
Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 25-i keçirdiyi mətbuat konfransında Qarabağ və sülh məsələsi ilə bağlı yenə də ikibaşlı açıqlamalar verib. Paşinyan həm Azərbaycan, həm də Ermənistanın sülh müqaviləsi imzalamaq üçün hazır olmadığını bildirib. Halbuki sülh müqaviləsinin imzalana bilməməsinin əsas səbəbkarının məhz İrəvan olduğunu deyə bilərik. Çünki Ermənistan sülhə nail olmaq üçün ciddi addımlar atmır, yəni istər sərhədlərin müəyyən edilməsi, istərsə də 10 noyabrda imzalanmış bəyannamənin şərtlərinə əməl etməkdən boyun qaçırmaq sülh danışıqlarının hələki nəticə verməməsinin əsas səbəblərindən biridir.
Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirsə də, oradakı qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması istiqamətində indiyədək addım atmayıb, habelə Zəngəzur dəhlizinin açılmasının da əleyhinədir. Baxmayaraq ki, bunlar 10 noyabrda imzalanmış bəyannamənin əsas şərtlərindəndir. Nikol Paşinyan həm də sülh danışıqlarının gündəliyinin, prinspial məsələlərin dəyişmədiyini də deyib.
Politoloq İlyas Hüseynov “525”ə bildirib ki, Paşinyan özünü sanki regionda baş verən hadisələrdən məlumatsız biri kimi göstərir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Qlobal Forumunda dünyanın aparıcı KİV nümayəndələri üçün təşkil olunan tədbirdə regionun gələcəyi ilə bağlı mühüm sualları cavablandırdı. Ardınca Nikol Paşinyan da media müstəvisində tədbir həyata keçirərək istənilən prosesdə Azərbaycana oxşamağa cəhd etdi. Burada Paşinyanın bir sıra diqqət çəkən açıqlamaları vardır. Təzadlı məqamlar, həqiqətin təhrif olunması ilə yanaşı, sülh istiqamətində də bir sıra işartılar görünməkdədir və Nikol Paşinyan bildirib ki, danışıqların gündəliyi dəyişməyib. Əlbəttə, danışıqların gündəliyi ona görə dəyişmir ki, Ermənistan üzəribə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmır, digər tərəfdən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan MR arasında əlaqənin təmin olunmasına da qarşı çıxır. Bunun üçün müxtəlif bəhanələr irəli sürülür və bütün bunlar qəbul olunmazdır. Eyni zamanda Azərbaycan təklif etmişdi ki, Ağdam-Xankəndi marşrutu üzrə yüklər daşınsın, humanitar yardım həyata keçirilsin. Məhz Xankəndi-Əsgəran yolu üzərinə beton plitələrin vurulması həm də Ermənistanın qeyri konstruktiv münasibətini əks etdirir. Burada da Nikol Paşinyan özünü elə aparır ki, sanki regionda gedən proseslərdən məlumatsızdır və bütün baş verənlərin ona aidiyyatı yoxdur. Bu da riyakarlığın bir nümunəsidir”.

Paşinyan eyni zamanda mümkün sülh müqaviləsinin bəzi maddələrinin razılaşdırılmasında irəliləyiş ola biləcəyini də qeyd edib. Bəs bu maddələr nədir və Moskvada baş tutan üçtərəfli görüşdə bu öz həllini tapa bilər?
Politoloq Ermənistanın Bakı üçün tamamilə qəbulolunmaz təkliflərinin olduğunu bildirib:
“Sülh danışıqlarının uzanmasına səbəb rəsmi İrəvanın qeyri konstruktiv mövqeyidir. Bu gün Xarici İşlər nazirləri səviyyəsində Moskvada görüş keçirilir və sülh və dövlətlər arası münasibətlərin qurulmasına dair ikitərəfli saziş üzrə növbəti dəfə danışıqlar keçirilir və bu danışıqlar ərəfəsində Nikol Paşinyanın təzadlı fikirləri həm də sülhə qarşı yönəlib və o təhlükəsizliyi yaratmaq üçün olan təşəbbüslərin də üzərindən xətt çəkir. Əlbəttə ki, Bakı və İrəvan arasında imzalanacaq sülh müqaviləsinin bir sıra maddələri razılaşdırılıb, lakin burada Ermənistanın tamamilə qəbul olunmaz bir yanaşması mövcuddur ki, beynəlxalq mexanizm təşkil olunsun və Bakı ilə Xankəndi arasında dialoqda hansısa vasitəçilər iştirak eləsin. Bu tamamilə yolverilməzdir və Azərbaycan öz vətəndaşları ilə qurulan dialoqda heç bir mexanizmə, vasitəçiyə və ya moderatora duymur”.
Fərid Sançar



