
ATƏT-in artıq keçmiş olan Minsk qrupu 30 ilə yaxın müddət ərzində öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmadı. Azərbaycan cəmiyyətində bu təsisata tam şəkildə etimadsızlıq var idi. Çünki həmsədrlərin işi sadəcə regiona turist səfərləri etmək, münaqişənin həllinə deyil, daha da uzanmasına öz "töhfələri"ni vermək idi. Nəhayət, Azərbaycan özü 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etdi.
Təəssüf ki, bu gün yenə də Qərb, o cümlədən, ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər müşahidə olunur. Bu, əlbəttə ki, Qərbin siyasi riyakarlığının təzahürüdür. Qərb bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün vasitəçilik edir, amma digər tərəfdən yenidən Minsk qrupunu dirçəltmək cəhdi, daha çox oyunçuların cəlb olunmasına çalışmaq prosesin uzanması, regiona sülhün gəlişinin əngəllənməsi deməkdir. Məlumdur ki, Azərbaycan heç vaxt buna yol verməyəcək. Minsk qrupu keçmişdə qalıb. Yetər ki, onu bərpa etmək istəyənlər də birdəfəlik bu reallığı qəbul etsinlər. Başqa düşündürücü və Qərbin riyakarlığını göstərən məqam isə budur ki, Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe sərgiləsə də, onu özünə düşmən saysa da, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür. Qərbin Ukrayna məsələsi ilə bağlı Rusiya ilə separat danışıqlara başlaması və əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir. Prezident Zelenskinin istədiyi silahlar verilmir, amma bununla yanaşı Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini gözləyir. Bu ağır vəziyyətin fonunda Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində iş gedir. Qərb nə qədər ikiüzlü oyun oynasa da, Azərbaycanı bu oyunlarının meydanına çevirə, ölkəmizə qarşı yeni vahid cəbhə yarada bilməyəcək. Çünki dövlətimiz qətiyyətli iradəsini ortaya qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Şuşada keçirilən beynəlxalq media forumda mövzuya münasibət bildirib.
Sitat: "Bu gün Minsk qrupunun yenidən canlandırılması qəbuledilməzdir və biz bunu qəbul etməyəcəyik. Bu qırılmış vazanı yenidən bir yerə gətirmək üçün bu gün müəyyən fikirlər, danışıqlar var. Amma bu, praktiki cəhətdən də mümkün deyil. Eyni zamanda, Azərbaycan buna razı olmayacaqdır. Çünki bizim onların fəaliyyəti ilə bağlı o qədər də xoş xatirələrimiz yoxdur. Rəqabətə gəldikdə, bəli, biz vasitəçilər arasında bu rəqabəti görürük. Bu isə qlobal rəqabətin bir parçasıdır, hətta o rəqabətin harada olmadığını tapmaq çətin olardı, yəni, Cənubi Qafqaz və Azərbaycan istisna deyil".
Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, ATƏT-in Minsk qrupunun bərpasına cəhd göstərilir, amma bu, mümkün deyil. Onun sözlərinə görə, Minsk qrupu qlobal güc təmsilçilərinin maraqları naminə 30 il regionda sülhün əldə olunmasına imkan vermədilər, münaqişəni uzatdılar, status-kvonu saxlamağa çalışdılar. Nəhayət, Azərbaycan özü bu problemi həll etdi.
Deputat əlavə edib ki, indi tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpa olunması cəhdlərinə Azərbaycan əsla icazə verə bilməz:"Bu gün beynəlxalq hüququn istismar olunması, Qərb siyasətinin çoxstandartlı dəyərlərdən çıxış etməsi çoxsaylı müharibələrə səbəb olub. Onlardan biri də Rusiya-Ukrayna müharibəsidir. Qərb öz maraqları naminə Ukraynanın ərazisini böyük bir müharibə poliqonuna çevirib. Bütün bunlar Cənubi Qafqazın sülh regonuna çevrilməsini daha da mürəkkəbləşdirir.
Azərbaycan Qərbin ikilistandartlar siyasətini dərindən bilir. Uzun illər ondan əziyyət çəkib. Öz suveren hüquqları, milli maraqları üzərində Qərbin ikilistandartlar siyasətinin təzyiqini hiss edib. Ancaq bu gün artıq Azərbaycan güclənib, öz müttəfiqləri ilə birlikdə əsla və əsla yol verməz ki, yenidən hansısa bir qrup yaradılsın, və o, Azərbaycanın maraqlarını öz lehinə manipulyasiya etsin. Bu, yolverilməzdir və Azərbaycan buna dediyim kimi yol verməyəcək. Eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında, ən fərqli platformalarında bir-birilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan Azərbaycan məsələsində yenidən bir araya gələrək əməkdaşlıq etməyə hazır görünür. Ancaq bu mümkün olmayacaq. Azərbaycan öz müttəfiqləri ilə birlikdə tarixin arxivinə göndərdiyi Minsk qrupunu əsla yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izn verməyəcək".



