
Türkiyə dövlətinin son 50 ildə qarşısına qoyduğu ən böyük hədəflərindən biri də Avropa Birliyinə üzvlük məsələsidir. Türkiyənin Avropa Birliyinə üzvlük prosesi 1960-cı illərdə Avropa İqtisadi Birliyi ilə anlaşma əsasında başlamışdı. 1980-ci illərin sonlarında isə üzv olmaq üçün müraciət edən Türkiyə, bundan 12 il sonra 1999-cu ildə Avropa ölkələri tərəfindən üzvlüyə namizəd olaraq qəbul edildi.
2002-ci ildə Ədalət və İnkişaf partiyasının iqtidara gəlməsi və Rəcəb Tayyib Ərdoğanın hökumətə rəhbərlik etməsi ilə çox sayda üzvlük müzakirələri, görüşlər, bununla əlaqədar olan xarici səfərlər həyata keçirilib. Hətta Türkiyədə Avropa Birliyi Nazirliyi belə təsis edildi. Lakin bu günədək bu müzakirələr hələki müsbət nəticə verə bilməyib. Bunun başlıca səbəbinin isə Türkiyənin bir sıra Avropa ölkələri ilə baş verən gərginliklər, Avropanın Türkiyəni antidemokratik olmaq, insan haqlarını pozmaqda ittiham etməsi, həmçinin Türkiyənin hərbi sənayenin gücləndirilməsinə qarşı sərgilədiyi mövqe və digər bir sıra amillər olduğu deyilir. Eyni zamanda, bəzi türk siyasətçilər son illərdə Türkiyənin artıq Avropa Birliyinə daxil olmağa maraqlı olmadığını da qeyd edirdilər. Güman olunurdu ki, Avropa Birliyinə üzvlük məsələsi artıq Türkiyə üçün o qədər də əhəmiyyətli deyil.
Ancaq Türkiyə Prezidenti Tayyib Ərdoğan NATO zirvə toplantısı öncəsi İstanbulda baş tutan mətbuat konfransında İsveçin NATO-ya daxil olması üçün yeni şərtini açıqladı. O, Avropa Birliyi dövlətlərini İsveçin NATO üzvlüyü müqabilində, Türkiyənin də bu birliyə üzv olmasına imkan verməyə dəvət etdi. Almaniya Kansleri Olaf Şolts isə Türkiyənin birliyə üzv olması ilə, İsveçin NATO-ya üzv olması arasında heç bir əlaqə olmadığını bildirsə də, Ərdoğanın bu təklifinə müsbət reaksiyalar da olub. Məsələn, Ağ Ev, həmçinin NATO Baş Katibi Yens Stoltenberq də Türkiyənin bu istəyini dəstəklədiklərini qeyd edib.
Politoloq Qabil Hüseynli “525”ə bildirib ki, bunun baş tutmasında Türkiyəyə əsas əngəl olan ölkələr Almaniya və Fransadır: “Zənnimcə, Türkiyədəki son seçkilər və orada göstərilən yüksək demokratiya performansı ABŞ-nin da, NATO Baş katibinin də Türkiyə haqqında təsəvvürlərini dəyişib. Bu nöqteyi-nəzərdən həm Amerikanın həm də NATO-nun Avropa Birliyi ilə bağlı Türkiyənin mövqeyini dəstəkləyə biləcəklərini söyləmək mümkündür. Türkiyə 50 ildir ki, Avropa Birliyinin qarşısında oraya üzv olmaq üçün gözləyir. Özüdə Avropa Birliyinə üzvlüyə də namizəddir. Yəni bunun üçün bəlli olan prosedurları, tələbləri də yerinə yetirib. İndi isə Türkiyə yaranmış vəziyyətdən yararlanmaq istəyir, çünki İsveçin NATO-ya qəbul edilməsinin müqabilində o da Avropa Birliyinə daxil olmaq üçün NATO dövlətlərindən dəstək istəyir. Bu dəstəyi NATO Baş katibi, ABŞ və digər Avropa ölkələri də verir. Əlbəttə bu yolda Türkiyənin Avropa Birliyi üzvlüyünə əsas əngəllər törədən ölkələr Almaniya və Fransadır, hətta Fransanın dağıdıcı rolunu xüsusuilə qeyd etmək lazımdır. Əgər bu ölkələrin müqavimətini sındırmaq mümkün ola bilərsə, düşünürəm ki, Türkiyə Avropa Birliyinə daxil olmaq üçün real şanslar əldə edə biləcək. Mən indiki yaranmış vəziyyətdə Qərbin Türkiyəyə böyük ehtiyacı olduğunu hesab edirəm və güman edirəm ki, Qərb Türkiyənin potensialından istifadə edərək qarşısında duran bir sıra əngəlləri də aşmağa çalışacaqdır. Hesab edirəm ki, Avropa Birliyinə daxil olmaq üçün Türkiyənin qarşısında yaxşı perspektivlər yarana bilər. Onu da qeyd edim ki, Avropa Birliyinə daxil olmaq üçün Türkiyəyə yol xəritəsi çoxdan hazırlanıb. O yol xəritəsinin əksər müddəaları Türkiyə tərəfindən həyata keçirilibdir və indiki şəraitdə Avropa Birliyi Türkiyə üçün əlavə yol xəritəsini də təklif edə bilər, amma bu məsələyə diqqətlə yanaşılması vacibdir, çünki Avropa bəzən Türkiyəyə qarşı müəyyən stereotiplərdən, xüsusilə siyasi məhbus, mətbuat azadlığı və milli azlıqlara münasibət məsələlərində bir növ ilişib və bunu problem kimi təqdim etməyə çalışır, ancaq həmin problemlər bu gün Türkiyə tərəfindən demək olar ki, həll edilib və bəzi istisnalar olsa belə Türkiyə həm insan haqları, həm demokratiya, həmdəki digər standartlara görə Avropa Birliyinə üzv olmağa layiqdir və bunu da tələb edəcək”.
“ABŞ Türkiyənin bu birliyə üzvlüyünü daha çox dəstəkləyir. Çünki son seçkidən sonra Amerika Türkiyə qarşısındakı bariyerləri qaldırmağa başlayıb. Məsələn, Türkiyəyə modernləşdirilmiş F-16-ların göndərilməsi məsələsi, eləcə də Türkiyə və ABŞ arasındakı strateji müttəfiqliyin bəzi müddəalarının yerinə yetirilməsi, xüsusilə Amerikan Konqresindəki bəzi türkəfob konqresmenlərin müqavimətinin aradan qaldırılması istiqamətində Amerikada ciddi işlər aparılır. Xüsusuən Bayden Administrasiyası artıq Türkiyə ilə qarşıdurma deyil, yaxın əməkdaşlığın seçilməsi yolunu tutub və onlar yaxşı başa düşürlər ki, bu cür yolun tutulması həm Rusiyaya həm də Çinə qarşı mübarizədə ABŞ üçün böyük dəstək ola bilər” – politoloq qeyd edib.
Politoloq İlqar Vəlizadəyə görə isə Türkiyənin əsas marağı Avropa Birliyi ilə ticarət əlaqələrini inkişaf etdirməkdir: “Türkiyə hazırda başa düşür ki, Avropa İttifaqına tam surətdə daxil ola bilməyəcək, əslində heç o Türkiyəyə lazım da deyil. Təsəvvür edin ki, Avropa İttifaqında Türkiyə daimi üzv olsa o zaman Avropa İttifaqının ümumi qərarları Türkiyə üçün də vacib olacaq. Amma Avropa İttifaqının burda bir çox məsələlərdə Türkiyə ilə mövqeləri üst-üstə düşmür. Xüsusilə Suriya və İraqda Türkiyənin apardığı antiterror siyasəti məsələsində Avropanın Türkiyə ilə mövqeləri üst-üstə düşmür və düşünmək çətindir ki, Türkiyə nə vaxtsa Avropanın bu cür qərarları ilə razılaşar və onların tələblərini yerinə yetirər. Hərhalda Ərdoğanın prezident olduğu Türkiyə bunu etməyəcək. Ancaq Türkiyənin marağı bundan ibarətdir ki, Avropa İttifaqı ilə azad ticarət inkişaf etdirilsin. Türkiyə və Aİ arasında azad ticarət bölgəsinin yaradılması ilə bağlı ikitərəfli razılaşma da var. Bu uzunmüddətli razılaşmadır və çoxdan tərtib olunub. Bu razılaşmaya yeniliklər gətirmək, yəni Türkiyənin Avropa ilə sərbəst ticarət aparması üçün Türkiyə bu iddiaları qaldırır. Türkiyə istəyir ki, onun ən azından üzvlüklə bağlı müraciətinə baxılsın və ən azından azad ticarət sazişi müzakirə olunsun. Avropa İttifaqı isə uzun illəridir ki, bundan boyun qaçırdır. Digər tərəfdən qarşılıqlı viza rejiminin də sərbəstləşməsi ilə bağlı təkliflər də var və Türkiyə israrla iddia edir ki, digər Aİ üzvü olmayıb, lakin bu ittifaqla qonşu olan ölkələrin sərbəst viza rejimi var bəs nəyə görə Türkiyənin olmasın”
Politoloq onu da qeyd edir ki, ABŞ və NATO-nun dəstəyi ritorik xarakter daşıyır: “NATO-nun Türkiyənin Aİ üzvlüyünü dəstək açıqlaması ritorikdir, çünki nə ABŞ, nə də NATO birbaşa bu məsələyə müdaxilə edə bilməz. Sadəcə olaraq onların Türkiyəyə dəstək verməsi yəni, biz sizin yanınızdayıq lakin siz də bizim yanımızda olun mesajıdır. Avropa, ABŞ və NATO-nun da hal-hazırda Türkiyədən istədiyi odur ki, ən azından İsveçin alyansa daxil olmasına Türkiyə mane olmasın və bunun müqabilində də bəli onlar da siyasi ritorikaların da dəyişiklik edirlər, Türkiyənin üzvlük istəyini dəstəklədiklərini bildirirlər. Bu həm də ondan xəbər verir ki, əgər Türkiyə bəzi məsələlərdə ABŞ və NATO maraqlarını nəzərə alsa, onlar da başqa məsələlər də Türkiyənin maraqlarını nəzərə alacaqlar”
Fərid Sançar



