Mərakeş Krallığının Milli bayramı - Taxt-Tac Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
525.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Mərakeşin ölkəmizdəki səfiri Adil Embarç Azərbaycanla Mərakeş arasındakı möhkəm dostluq əlaqələrindən söz açıb. Diplomat bildirib ki, hazırda iki ölkənin əlaqələri bütün sahələrdə sürətlə inkişaf etməkdədir.
Səfir deyib, Taxt-Tac Gününün qeyd edilməsi Mərakeşin ən qədim ənənələrdəndir. Hər ilin bu günü, Mərakeş xalqını birləşdirən bağları möhkəmləndirən 12 əsrlik sədaqət paktını yeniləmək üçün bir fürsətdir. Bu, Mərakeş millətinin müxtəlifliyi və dərin ənənə, müasirlik, sülh və tolerantlıq dəyərləri daxilində birliyini simvollaşdırır. Bu, həm də dəyişən dünyada millətin üzləşdiyi çağırışlar, eləcə də bu çağırışlara doğru yönəlmiş səylər üçün nəzərdə tutulan müxtəlif səviyyələrdə əldə olunan nailiyyətlər haqqında düşünmək üçün bir fürsətdir.
“Mən Mərakeşin diqqətəlayiq möhkəmlik və qətiyyət nümayiş etdirdiyini söyləməkdən məmnunam. 2023-cü ilin ilk altı ayı ərzində Mərakeş 2019-cu illə müqayisədə 21 faizdən çox olmaqla rekord sayda turist üçün qapılarını açdı. Bu rəqəmlər Mərakeşin turizm məkanı kimi Afrikadakı mövqeyini möhkəmləndirir. Qitədəki bu liderlik avtomobil, aerokosmik və bərpa olunan enerji sənayesi kimi digər sektorlarda da özünü göstərir.Bu ilin ilk yarısında Mərakeşdə avtomobil sənayesi 2022-ci ilə nisbətən 23 faiz artımla 4.8 milyard dollar dəyərində 400 mindən çox avtomobil ixrac etməklə rekorda imza atıb. Aerokosmik sahə 150-dən çox şirkət və 2 milyard dollardan çox ixracı ilə Mərakeşdə ən sürətlə inkişaf edən sahələrdən biridir", - diplomat bildirib.
Cənab Embarç qeyd edib ki, bir neçə il əvvəl Mərakeş 2030-cu ilə qədər enerji tələbatının 52 faizini bərpa olunan mənbələr hesabına təmin etməyi hədəf seçib. Dünyanın ən böyük günəş elektrik stansiyalarından biri, çoxsaylı külək stansiyaları və su elektrik stansiyaları ilə bu hədəfə asanlıqla nail olmaq olar, çünki quraşdırılmış enerji tutumu artıq 38 faizə çatıb. Son on iki ayda Mərakeş Səhra probleminin yekun həllinə doğru böyük addımlar atıb. Getdikcə daha çox ölkə bu məsələdə Mərakeşə tam dəstəyini ifadə etməklə yanaşı, sarsılmaz dəstəyini vurğulamaq üçün Mərakeşin cənub əyalətinin iki əsas şəhərində konsulluqlarını açır. Dəhlə və Layun şəhərləri bu gün 28 konsulluğa ev sahibliyi edir. Son olaraq İsrail və Dominikan da Dəhlədə konsulluq açmaq niyyətlərini bildiriblər".
Səfir çıxışı zamanı ölkələrimiz arasında əlaqələrə də toxunub. Bildirib ki, ötən il avqustun 25-də Mərakeşlə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunub. Son 30 ildə Mərakeş və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirmək, qarşılıqlı anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün əl-ələ tutaraq birgə işi davam etdirir: “Son 12 ay ərzində iki ölkə arasında bir sıra yüksək səviyyəli səfərlər baş tutub. Mərakeş parlamentinin sədri Talbi Alami Azərbaycanda iki dəfə səfərdə olub və Milli Məclisin sədri Sahibə Qafarovanı da Mərakeşə səfərə dəvət edib. Rabatda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş nümayəndə heyəti ilə siyasi məsləhətləşmələr aparıb. Hər iki ölkənin ombudsmanlarının qarşılıqlı səfərləri vətəndaş hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlığın yeni fəslini açmış olub. Əməkdaşlıq həmçinin universitetlər və ali təhsil, idarəetmə, minalardan təmizləmə, mədəniyyət, gənclər və idman kimi müxtəlif sahələri əhatə edəcək şəkildə genişləndirilib”.
Diplomat qeyd edib ki, yaxın bir neçə ay ərzində həm Mərakeş, həm də Azərbaycan ikitərəfli münasibətləri daha da inkişaf etdirəcək bəzi mühüm tədbirlərə hazırlaşır. İki ölkə arasında yüksək səviyyəli səfərlər planlaşdırılır. Bundan əlavə, iki ölkəyə həm hüquqi bazalarını, həm də sektorlararası əməkdaşlığı daha da gücləndirməyə və şaxələndirməyə imkan verən İkitərəfli Əməkdaşlıq üzrə Birgə Komissiyanın toplanması nəzərdə tutulur.
"Fürsətdən istifadə edib ümummilli lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etmək istərdim. O, 1994-cü ildə Mərakeşə səfər edib, Kral II Həsənlə birlikdə mühüm görüş keçirib və bu möhkəm qardaşlıq bağlarının əsasını qoyub. İndi də bu əlaqələr Kral VI Məhəmməd və Prezident İlham Əliyev tərəfindən davam etdirilir", - səfir söyləyib.
Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bayram münasibətilə Mərakeş xalqını təbrik edib. Bildirib ki, Mərakeş Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb və Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr 1992-ci il avqustun 25-də qurulub. Azərbaycanla Mərakeş əlaqələrinin əsası ümummilli lider Heydər Əliyev ilə Mərakeşin mərhum Kralı II Həsənin Kasablankada keçirilən görüşündə qoyulub. Hazırda Prezident İlham Əliyevlə Mərakeş Kralı VI Məhəmməd arasında yüksək səviyyəli əlaqələr ikitərəfli əməkdaşlığın daha da inkişafına mühüm təkan verir. Onun sözlərinə görə, indiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb. Bu il Mərakeşdə keçiriləcək Birgə Komissiyanın növbəti mərhələsi üçün bütün məsələlər yekunlaşdırılıb.
Nazir müavini deyib ki, Mərakeş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edir və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Təşkilatı çərçivəsində nümayiş etdirir: “Artıq öz həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dost və qardaş Mərakeşin mövqeyi, habelə BMT Təhlükəsizlik Şurasının dəstəyi və ədalətli mövqeyi, 44 günlük Vətən müharibəsi dövründə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində verdiyi dəstək xalqımız və hökumətimiz tərəfindən yüksək qiymətləndirilir”.
Pərvanə