
Bu həftə Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair altıncı yüksək səviyyəli görüşün keçirilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Antoni Blinken ilə ötən gün keçirdiyi telefon danışığı zamanı yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan da hökumətin iclasında görüş barədə məlumat verib. Onun sözlərinə görə, üçtərəfli formatda - Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşü iyulun 15-də baş tutacaq. Paşinyan görüşdə iştirakını artıq təsdiqlədiyini söyləyib.
"Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq", - Ermənistan hökumətinin başçısı əlavə edib.
Bundan əvvəl iyulun 12-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib.
Xatırladaq ki, Əliyev-Paşinyan arasında əvvəlki qeyri-rəsmi xarakter daşıyan görüş iyulun 1-də Moldovanın paytaxtında Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Həmin görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da iştirak edib. Mişel bu müzakirələri növbəti Brüssel görüşünə hazırlıq kimi qiymətləndirib.
Brüssel görüşü ərəfəsində Azərbaycan Prezidenti ilə ABŞ-ın dövlət katibi Blinken arasında telefon danışığı olub. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.
Blinken isə tviter hesabında bu barədə yazıb: "Mən Azərbaycan Prezidenti Əliyevlə danışdım, ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində ardıcıl səylərə güclü dəstəyini bir daha bəyan etdim. ABŞ bu müzakirələri asanlaşdırmağa kömək etməyə sadiqdir".
Azərbaycanın bu məsələdə mövqeyi aydındır və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha bu mövzuya toxunub və ölkəmizin mövqeyini səsləndirib. O deyib: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq... Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən, Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".
Rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko mətbuata açıqlamasında görüşdən gözləntilərini açıqlayıb. Onun sözlərinə görə, ayrı-ayrı məkanlarda keçirilən bu görüşlər tədricən mövqeləri yaxınlaşdırmağa, hələ də həllini tapmayan məsələləri müzakirə etməyə, yanaşmalar tapmağa yönəlib.
Ekspert hesab edir ki, hazırda Ermənistan Azərbaycanla danışıqlara və razılaşmalara daha çox meyllənib. "Bunun birinci səbəbi qlobal tendensiyalardan kənarda qalmamaq istəyidir. Ermənistan hakimiyyətin işğalçılıq təfəkkürünün qalıqları və qonşularına qarşı iddiaları ilə kifayət qədər marginallaşmış bir ölkədir. Eyni zamanda, İrəvan anlamağa başlayır ki, dünya artıq dönməz şəkildə dəyişib, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, qonşularla sağlam münasibətlərin qurulmasına, həm regional, həm də qlobal iqtisadi inteqrasiya proseslərinə başlamaq lazımdır.
Düşünürəm ki, bütün bunlar Ermənistanı tədricən Azərbaycanla münasibətlərə strateji yanaşmaların dəyişməsinə doğru sürükləyir. Amma qeyd etmək istəyirəm ki, sülh müqaviləsinin imzalanmasına hələ var". Bundan heç nə gözləmək lazım deyil. uzun mərhələli proses əvəzinə irəliləyişlər".



