
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqovla vida mərasimi keçirilib.
APA-nın xəbərinə görə, vida mərasimində AMEA prezidenti Mahmud Kərimov çıxış edib. M. Kərimov B. Budaqovun bioqrafiyası barədə danışıb.
AMEA prezidenti B. Budaqovun Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşaftın geokimyasını öyrəndiyini, ilk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq etdiyini vurğulayıb. M. Kərimov deyib ki, mərhum akademik aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşaftın differensiasiyası müəyyənləşdirib. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənib.
Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov mərhumun beynəlxalq miqyaslı alim olduğunu, Azərbaycanda landşaft məktəbini yaradıcısı, geomorfologiyanın banisi olduğunu deyib: “Budaq Budaqov Azərbaycanda səhralaşma probleminin ilk tədqiqatçılarından birdir. Coğrafiya sahəsində mövcud olan bütü dərsliklərə görə ona borcluyuq”.
Vida mərasimində dövlət və hökumət nümayəndələri iştirak edib.
Mərasimdən sonra mərhum akademik II Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Budaq Budaqov dünən günorta saatlarında dünyasını dəyişib.
B. Budaqov 1928-ci il fevralın 28-də Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. İrəvanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirib (1943-1947).
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub. Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" adlı namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası" adlı doktorluq (1967) dissertasiyalarını müdafiə edib.
Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) işləyib. Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə – Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunub. "Cənubi-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası" (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülüb. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş dağlar", "İki mərtəbəli çay", "Üzən su anbarları", "Coğrafı adlar tarixi abidədir", "Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", "Ulduz" jurnallarında, "Sovet Ermənistanı", "Vətən səsi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə dərc edilib.
B. Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını verib, təbiətin dağıdıcı hadisələrini sistemləşdirib, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənib, ərazinin xəritələrini (1:200000) tərtib edib. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarıb. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşaftın geokimyasını öyrənib. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq edib. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşaftın differensiasiyası müəyyənləşdirib. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənib.



