
Dünya iqtisadiyyatının bir sıra qlobal çağırışlarla üzləşdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatında, xüsusilə qeyri-neft sahəsində və qeyri-neft sektorunun sənaye sahəsində artım müşahidə olunub. Bu ilin altı ayı ərzində qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artıb. Bu rəqəmlər Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə açıqlanıb. Müşavirədə 2023-cü ilin birinci yarısında qarşıdan duran vəzifələri aşağıdakı kimi xarakterizə edilib: Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi; Qeyri-neft sektorunun inkişafı; Qarabağın və Şərqi Zəngəzurun bərpası; İqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi.
Altı ayın statistikasına, görülmüş işlərə diqqət edəndə, qarşıya qoyulan vəzifələrin icra olunduğunu görmək mümkündür. Əldə edilən nəticələr ölkədə islahatların davamı olaraq maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsinə, vergi və gömrük sahələrindən büdcəyə daxilolmaların artmasına, büdcəyə yenidən baxılaraq dürüstləşmə aparılmasına səbəb olub. Bütün bunların nəticəsi olaraq builki dövlət büdcəsi daha 3 milyard manat artırılaraq 33 milyard manatdan 36 milyard manata kimi yüksəldililb. Əlavə vəsaitin əhəmiyyətli hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinə, müdafiə xərclərinə yönəldilib. Belə ki, 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi sektora ayrılıb.
Onu da qeyd edək ki, ölkəmizin xarici borcu da azalıb. Azərbaycan dünyada ən az xarici borcu olan ölkələr sırasındadır. 6,7 milyard dollarlıq xarici borc ÜDM-in 10 faizini təşkil edir. Dövlət başçısı bir neçə il əvvəl xarici borcun azaldılmasını prioritet vəzifə kimi müəyyən etmişdi və nəticə özünü çox gözlətmədi. Eyni zamanda ölkədə makroiqtisadi sabitliyin təmin olunması, manatın məzənnəsinin 6 ildir ki, sabit qalması dünya praktikasında nadir hadisələrdən biri kimi xarakterizə edilməlidir.
Azərbaycanın əlverişli coğrafi vəziyyəti ona əlavə imkanlar yaradır. Ölkəmiz nəqliyyat, daşınmalar sahəsində də inkişaf əldə edib. Azərbaycan təkcə böyük yüklərin daşındığı tranzit ölkə olmaq deyil, həm də nəqliyyat marşrutları üzərində istehsal sahələri yaratmaq niyyətindədir. 2023-cü ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşımaların həcmi 6,8 və sərnişindaşımaların həcmi isə 19 faiz artıb. Bu artım həm də son dövrdə Azərbaycanın beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilməsi ilə əlaqədardır.
Yuxarıda vurğuladığımız kimi, Azərbaycan bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edib. Müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyası da bunu sübut edir. Azərbaycanın öz gücünə, heç bir yerdən yardım almadan Böyük Qayıdış Proqramını uğurla icra edir. Proqram çərçivəsində birinci mərhələdə 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Dövlət başçısı 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında şəxsən iştirak edib. Heydər Əliyev Fondu tərəfindən azad edilmiş ərazilərdə məscidlər, mədəniyyət abidələri bərpa olunub.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı şərhində bildirib ki, bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası və eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsinə xüsusi yer ayırıldı. Bu ilin ilk yarısında qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artması müsbət haldır və bu enerjidən kənar sektorların artıq iqtisadi artımda drayverə çevriliməsindən xəbər verir. Bu, həmçinin ÜDM-in strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir.
Deputat əlavə edib ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir: "2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə ayırmaların artırılmasına imkan yaratdı. 2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12.0 milyard manata çatacaq. Onun 5.5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20.0 milyard manatdan çox olacaq. Bütün bunlar Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradır. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlət başçısı artıq 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi də bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez və intensiv reallaşacaq. Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq. Bu isə o deməkdir ki, artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması müşahidə olunur".
V.Bayramov vurğulayıb ki, bütövlükdə, bu ilin birinci yarısında əldə edilən nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda, fiskal gəlirlərimizdə artım tendensiyasının davam edəcəyindən və Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir.



