
Fransa ötən həftədən başlayaraq şiddətli qarşıdurmanın, iğtişaşların, zorakılıqların meydanına çevrilib. Hadisələr Əlcəzair əsilli Nahelin polis tərəfindən odlu silahla qətlə yetirilməsi ilə başlayıb. Əslində, bugünkü proseslər birdən-birə yaranmayıb. Prezident Makronun siyasətindən narazılıqlar elə onun hakimiyyətə gəlişindən az sonra başlayıb. Fransa lideri heç bir vədini yerinə yetirməyib, insanların, xüsusilə sosial vəziyyətini ağırlaşdıran islahatlara gedib. Bütün bunlar isə Fransada illərdir qısa fasilələrlə davam edən kütləvi aksiyalara, iğtişaşlara gətirib çıxarıb. İnsanların narazılıqları artıq pik həddədir. "Sarı jiletlilər" hərəkatı da məhz Makron hakimiyyətinə etiraz olaraq meydana çıxıb. 2018-ci ildən başlayaraq "sarı jiletlilər" sosial ədalət, pensiya və işsizlikdən, sığorta islahatı, yanacaq qiymətlərinin artması, iqtisadi vəziyyətin pisləşməsi, demokratiya tələbləri ilə etirazlara başlayıblar. Onlar öz etirazlarını müxtəlif formalarda ifadə edirlər. Sosial-iqtisadi tələblərlə başlayan "sarı jiletlilər"in etirazları daha sonra Makronun istefası tələbini də irəli sürüb. Eyni zamanda, bu günlərdə Fransada pensiya yaşının artırılmasına qarşı da kütləvi aksiyalar olub. Ancaq Makron hakimiyyəti bütün etirazlara baxmayaraq pensiya yaşının artırılması ilə bağlı sənədi qəbul etdi. Ümumiyyətlə, Makronun dövründə Fransa xalqının mənafeyinə uyğun olan, onun sosial vəziyyətini yaxşılaşdıracaq hər hansı islahat aparılmayıb, qərar qəbul edilməyib.
Fransada etirazların yatırılması da "özünəməxsusluğu" ilə seçilir. Dünyada demokratiya dərsi keçməyə çalışan, özünü "demokratiyanın beşiyi" adlandıran dövlət öz vətəndaşlarına qarşı xüsusi zorakılıqdan, ən sərt üsullardan, odlu silahdan, partlayıcı vasitələrdən, su şırnaqları, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə edir. Fransa hakimiyyəti məhz bu "bacarığına" görə "lider" sayıla bilər.
Qayıdaq Nahelin məsələsinə. Əlcəzair əsilli gəncin polis zabiti tərəfindən odlu silahdan açılan atəşlə öldürülməsi illərlə davam edən xalqın narazılıqlarının, etirazlarının son damlası oldu. Həmin vaxt Nahellə eyni avtomobildə olan dostu bildirib ki, polis güllələnmədən əvvəl mərhumu hədələyib. O, avtomobil icarəyə götürdüklərini, spirt və ya narkotikin təsiri altında olmadıqlarını deyib. Polisin onların arxasınca gəldiyini görüb maşını saxlayıblar. Polis zabiti maşının pəncərəsinə yaxınlaşaraq Naheldən şüşəni aşağı salmağı tələb edib və əksini edərsə, atəş açacağını deyib. Gəncin sözlərinə görə, hər iki polis Nahelə silahın qundağı ilə zərbə endirib. Daha sonra ona atəş açılıb...
Hadisələrin inkişafı Fransada artıq dövlət böhranının yaşandığını göstərir. Çünki Makron hakimiyyəti vəziyyətdən çıxış üçün vaxtında lazımi tədbirlər görməyib, yaxud da görə bilməyib.
Fransada baş verənlər geniş beynəlxalq rezonans doğurub. BMT Fransa hakimiyyətini kütləvi etiraz aksiyaları iştirakçılarının hüquqlarına hörmət etməyə çağırıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmisi Şimali Afrika əsilli yeniyetmənin Fransa polisi tərəfindən öldürülməsindən dərin narahatlığını ifadə edib: "Bu hadisə ölkənin hüquq-mühafizə orqanlarında dərin kök salmış irqçilik və ayrı-seçkilik probleminin həlli barədə ciddi düşünməsi üçün bir səbəbdir".
Bəyanatda vurğulandığı kimi, son illərdə Fransada məhz irqçilik, ayrı-seçkiliklə bağlı vəziyyət acınacaqlıdır. Xüsusilə polisin fəaliyyətində bu, özünü açıq şəkildə göstərir.
Onu da qeyd edək ki, artıq Azərbaycan daxil olmaqla, bir sıra ölkələr vətəndaşlarını Fransaya səfərdən çəkinməsi barədə xəbərdarlıq edib. Çünki mövcud vəziyyət əcnəbilərin həyatı üçün də təhlükə yaradır.
ABŞ rəsmiləri də Fransaya səfər etməyə hazırlaşan vətəndaşlarına təhlükəsizlik tədbirləri ilə bağlı xəbərdarlıqlar ediblər. "Fransada terror təhlükələri və vətəndaş iğtişaşları səbəbindən ehtiyatlı olun" xəbərdarlıqda deyilir. Qeyd olunub ki, Parisdə və Fransanın digər şəhərlərində nümayişlər, tətillər müntəzəm şəkildə baş verir. Bu isə nəqliyyatın fəaliyyətinə mənfi təsir edə bilər: "Nümayişlər zorakılıq və mülklərə maddi ziyanla müşayiət olunub. Polis isə kütləyə su şırnaqları və gözyaşardıcı qazla cavab verir".
Bir neçə gündür davam edən etiraz aksiyalarında 1 000-ə yaxın adam saxlanılıb, 80-dən çox yaralı var, 1 350 avtomobil yandırılıb, 234 binaya ziyan dəyib. BFM TV xəbər verir ki, bazar ertəsi, iyulun 3-nə keçən gecə ölkədə qaydaların pozulması ilə əlaqədar 157 nəfər, o cümlədən, Parisdə 20 nəfər saxlanılıb. Bu arada Fransanın Rfi media şirkəti hökumət mənbələrinə istinadən məlumat yayıb ki, Fransa rəsmiləri vəziyyətlə hələ tam məşğul olmayıb və hakimiyyət hadisələrə qarşı daha diqqətli olmalıdır. Yeri gəlmişkən, Makron baş verən iğtişaşlarla bağlı müzakirələr aparmaq üçün müxtəlif qurumlarda görüşlər keçirir. O, parlamentin hər iki palatasının liderləri ilə görüşüb. Bu gün isə etirazlardan zərər görmüş 220 şəhərin merləri ilə də görüşəcək.
Hadisənin ilk iki günündə Makron hökumət üzvləri ilə iki dəfə böhran iclası keçirsə də onların heç bir nəticəsi olmayıb. Çünki Makron illərdir vətəndaşların etirazlarına səbəb olan məsələlərin araşdırılması, müvafiq addımların atılması istiqamətində heç bir fəaliyyət göstərməyib. Nahelin ölümü isə necə deyərlər, səbr kasasının daşması olub. Ölkədaxili problemləri həll etmək əvəzinə, Makron daha çox xarici ölkələrin daxili işlərinə müdaxilə etməklə məşğuldur. Amma o, həm daxili, həm xarici siyasətdə uğurlu ola bilməyib. Çünki ədalətli deyil, qərəzlidir, beynəlxalq hüquq anlayışına hörmət etmir. Makronun Azərbaycana yönəlik siyasətini göz önünə gətirmək kifayət edir. Açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıb, separatizmə dəstək verən Makronun beynəlxalq vasitəçi kimi hansısa platformalarda təmsil olunmaq cəhdləri də alınmır. Daha doğrusu, onu vasitəçi kimi qəbul etmirlər. Çünki qeyd etdiyimiz kimi, ədalətli deyil, hansısa böhranın həllinə yox, onun daha da alovlanmasına çalışır. Azərbaycan-Ermənistan məsələsində olduğu kimi. Öz xalqından daha çox erməni diasporuna arxalanan, ikinci dəfə məhz onların dəstəyi ilə prezident kürsüsünə əyləşə bilən Makron bu gün öz uğursuz siyasətinin "bəhrəsini" görür. Ümumiyyətlə, onun hakimiyyətdə olması Fransa demokratiyası üçün bir zərbə oldu. Artıq ölkədəki vəziyyət avtoritarizm kimi qiymətləndirilir. Vəziyyət necə inkişaf edəcək, öz vətəndaşlarının fundamental hüquqlarını belə təmin etməyi bacarmayan Makron hakimiyyətini nə gözlədiyini isə zaman göstərəcək.



