
Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibələrində azərbaycanlılara qarşı amansız müharibə cinayətləri törədib. Ermənilərin qəddar əməllərini, vəhşi xislətini təkcə Xocalı soyqırımını göz önünə gətirməklə anlamaq kifayət edir. Amma təəssüf ki, onların müharibə cinayətləri bəşəriyyətin utancı olan Xocalı soyqırımı ilə bitmədi. Ermənilərin dinc insanlara qarşı dəhşətli cinayətləri saysız-hesabsızdır. Bunun izlərindən biri də 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlardır. Həmin məzarlıqlarda aşkar edilən insan qalıqları ilə bağlı aparılan müvafiq araşdırmalar onların xüsusi işgəncələrlə qətlə yetirildiyini sübut edir. Ermənilər Ağdabanda, Ballıqayada və digər ərazilərimizdə Birinci Qarabağ Müharibəsi zamanı dəhşətli qırğınlar törədib, dinc sakinləri işgəncələrlə qətlə yetirib, diri-diri yandırıblar. İndi ard-arda aşkarlanan kütləvi məzarlıqlar həmin cinayətləri bir-bir üzə çıxarır. Dünən Ağdam rayonunun Sarıcalı kəndi ərazində, Ağdam-Hindarx yolunun kənarında daha bir kütləvi məzarlıq aşkarlanıb. Dörd nəfərin qalıqlarının olduğu məzarlığın yaxınlığında hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib. Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun sözlərinə görə, Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndinin ərazisində hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımızın da ermənilər tərəfindən qətlə yetirildiyinə dair məlumatlar var. Bu, azad edilmiş ərazilərdə aşkarlanan sayca 8-ci məzarlıqdır.
Qeyd edək ki, ötən il Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib.
Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilmiş onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılıb. Edilli kəndində kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi isə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir. Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb. Daha bir kütləvi məzarlıq isə Fərrux kəndi ərazisində aşkar edilib. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir. Fərrux kəndində aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin əyani təsdiqidir. Bundan əvvəl Kəlbəcərin Başlıbel kəndində erməni vandalizminin sübutu olan kütləvi məzarlıq aşkarlanıb.
Bu ilin iyununda Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib. Qalıqların ən azı 4 nəfərə aid olduğu ehtimal edilir. Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir. Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.
Ermənilərin "Hərbi əsirlərlə rəftar haqqında" Konvensiyanın, 1949-cu il Cenevrə konvensiyasının və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyasının müvafiq müddəalarının kobud şəkildə pozması nəticəsində Birinci Qarabağ müharibəsində 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3171 nəfər hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması barədə təkzibedilməz məlumatlar var. Erməni tərəfi, etiraf etmək istəməsə də Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş, əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə aid kütləvi qəbirlər törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.
Prezident İlham Əliyev ötən il TASS agentliyinə müsahibəsində bu mövzuya toxunaraq deyib: "İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə?".
İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub.
Ermənistan müharibə cinayətlərini İkinci Qarabağ müharibəsinin gedişində də törətdi. 44 günlük müharibə zamanı Ermənistan müharibə bölgəsindən uzaqda yerləşən, Gəncə, Tərtər, Goranboy, Bərdə, Ağcabədidə mülki obyektlərə raketlə hücum nəticəsində Bərdədə 27 dinc sakin həlak oldu, 80 nəfər yaralandı, Gəncədə 27 nəfər həlak oldu, 125 nəfər yaralandı, Tərtərdə isə 17 nəfər həlak oldu, 63 nəfər xəsarət aldı.
Amma əlbəttə ki, cinayətin izini itirmək mümkün deyil. Gec-tez törədilən hər bir cinayətin üstü açılır. Necə ki, artıq azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların nümunəsində biz bunu görürük. Ermənistanın İkinci Qarabağ müharibəsindəki cinayətlərini isə bütün dünya gördü. Bu gün tarix özü bu amansız cinayətlərin canlı şahididir.



