Bu ili də asıram,
Ömrün dar ağacına.
Sabaha yol açıram -
Həyat ehtiyacına.
Yol gəlirəm yuxuda,
Oyaq olur sözlərim.
Baxıram ki arxada
Yanır ayaq izlərim.
Yanğılanır nəfəsi,
Bu İlahi duyumun.
Yanıqlı bir ney səsi,
Oxşayırkən ruhumu.
Bir-bir cırıb atıram
Təqvim səhifələrini.
Təamıma qatıram
Xəyal səfərlərini.
Vücuduma dolanan
Duman çəni izləyir.
Can, buluddan boylanan
Günəşini gözləyir.
Yanlışı, doğrusuyla,
Günlər beləcə keçər.
Bir ümid qoxusuyla
Örtər üstümü gecə.
lll
Şair olmaq, şeir yazmaq işdi ki?!
Kaş ki, mən də yaşamağı biləydim.
Duymayaydım o danışan gözləri,
Beş gün ömrün üçcəciyin güləydim.
Hara baxdım ağrı, acı, qəm, kədər,
Kimin ömrü dağıldı ki mən qədər?!
Ağıllılar o dünyanı mədh edər,
İmkan olsa, gedib baxıb gələydim.
Başım üstə Ay var - rəngi mis gümüş,
Qar altında xəyallarım üşümüş,
Düş yaxamdan, cənab, xanım şeir, düş,
Şah olsaydın bugün, qulun olaydım.
Üz tuturam misra-misra Tanrıya,
Dönə baxa, bu pak ruhu tanıya,
Məndən olsa, gücüm çatsa hamıya
"Can, can" deyib, göz yaşını siləydim.
Bu nə yoldu, başı duman gedirsən,
Ay Adilə, giley-güzar edirsən,
"Bəyənmirdin, gəlməyəydin", - deyirsən,
Qurban olum, bəs mən harda öləydim?!
lll
Mənim bir səsim vardı,
görən indi hardadı?
torağ
ay nəğməsində
ya bulaq səsindədi?
meşə uğultusunda,
yarpaq xışıltısında?
Mənim bir arzum vardı,
görən indi hardadı?
bəlkə də bir uşağın
top-top oyunundadı.
Ya bir qızın toyunda,
oğulun boyundadı...
Mənim bir qəlbim vardı,
görən indi hardadı?
bəlkə xatirələrdə,
saralan vərəqlərdə,
bir sevginin yasında,
həsrət sarısındadı...
Mənim həyatım vardı,
görən indi hardadı?
Bəlkə çox uzaqlarda,
bəlkə lap yaxındadı.
Mənim ümidim vardı,
görən indi hardadı?
Sən qırdın, sən itirdin?
Düzəlt, axtar, taparsan.
...Sevgini göndər, gəlib
məni burdan aparsın.