
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən sonra azad edilmiş ərazilərimizin sürətli şəkildə bərpasına və yenidənqurulmasına başlanıldı. Baxmayaraq ki, Ermənistan işğal dövründə ərazilərimizi tamamilə dağıtmışdı, bir tikili belə qalmamışdı, Azərbaycan dövləti qısa müddət ərzində öz gücünə, heç bir kənar yardım olmadan azad edilmiş ərazilərdə çox böyük işlər görə bildi. İlk addım isə ermənilər tərəfindən kütləvi şəkildə minalarla çirkləndirilmiş torpaqlarımızın təmizlənməsi oldu. Çünki bərpa-quruculuq işlərinin aparılması, infrastrukturun qurulması, insanlarımızın öz yurd yerlərinə təhlükəsiz qayıdışı üçün minaların təmizlənməsi ilk şərt idi. Minalardan təmizlənmə, bərpa-quruculuq bu gün də ardıcıl olaraq davam etdirilir. Azərbaycan dövlətinin məqsədi maksimum qısa vaxt ərzində işləri tamamlamaq, 30 ilə yaxın öz yurd-yuvalarından didərgin düşmüş insanların qayıdışına nail olmaqdır. Amma bu proses, quruculuq müasir standartlar və texnologiyalar əsasında həyata keçirilir. Ötən il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bununla bağlı bildirdi ki, azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük: "Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən, tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik".
Zəngilan rayonunun Ağalı kəndi həm də Böyük Qayıdışın ilk ünvanıdır. Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi il yarım sonra baş tutdu.
Belə ki, bir il əvvəl, iyul ayının bu günləri Böyük Qayıdışın başlanğıcı oldu. "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı.
Yuxarıda qeyd etdiyimiz kimi, bundan əvvəl - mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Dövlət başçısı sakinlərlə görüşündə bildirdi ki, Müstəqillik Günü ərəfəsində Ağalı kəndində, dirçələn Ağalı kəndində bu görüşün keçirilməsinin çox böyük rəmzi mənası var: "Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir. Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən, ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək".
Ağalıya ilk köçdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il oktyabrın 19-da yenidən Zəngilan rayonunun Ağalı kəndinə yenidən səfər edib, insanların vəziyyəti, oradakı ümumi durumla yaxından tanış olublar.
Ağalıda "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan başlayaraq əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsi ilə bu köç prosesinin 4 mərhələdə həyata keçirilməsinə start verildi ki, ilk mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi təmin edildi (təxminən 200 nəfər). Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur. Kənddə enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur. Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.
Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Kənddə insanların dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə "ASAN", "DOST", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlərinin və s. mövcud olması Ağalı sakinlərinin rahat, problemsiz yaşayışına töhfə verməkdədir. Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb.



