
Azərbaycanın çağırışlarına, beynəlxalq təşkilatlara müraciətlərinə baxmayaraq, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Arazdəyən kəndində böyük metallurgiya zavodu inşa edir. Bununla da İrəvan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru davam etdirmək niyyətini nümayiş etdirir. Zavodun tikintisinə 70 milyon dollar yatırılacaq. Sahəsi 16 min 500 kvadratmetr olacaq zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Metallurgiya zavodu ABŞ-da fəaliyyət göstərən "CS Global Investments" (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və "Virtual Funding" (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinin investsiyası hesabına inşa edilir. Ermənistan bu addımı ilə birincisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyasını kobud şəkildə pozur. Ermənistanın da imza atdığı həmin sənədə əsasən, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistan isə müvafiq beynəlxalq sənədlərə məhəl qoymadan ətraf mühitə, ekologiyaya ziyan vurmaqla məşğuldur. Bu zavodun ən böyük təhlükələrindən biri su mənbələrinin çirkləndirilməsi, zərərli tullantıların Araz çayına axıdılmasıdır. Məlumdur ki, transsərhəd çay olan Oxçuçay da Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Ötən il aparılan monitorinqlər də bunu göstərir. Belə ki, Oxçuçay Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilib. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Ermənistan eyni ekoloji terroru Arazdəyəndə zavod tikməklə Araz çayına qarşı törətmək istəyir. Bu da Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərən amildir. Ermənistan bunu təbii ki, məqsədli şəkildə həyata keçirir. Ona görə də, müvafiq beynəlxalq qurumlar Ermənistanın növbəti ekoloji terroruna imkan verməməlidirlər.
Digər tərəfdən, hazırda sülh sazişi üzrə Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda danışıqlar gedir. Qarşıdakı aylarda növbəti yüksək səviyyəli görüşlər nəzərdə tutulub. İrəvan bu cür təxribatlara əl atmaqla prosesi uzatmağa, maneələr yaratmağa çalışır. Regionda sülhə, barışa, əmin-amanlığa deyil, bunun əksinə yönəlik addımlar atır. İrəvanın son təxribatları da dediklərimizi sübut edir. Dünən isə Arazdəyən kəndinin ərazisində tikilən metallurgiya zavodunun qarşısında ABŞ bayrağı asılıb.
Milli Məclisin deputatı Pərvin Kərimzadə mövzu ilə bağlı şərhində bildirib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin də miqyası çox genişdir: "Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra biz şahidi olduq ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib. Ermənistan 30 ildən artıq müddətdə işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyətindədir. Arazdəyən kəndində inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir. Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz. Ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Beləliklə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi".
Deputat əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşəsinin qırılması ilə başlanıb. Ermənistanın işğalı altında qalmış on minlərlə hektar meşə sahəsi və buradakı qiymətli ağac növləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub. Uzun illər işğal altında qalmış bu ərazilərdəki meşələrin kütləvi qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olub. Bütövlükdə, bu ərazilərdə mövcud olmuş təbiət qoruqlarımız və yasaqlıqlarımız ermənilər tərəfindən məhv edilib. Eləcə də Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə yeraltı sərvətlərimizi də talan edib. Ermənilər ekoloji terror siyasətini 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra da davam etdiriblər. Belə ki, bu razılaşmadan sonra ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən yaşayış evlərini, ictimai binaları, yaşıllıqları məqsədli şəkildə yandırıblar. Onların ev heyvanlarını tələf etmək, bu ərazilərin zəngin flora və faunasını məhv etmək kimi hərəkətləri vandalizm aktıdır.
Deputat deyib ki, ermənilər Arazdəyəndə zavod tikilməsi Araz çayına qarşı ekoloji terrordur. Suyun çirkləndirilməsi ilə həm insanlar, həm də digər canlıların sağlamlığı üçün ciddi təhdid yaranır: "Əgər rəsmi İrəvan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, öz əhalisinin sağlamlığı önəmli deyilsə, o zaman zavodu Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər".



