişdən də artıq dərəcədə əncam çəkmək. Sadaladıqca özünüz görüb təsdiqləyəcəksiniz və mənim əlavə yozumuma heç ehtiyac qalmayacaq. Fəqət irəli salıb vurğulamaq istədiyim hadisə məxsusi beynəlxalq və siyasi siqlətə malik idi, məsələnin bu cür həllinə görə də Kreml o vaxt Heydər Əliyevə, yəqin ki, "sağ ol"unu demişdi. Nabələdlərin qoca, düşmüş vaxtlarına baxıb hərdən istehza ilə andığı, gerçəkdə isə çox bişkin və incə hakimiyyət ustası olmuş (türklərin və müsəlmanların SSRİ-nin ali rəhbərliyi və Siyasi Büroda yer tutmaları baxımından da onun hakimiyyət illəri bütün sovet tarixinin bizlər üçün ən avand dönəmidir) Leonid Brejnev elə bildiyimiz və bilmədiyimiz belə-belə uğur və hünərlərinə görə Heydər Əliyevi sevimliləri cərgəsinə qatmışdı.
1972-ci il aprel ayının 15-də İran Xalq Partiyası - Hezb-e Tude-ye İranın Mərkəzi Komitəsinin İcraiyyə heyəti qərar qəbul etmişdi ki, Sovet İttifaqında və bütün sosialist ölkələrində olan təşkilatların hamısı buraxılsın və təşkilati fəaliyyətləri dayandırılsın.
"Soyuq müharibə"nin qaynar çağları idi, qarşıdurma hər addımda sezilirdi, sosializm düşərgəsindəki istənilən büdrəmə obiri cəbhədə, o cəbhədəki istənilən kiçik uğursuzluq bu düşərgədə təbliğat maşınlarına var gücü ilə işə düşərək ifşaya, aşağılamaya başlamaq girəvəsi verirdi.
İran ABŞ-la SSRİ-yə nisbətən daha sıcaq münasibətdə idi və İran Xalq Partiyası mənşəyi ilə İran hadisəsi idi, həmin ölkənin tarixinə də möhürünü vurmuşdu. İndi Hezb-e Tudenin geriləməsi, xüsusən də bütün sosialist məkanında öz fəaliyyətinə xitam verməsi şah İranı və kapitalizm dünyasının lideri ABŞ-dan ötrü nə qədər xoş və sərfəli idisə, sosialist səngəri və əlbəttə ki, bu düşərgənin öndəgedəni SSRİ üçün sadəcə uğursuzluq deyil, miqyası etibarı ilə sarsıdıcı zərbə idi.
Artıq qərar qəbul olunub, neyləməli, elan edilmiş "mat"dan necə qurtulmalı?
Heydər Əliyev məsələni bircə görüş, bircə söhbətlə həll edir.
O, üçcə ildir ki, SSRİ-dəki müttəfiq respublikalardan birinin rəhbəridir, amma artıq nəhəng imperiyanın, dünyanın 2 superdövlətindən birinin taleyüklü məsələlərinin həllində ona arxalanılır və o da yarıda bilir.
Sözdə asıb-kəsməyə nə var ki! Tarixin dünənindən qalanlara gendən baxaraq öz dar düşüncəsiylə layiq olmayan qiymətlər vermək cəhdləri də ola bilər. Ancaq şəxsiyyətin əzəməti onun yerinə yetirə bildiyi işlərin möhtəşəmliyi ilə ölçülür.
Həmin tarixi anı gətirin göz önünə. Bir-birinə kinli baxan 2 dünya gücü göz-gözə. Və bir azərbaycanlı düyün açır, dünya ölçülü ağır bir məsələni sanki elə asanlıqla həll edir. Lakin asanlıqlamı? Həmin asanlıqla həll edə bilmək qüdrətinə sahib olmaqçün fitrətdən kim olmalı idin və o anacan hansı böyük yol keçməliydin!
Heydər Əliyevdən bəhs edib onu dəyərləndirmək təşəbbüsündə bulunanlar gərək heç vaxt ölçülərin qeyri-adiliyini unutmaya, gərək hansı təpəlikdə durub hansı zirvəyə baxdığını daim nəzərində saxlaya.
Və Hezb-e Tude-yi İranın Azərbaycan təşkilatı olan Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Qulam Daneşiyan Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevə təşəkkür məktubu yazırdı: "Sizə məlum olduğu kimi, Hizb-e Tude-yi İranın Mərkəzi Komitəsinin İcraiyyə heyəti özünün 15 aprel 1972-ci il tarixli iclasında Sovet İttifaqında və bütün sosialist ölkələrində hizbi təşkilatların buraxılmasını və təşkilati fəaliyyətinin dayandırılmasını qərara almışdı. İcraiyyə heyətinin həmin qərarını Sovet Azərbaycanında, Hizb-e Tude-yi İranın Azərbaycan təşkilatı - ADF-nin təşkilatlarında tətbiq və icra edilməsi yollarını müəyyənləşdirmək məqsədi ilə Hizbin Mərkəzi Komitəsinin birinci katibi İyrəc İskəndəri yoldaş Bakıya gəlmişdi. Partiya və dövlət işlərinizin kifayət qədər çox olduğu bir zamanda qiymətli vaxtınızın bir hissəsini ayırıb təşkilati işlərimizin hazırkı vəziyyəti və gələcək inkişafına dair olduqca qiymətli və səmimi məsləhətləriniz öz nəticəsini verdi. Hezb-e Tude-yi İranın MK İcraiyyə heyəti özünün 14 iyul 1972-ci il tarixli iclasında Sizin məsləhətlərinizi tam düzgün və İran zəhmətkeş kütlələrinin mənafeyinə müvafiq hesab edərək mühacirətdəki bütün hizbi təşkilatların fəaliyyətinin dayandırılması haqqında 15 aprel 1972-ci il tarixli qərarına yenidən baxdı və onun ləğv edilməsini qərara aldı.
Sizin qardaşlıq məsləhətləriniz bütün İran xalqlarının antiimperialist və milli-azadlıq hərəkatı tarixində həmişəlik səbt ediləcəkdir.
İcazə verin Sizə qiymətli məsləhətlərinizə görə HTİ-nin Azərbaycan təşkilatı - Azərbaycan Demokrat Firqəsi üzvləri adından öz səmimi minnətdarlığımızı bir daha ifadə edək".
İrəc İskəndəri (1908-1985) Qacar nəslindən olan bir şahzadə idi, Avropayönümlü siyasətçi idi, gənclik illərində Fransada təhsil almış, elə orada da kommunist hərəkatı ilə sıx bağlanmışdı. O, İran Xalq Partiyasının sədri olmaqla bərabər, həm də Məclis üzvü - deputat idi. 1946-cı ilin yayında Baş nazir Əhməd Qəvamın - Qəvam üs-səltənənin koalisiya hökumətində İrəc İskəndəri ticarət, sənaye və mədəniyyət naziri vəzifəsini (Vezarət-e bazarqani vo pişə vo honər) daşımışdı. Parisdə siyasi iqtisad üzrə elmlər doktoru dissertasiyası müdafiə etmiş İrəc İskəndəri alman və fransız dillərindən etdiyi bir sıra sanballı tərcümələrlə yanaşı qədim İran tarixinə dair ayrıca elmi əsərin də müəllifidir. O, bir müddət "Mərdom" və "Rəhbər" kimi siyasi nəşrlərin də redaktoru olmuşdu. 1948-1979-cu illərdə o, Parisdə, daha sonra Vyanada, Budapeşt, Moskva, nəhayət, Leypsiqdə oturaraq Tudə Partiyasının işlərini idarə etmiş, dünya siyasi həyatında yetərincə nüfuz və çəkisi olan xadimlərdən sayılmışdır.
"Encyclopedia Iranica"nın məlumatınca, İrəc İskəndərinin hələ 1930-cu illərdən Moskva ilə də dövlət rəhbərliyi və təhlükəsizlik orqanları istiqamətində sıx bağlantıları olmuşdur. Ona görə də bunun özü də ayrıca bir araşdırmanın vəzifəsidir ki, İrəc İskəndəri ilə Moskvanın arasının niyə soyuduğunun, nədən onun belə radikal addım atmağının - bütün sovet məkanında Hezb-e Tudenin fəaliyyətini dayandırmaq qərarı verməsinin gizlinclərini aşkarlasın.
Heydər Əliyev həmin buzu sındırmağa müvəffəq olmuşdu.
İrəc İskəndərinin bir deyil, bir neçə kəşfiyyatla bağlılığı haqqında mülahizə və müşahidələr də dolaşır və bunca püxtə bir siyasətçini sadəcə qərarından çəkindirmək yox, özününküləşdirmək, səni "dost", "qardaş" adlandıracaq həddə qədər yumşaltmaq, həqiqətən, qibtə oyadan qabillikdir.
Və İrəc İskəndəri də Bakı səfərini başa vurub Avropaya qayıtdıqdan sonra artıq toxtamış təəssüratların təsiri ilə 1972-ci il sentyabrın 14-də Heydər Əliyevə məktub göndərmişdi (məktub rusca idi və İrəc İskəndəri bir sıra başqa Şərq və Qərb dilləri ilə yanaşı, ruscanı da sərbəst bilirdi) və belə yazırdı: "Əziz və hörmətli yoldaş! Sovet İttifaqına səfərimdən sonra öz iş yerimə qayıdarkən borc bilirəm ki, mənə və ailəmə Azərbaycanda olduğumuz müddətdə göstərilən hərarətli qonaqpərvərliyə görə bir daha ürəkdən gələn səmimi minnətdarlığımı ifadə edim. Şübhə etmirəm ki, aramızda yaranan dost münasibətləri partiyamızın Sovet Azərbaycanında fəaliyyətinə əməli kömək göstərəcəkdir. Sovet İttifaqında yaşayan iranlı siyasi mühacirlərin olduqları yerləri gəzərkən mən görüşlərimiz zamanı mənə verdiyiniz qardaş məsləhətlərinizi rəhbər tuturdum və əminəm ki, Sizinlə aramızda yaranmış və şübhəsiz ki, hər iki xalqlarımız üçün faydalı olan dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcəkdir.
Səmimi qardaş ehtiramı ilə İrəc İskəndəri".
...Yenə dekabr idi, Araz da həmin Araz idi.
Yox, dekabr sazağının bir az şiddətli, ya havasının dir qədər mülayim olması ilə fərqlənsə də, hər halda hər il gələn həminki ay idi. İstər 1946-cı il olsun, istər 1990. Təqvim təqvimdir. Araz həmin Araz deyildi! 1946-nın Arazını aşıb bu taya keçən fədailərin içərisində itirilmiş istiqlalın möhnəti, matəmi zoqquldayırdı, onlar bu sahilə dar ağacından, güllələnmədən, müdhiş zindan əzabından, dözülməz sürgün müsibətindən qaçaraq gəlirdilər, 1989-da isə onillərcə aşılmaz olmuş sərhəd məftillərini qıraraq o taydan bu taya, bu sahildən o sahilə bir-biri ilə vüsala can atanlar fədakarlar - qardaşlar idi.
Bu Araz o Arazla necə eyni sayıla bilər ki, tarixin hökmü ilə o, ayrılıq, bu, görüş, o, bölünmüşlük, bu isə birgəlik çayı oldu.
O vaxt - 1946-nın dekabrında, bir neçə günün içərisində şah ordusu Güney Azərbaycanın bütün şəhərlərini işğal etdi, 30 mindən artıq insanımız soyqırımına uğradı, ölümə bərabər, əzablı sürgünə göndərilənlərin sayı 100 mindən çox idi, mühacirətə üz tutan 20 min nəfərinsə 12.500 nəfəri Arazı aşıb Quzeyə keçdi. Hələ heç kim bilmirdi bu köçün müddəti nə qədər sürəcək, hələ nəinki 1 ay, 1 il sonra, hətta ən yaxın gün beləməchulluq, namüəyyənliklə dolu idi.
...Onlara "pənahəndə" deyirdilər - pənah gətirən, sığınan. Qaçqın, köçkün, didərgin yox, məhz pənahəndə. Əslində "qaçqın" da deyə bilərdilər, çünki bir ayrı məmləkətdən digər bir ölkəyə baş götürüb gəlmişdilər. "Köçkün" də söyləyə bilərdilər, çünki ölümlə qalım arasında məcburən tərk etdikləri yer də, təşrif gətirdikəri yurd da eyni Vətən idi, ora da Azərbaycan idi, bura da.
Və bu da düyünlü tale və tarixin bu millətə ürcah etdiyi bir qismət idi ki, alnına öz Vətəninin bir tayında didərginlik, o biri tayında qəriblik yazıldı.
Araz qalmaz axmaqdan,
Şimşək doymaz çaxmaqdan.
Gözlərimə qan damdı
O taylara baxmaqdan.
Həsrətli gözlər sonra onillərlə yol çəkəcək. Bu sahildən o sahilə keçilə bilən təkcə yol da elə bu olacaq. Çox həsrətlər murada yetmədən elə könüllərdə sönəcək, bu taya pənah gətirmiş minlərdən kimlərçünsə ayrılığın ömrü ömürdən uzun olacaq.
Ancaq gərdiş nə qədər insafsız olsa da, o pənahəndələrə hər halda pasibanı da əsirgəmədi. Hayanın, duyanın olandasa ümid həmişə diridir!
22 may 2023