
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.
525.az xəbər verir ki, İranın xarici işlər naziri onu qəbul etdiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.
Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğuladı.
Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd etdi, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğuladı.
İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu dedi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırdı.
Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi.
Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatında rolundan və onun təsisatlanması istiqamətində həyata keçirdiyi işlərdən danışdı.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.
XXX
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
525.az xəbər verir ki, dövlət başçısı bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşünü məmnunluqla xatırlayıb, həmin görüş zamanı Azərbaycan-İraq əlaqələrinə dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.
Fuad Hüsseyn İraqın Prezidenti Əbdüllətif Camal Rəşidin və Baş naziri Şiya əs-Sudaninin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İraqın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
İraqın Baş nazirinin müavini, xarici işlər naziri ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin olduğunu vurğulayıb.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, OPEC+ formatı çərçivəsində uğurla əməkdaşlıq etdikləri bildirilib.
Fuad Hüsseyn İraqın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini daim dəstəklədiyini bildirib, ölkəmizin Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
***
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
525.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.



