
Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülmüş işlərlə yerindəcə tanış olaraq, əlavə tapşırıq və tövsiyələrini verir. Dövlət başçısının birbaşa nəzarəti altında azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri müasir standartlar, yeni texnologiyalar əsasında davam etdirilir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiq edilməsi də bunun göstəricisidir.
Bu günlərdə Prezident yenidən azad olunmuş ərazilərə səfər edib. Dövlət başçısının eyni zamanda 44 günlük Vətən müharibəsində Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfər etməsi bir çox aspektlərdən xüsusi önəm daşıyır. Çünki Xocalı hər bir azərbaycanlının qəlbində göynəyən yaradır. İllər keçsə də, Xocalı dəhşətləri unudulmayacaq. Ermənistanın son 30 ildə xalqımıza qarşı törətdiyi ən amansız cinayət, soyqırımı, kütləvi qətliam məhz Xocalıda olub. Ona görə də dövlət başçısının səfəri tarixi əhəmiyyət daşımaqla yanaşı, bir sıra mühüm mesajları özündə ehtiva edirdi. Yəni Azərbaycan qalan əraziləri üzərində də öz nəzarətini tam bərpa edəcək bu yerlərə yeni həyat qayıdacaq. Üç ilə yaxındır işğaldan azad edilmiş ərazilərimizdə görülən bütün işlər də məhz bunu sübut edir. Böyük olmayan bir dövlətin öz imkanları ilə qısa müddətdə heç bir dəstək olmadan öz gücünə gördüyü nəhəng işlər ortada güclü iradənin olmasından xəbər verir. Belə ki, azad olunmuş ərazilərdə qısa müddət ərzində müasir yol infrastrukturu qurulub, bu istiqamətdə işlər davam etdirilir, beynəlxalq hava limanları tikilib, Füzuli rayonundan Şuşaya Zəfər yolunun çəkilib, Böyük Qayıdışa başlanılıb.
Dövlət başçısının səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə də tanış olub. Ümumilikdə bu yolun 50 faizi tamamlanıb. Yolboyu 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Görülən işlər bir daha onu göstərir ki, Prezidentin qeyd etdiyi kimi, tezliklə doğma Qarabağı cənnətə çevirəcəyik.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərini şərh edərkən deyib ki, hazırda müvəqqəti olaraq sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə Azərbaycan qanunlarının tətbiq edilməsi zərurəti var və Azərbaycan addım-addım buna doğru gedir. Çünki sülhməramlıların Azərbaycanda qalma müddəti başa çatmaq üzrədir: "Buna görə də şübhəsiz ki, biz bu ərazilərimizdə də qanunlarımızı ən qısa müddətdə tətbiq etməliyik. Fikrimcə, Azərbaycan Prezidentinin Xocalı rayonunun yüksəkliklərindən verdiyi mesaj həm də bununla bağlı ola bilər".
Deputat əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri Azərbaycan xalqında qürur yaradır: "Azərbaycan Prezidentinin Füzuli və Xocalı rayonlarına səfəri zamanı bir daha onun şahidi olduq ki, işğaldan azad olunmuş ərazilərimizdə necə böyük tikinti, quruculuq işləri aparılır, Böyük Qayıdış üçün necə böyük infrastuktur yaradılır, yollar çəkilir, körpülər inşa edilir. Əlbəttə ki, bu, xalqımızın tarixində çox mühüm hadisədir".
Onun sözlərinə görə, dövlət başçısının səfəri çəkilən yollar, aparılan işlər, qəsəbələr və onların hazırkı vəziyyəti ilə tanışlıq xarakteri daşıyır: "Lakin Prezident İlham Əliyevin Xocalı rayonunun Sığnaqçı kəndinə getməsi və Əhmədbəyli-Şuşa yolunun tikintisinin ümumi mənzərəsi ilə tanış olması, tunellərin inşası və çox mürəkkəb relyefdə onların necə sürətlə tikilməsi məsələlərinə diqqət yetirməsi Qarabağda görülən işlərlə bağlı hər birimizdə əyani bir təsəvvür yaratdı. Eyni zamanda müzəffər Ali Baş Komandanın Xocalı rayonunun kəndlərində olan yüksəkliklərdə ərazilərimizə nəzər salması da Azərbaycanın hər qarış torpağında dövlətimizin qanunlarının tətbiq olunacağı ilə bağlı verilən mesaj kimi də qəbul edilə bilər. Çünki bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bütün sərhədləri boyu bir qarış ərazi də nəzarətimizdən kənarda deyil. O cümlədən, Ermənistan-Azərbaycan sərhəddində Laçın yolu üzərində də Azərbaycan öz nəzarət-buraxılış məntəqəsini quraşdırıb".



