
Fransa dövləti, xüsusilə Emmanuel Makron hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi yanlış xarici siyasəti ilə beynəlxalq aləmdə tənqid olunmaqdadır. Bu tənqidlər artıq Avropanın özündə də ciddi narazılıqlara çevrilib. Makronun hakimiyyətinin addımlarına, iddialarına nəzər saldıqda, görünən odur ki, gücündən daha artığını istəyir. Eyni zamanda Fransa dünyada sülh, inkişaf üçün deyil, əksinə, qeyri-sabitliyə, münaqişələrin alovlanmasına, müxtəlif regionlarda gərginliyin olmasına yönəlik siyasət aparmaqdadır. Bu da təəccüblü deyil. Çünki tarixi qan tökməkdən, qətliamlar, soyqırımlar törətməkdən, siyasəti müstəmləkəçilik, işğal, imperialist maraqlardan ibarət olan bir dövlətdən başqa cür davranış gözləmək mümkün deyil. Fransa öz qanlı tarixindən ibrət götürmək, utanmaq əvəzinə, eyni siyasəti davam etdirir. Hegemonluq iddialarından əl çəkmir. Afrika, Yaxın Şərq bunun canlı nümunəsidir.
Biz bunun daha bir nümunəsini əlbəttə ki, Azərbaycana münasibətdə görmüşük və görməkdə davam edirik. Fransa, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı açıq şəkildə qərəzli siyasət aparmağa başlayıb. Separatizmə dəstək verməklə bu ölkə Avropa dəyərlərinə, beynəlxalq hüquqa xəyanət etmiş olur.
Fransanın siyasəti barışa, sülhə deyil, qeyri-sabitliyə yönəlib. Paris Cənubi Qafqazda gərginliyin qalmasında, Azərbaycanla Ermənistan arasında barışın olmamasında maraqlıdır. Bunun üçün bütün vasitələrdən istifadə edir.
Bu gün sirr deyil ki, Makron Fransa prezidentlərindən ən zəifi hesab edilir, Avropada siyasi lider olaraq qəbul edilmir. Makronun özünü Bonapart kimi aparması isə bu zəif siyasətçini daha gülünc vəziyyətə salır.
Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı "525"ə şərhində deyib ki, Fransanın hazırkı siyasəti beynəlxalq reallıqlara uyğun gəlmir: "Amma Fransanın ambisiyaları və yaxud konkret olaraq Makronun ambisiyaları qlobal xarakter daşıyır və bu da müəyyən ziddiyyət təşkil edir. Makron ümumiyyətlə, Fransanın indiki rəhbərliyi qlobal layihələrə can atmaq istəyir. Xüsusilə də Avropa qitəsində Avropa siyasi dialoqu təşkil etmək təşəbbüsü ilə çıxış edir. Digər tərəfdən, bir neçə gün əvvəl Fransada dünyanın yeni iqtisadi düzəni ilə bağlı bir forum keçirilib. Foruma bir çox dövlət və hökumət başçıları qatılıblar. Amma bu forumda səsləndirilən ideyalar və ya təkliflər daha çox Fransanın yeni qlobal gündəliyində xüsusi rolunu təsdiqləməsi ilə səciyyələnir. Amma biz Fransanın çəkisini real olaraq qiymətləndirsək, görə bilərik ki, əslində Fransanın dünyanın iqtisadi və siyasi proseslərdə rolu, çəkisi azalır. Niyə? Çünki Fransa çox təzadlı siyasət aparır. Xüsusilə də Afrikada. Biz görə bilirik ki, bir çox Afrika dövlətləri Fransanın ölkələrində ənənəvi mövcudluğunu istəmirlər. Onlar Fransadan imtina edirlər, bir çox hallarda Fransa bəzi təhlükəsizlik məsələləri ilə bağlı proseslərdə iştirak edib. Amma həmin bu ölkələrin dəvəti ilə. Mali, Çad, Mərkəzi Afrika Respublikası, Mavritaniya Fransanı təhlükəsizliklərini təmin etmək üçün dəvət etmişdilər. Amma Fransa çirkin oyunlara qoşularaq, öz şəxsi maraqlarını güdərək, bu ölkələri müstəmləkə kimi istifadə edərək onların resurslarından faydalanaraq həmin ölkələrin cəmiyyətlərində, icmalarında nifrət hissi oyadıb və son nəticə etibarilə Fransa qoşunları bu ölkələrdən çıxarılıb. Yarım il ərzində təxminən 4 Afrika ölkəsindən Fransa çıxıb. Yəni Fransanı əslində rədd ediblər. Digər tərəfdən bir sıra başqa layihələrə fikir versək, Yaxın Şərqdə müəyyən layihələr həyata keçirilir. Livana nəzər salaq, guya bu ölkəyə dəstək vermək, yardım etmək, Livanı dirçəltmək istəyirdilər. Livan təəssüf ki, indi yaxşı vəziyyətdə deyil, həm iqtisadi, həm siyasi böhran içərisindədir. Fransa öz siyasətinə sadiq qalaraq bu ölkənin də çətin durumundan yararlanmağa çalışdı. Lakin Fransanın vədlərinin hamısı puç olub. Çünki buna Fransanın resursları çatmayıb".
Politoloq əlavə edib ki, Cənubi Qafqazda da Fransanın siyasəti göz önündədir: "Əslində Azərbaycanda Fransanın çox böyük siyasi, iqtisadi maraqları var idi. Bunların hamısını sual altına alaraq, birmənalı şəkildə Ermənistana dəstək göstərib. Beləliklə, Fransa vasitəçilik rolundan da demək olar ki, özü-özünü təcrid edib. Bu cür misalları çox çəkə bilərik. Belə olan halda Fransa hansı qlobal roldan danışa bilər. Hansı qlobal düzəndən, hansı nüfuzdan danışa bilər. Fransa prezidentinin şəxsi nüfuzu çox aşağı səviyyədədir. Afrikada, yaxın Şərqdə, Avropanın özündə də həmçinin. Bir sıra Avropa ölkələri Fransanın siyasətindən narazıdırlar. Belə vəziyyətdə bu ölkənin cəhdləri təbii ki, heç bir nəticə vermir. Bütün bunlar Fransanın başında dayanan siyasi rəhbərliyin səriştəsizliyinin nəticəsidir".
İ.Vəlizadə Fransada daxili dinamikanın çox mürəkkəb olduğunu vurğulayıb: "Daxili siyasət çox bərbaddır. İnsanlar illərdir ki, bu siyasətə etiraz edir. Xüsusilə sosial vəziyyət güclü etirazlar doğurur. Amma Makronun hakimiyyətdən uzaqlaşdırılması üçün böyük güc lazımdır. O da hələ ki yoxdur. Çünki Fransanın müxalifəti də mütəşəkkil surətdə fəaliyyət göstərmir".



