
Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan, Yunanıstan və yunan Kipri arasında hərbi əməkdaşlığa dair üçtərəfli proqram imzalanıb. Adıçəkilən ölkələrin müdafiə nazirliklərinin nümayəndələri hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər, aparılan məsləhətləşmələrdən sonra qeyd edilən proqram qəbul edilib. Görüş iyulun 5-də Kiprdə baş tutub. Onlar, həmçinin təhlükəsizlik məsələlərini də müzakirəyə çıxarıblar.
"Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər. Üçtərəfli hərbi əməkdaşlıq proqramına Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirlərin keçirilməsi də daxildir", - Ermənistanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Üç ölkənin hərbi əməkdaşlığı illər əvvəl, Azərbaycan torpaqları işğal altında olanda başlayıb. Prezident İlham Əliyev hələ 2020-ci il sentyabrın 2-də Yunanıstanın yeni səfirini qəbul edən zaman bu məsələyə toxunub, rəsmi Bakının narahatlığını ifadə edib. Dövlət başçısı Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığının narahatlıq doğurduğunu bildirib.
Azərbaycan 44 günlük müharibə nəticəsində öz torpaqlarını işğaldan azad etsə də, regionda təhlükəsizlik üçün riskləri hələ də yüksəkdir, Ermənistanla sülh müqaviləsi imzalanmayıb, sərhəd məsələsi qalıb, Qarabağda çox sayda qanunsuz erməni silahlı dəstələri var. Yəni bölgədə qarşıdurma riskləri mövcuddur. İrəvanın mütamadi olaraq hərbi təxribatlara əl atması da söylənənləri sübut edir. Belə olan halda, əlbəttə ki, bu cür addımlar, hərbi ittifaqlar onsuz da kövrək olan regional təhlükəsizliyə, sabitliyə təhdid yaradır, Azərbaycan-Ermənistan normallaşma prosesi üzrə aparılan danışıqların gedişinə mənfi təsir göstərir. Ermənistanın bununla danışıqlarda əlini gücləndirmək niyyətini görmək də çətin deyil. Amma İrəvan anlamalıdır ki, nə etməsindən asılı olmayaraq, vaxtı daralmaqdadır.
Bir məqamı da yada salaq ki, bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan etdi ki, Avropa İttifaqı (Aİ) tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan Ermənistana hərbi yardım göstərməkdən imtina edib. Onun sözlərinə görə, Varşavada Polşa prezidenti Anjey Dudadan imtina cavabı alıb. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnikanın alınmasına kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib: "Bu mexanizm vasitəsilə Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Ermənistanın tələbi Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik səyləri göstərməsi, həmçinin "münaqişənin həssaslığı" əsas gətirilərək, rədd edilib".
Bu məqamı ona görə xatırladırıq ki, Aİ və NATO-nun üzvü olan Yunanıstan fərqli hərəkət edir, Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirir, bununla da İttifaqın birgə qərarına qarşı çıxmış olur. Digər tərəfdən, Şərqli Aralıq dənizi məsələsini nəzərə aldıqda, Yunanıstan, Kipr və Ermənistan ittifaqının həm də qardaş Türkiyəyə qarşı yönəldiyini deyə bilərik.
Mövzunu "525"ə şərh edən türkiyəli general Yücel Karauz deyib ki, rum Kiprinin Ermənistan və Yunanıstanla hərbi əməkdaşlığı Türkiyə və Azərbaycan baxımından yanaşdıqda, böyük bir təhdid kimi görünmür: "Lakin bu, xüsusilə Aralıq dənizdə və Egey dənizdə, Mavi vətəndə ("Mavi Vətən" Türkiyənin milli təhlükəsizliyi və iqtisadi gələcəyinin firavanlığı üçün layihədir. Şərqi Aralıq dənizindəki enerji resurslarının ədalətli bölüşdürülməsini özündə ehtiva edir-red.) təbii resursların çıxarılması, paylanması, logistika, gəlirlərin bölüşdürülməsində və hansı qaynaqların kimə aid olması məsələsində irəlidə təbii ki, sıxıntılar yarada bilər. Bu, üç dövlət Fransa başda olmaqla digər güclər tərəfindən maliyyələşdirilərək Türkiyə və Azərbaycana qarşı bir araya gətirilmiş ittifaqdır. Bunun başında Fransanın dayanması şübhəsizidr, amma təəccüblü də deyil. Çünki Türkiyə və Azərbaycana qarşı hansı daşı qaldırsaq, altından Fransa çıxır. Dediyim kimi, bu ittifaq Azərbaycan və Türkiyəyə bir təhdid yaratmır, amma Türkiyənin Aralıq dənizi və Egey dənizdə bir sıra işlərinə təsir göstərə bilər. Bu cür addımlar bizə bir daha dostumuzu və düşmənizimi tanımaqda, ayırd etməkdə fürsət verir".
General əlavə edib ki, Yunanıstan və Ermənistan bir tərəfdən Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyini ifadə edir, digər tərəfdən bizə qarşı hərbi sahədə addımlar atır: "Bu, həmin dövlətlərin səmimi, dürüst, sözünü tutan, güvənli olmadığını, uzun müddətli işbirliyi qurulacaq tərəflər olmadığını göstərir. Bu dövlətlər dünyada da belə bir imicə sahibdirlər. Başqa sözlə, bir yandan barış üçün görüşlər keçirərkən, digər tərəfdən hərbi ittifaqa girmək, Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağa doğru hərəkət edirlər. Yunanıstan onsuz da əvvəldən Ermənistanı həm silah-sursatla, həm də hərbi təlimlərlə dəstəkləyib. Əslində, bu atılan addımları Türkiyə-Azərbaycan- Şimali Kipr arasında Türk Dövlətləri İttıfaqı kontekstində meydana gələn inkişaflara, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında yaxın iş birliyi, əlaqələr, ziyarətlərin artmasına bir reaksiya kimi də dəyərləndirmək mümkündür".
Y.Karauz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün ABŞ-ın, Avropa İttifaqının səylər göstərdiyi bir vaxtda, Ermənistanın bu cür hərəkətlərinin regionda sülh və təhlükəsizliyə hansı maneələr yaratmasına da toxunub. Onun sözlərinə görə, Ermənistanın sülh anlaşması bağlamaq kimi bir niyyəti var: "Amma əvvəldən dediyimiz kimi, Ermənistan dövləti 5-6 fərqli gücün təsiri altındadır. Başqa tərəfdən, bu gün dünyada böyük bir böhran yaşandığndan əsas məsələ Cənubi Qafqaz deyil. ABŞ üçün əsas Çin-Amerika savaşına, rəqabətinə hazırlıqdır. Bu mənada həm Çinin təsirini qırmaq, Cənubi Qafqaza müdaxiləsinə əngəl olmaq, həm iqtisadi, həm də ittifaq anlamında regiondakı problemi həll etmək istəyir. Dolayısıyla, Ermənistandakı sülh istəməyən qüvvələr, əli qana batmış qatillər başqa dövlətlərin uzantıları olan güclər provokativ terror fəaliyyətlərini aparırlar. Belə olan halda istənilən barışa, sülhə nail olmaq mümkün deyil. Çünki Cənubi Qafqaz birdən çox dövlətin, beynəlxalq təşkilatların maraq, mənfəət, nüfuz sahəsidir. Heç kim ordan vaz keçmək istəmir".



