
Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror həyata keçirir. Torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı müddətində ermənilər ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlarımıza ciddi ziyan vurub, hava və suyun çirkləndirilməsi ilə milyonlarla insanın həyatına təhlükə yaradıb. Ermənilərin törətdiyi ekoloji terror, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir. Çünki bu vəhşiliyin nəticəsində regionda ekoloji balans pozulub. Ermənistanın ekoloji terroru bu gün də davam edir. Bu ölkənin dağ-mədən sənayesinin fəaliyyəti çox ciddi risklər və təhlükə törədir. Azərbaycan tərəfindən dəfələrlə müraciətlərə baxmayaraq, beynəlxalq qurumların adekvat reaksiya verməməsi Ermənistanın ekoloji terroru davam etdirməsinə rəvac verir. Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb. Müraciətdə vurğulanıb ki, Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov mövzu ilə bağlı bildirib ki, Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərində bərpası uzun illər tələb edən və bərpası mümkün olmayan ekoloji zərər vurub: "Flora və fauna məhv edilib, 460 növə yaxın yabanı bitki növlərinin əksəriyyəti, o cümlədən, nadir bitki növləri, nadir çinar meşələri məhv edilib. Ərazilərdə yanğınlar törədilib və bütün sürünənlər, gəmiricilər, həşəratlar, quşlar məhv edilib. Ermənilərin vəhşicəsinə istismarı nəticəsində mədən hasilatına ciddi zərər dəyib, su mənbələri çirkləndirilib. İndi də Ermənistan öz ərazisindən Azərbaycan ərazisini çirkləndirir, transsərhəd, ekoloji təsirlərə məruz qoyur. Bununla bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın Baş naziri Nikol Paşinyana da müraciət edib. ESPO konvensiyasının tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulub. Ermənistan qonşu dövlətlərə - Azərbaycana vurduğu mənfi ekoloji təsirlərə görə cavabdehlik daşımalı, belə hadisələr zamanı Azərbaycanı xəbərdar etməli, məsləhətləşmələr aparmalıdır, ekoloji təsirləri minimuma endirməlidir, razılaşmalara getməlidir. Ermənistan tərəfi isə bunların heç birini etmir. Həm maye, həm qaz, həm də bərk tullantı şəklində Azərbaycanı çirkləndirməkdə davam edir. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyəti bu dəfə də beynəlxalq təşkilatlara müraciət edib, orada faktlar sadalanıb. Hesab edirəm ki, bu istiqamətdə həm hökumət, həm də vətəndaş cəmiyyətləri ayrı-ayrılıqda səylərini davam etdirməlidir".
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli isə deyib ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları BMT-yə və beynəlxalq ictimaiyyətə müraciət etməklə Ermənistanın dağ-mədən şirkətlərinin bütün Cənubi Qafqaz regionuna və ümumilikdə qlobal ekosistemə vurduğu böyük ziyana diqqət çəkməyə çalışır. Ermənistanın uzun illər ərzində bu sahədə qeyri-şəffaf, standartlardan uzaq, riskləri nəzərə almayan fəaliyyəti vəziyyəti artıq fəlakət həddinə çatdırıb. O bildirib ki, illərdir Azərbaycan ictimaiyyətinin, ekoloqlarının və hökumətinin təqdim etdiyi, Oxçuçayın böyük həcmdə çirkləndirilməsi ilə əlaqədar obyektivliyi şübhə doğurmayan, beynəlxalq akkreditasiyaya malik xarici laboratoriyaların təsdiqlədiyi sübutlara baxmayaraq, Ermənistana münasibətdə sərt tədbirlər görülməyib: "Ermənistanın region ölkələrinin əhalisinin sağlamlığını təhdid edən bu məsuliyyətsiz davranışına göz yumulur. Bu məsələdə BMT və onun ixtisaslaşmış təşkilatları, ətraf mühit məsələləri ilə məşğul olan beynəlxalq qurumlar məsuliyyət daşıyırlar. Onlar öz səlahiyyətləri, beynəlxalq konvensiyalar çərçivəsində Ermənistanın cavab verməli olduğunu, rəsmi İrəvandan hesabat tələb etməlidirlər. Bütün regionun ekoloji təhlükəsizliyi bir neçə şirkətin və ya Ermənistanın siyasi rəhbərliyinin kommersiya maraqlarına qurban verilə bilməz. Azərbaycan vətəndaş cəmiyyəti bunun belə olduğunu sübutlarla nümayiş etdirir və beynəlxalq təşkilatları məsuliyyətə çağırır. Azərbaycan vətəndaş cəmiyyətinin, ekoloqlarının davamlı və israrlı çağırışları artıq bu problemləri aktuallaşdırıb, region ölkələri bu məsələlərə xüsusi diqqət ayırmağa başlayıblar. İndi növbə beynəlxalq təşkilatlarındır. Onlar konkret addımlar atmalı və Ermənistanın cinayətlərinə göz yummamalıdırlar".



