|
|
|
|
Fransanın Azərbaycana yanaşmada tutduğu mövqeni davam etdirir. Eyni zamanda bu dövlət öz addımları, rəsmi səviyyədə verilən bəyanatlarla beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Paris Azərbaycana münasibətdə heç vaxt birmənalı mövqe sərgiləməyib, səmimi olmayıb. 44 günlük Vətən müharibəsindən sonra Fransanın ölkəmizə yanaşmasında daha qərəzli siyasəti özünü büruzə verib, Paris birmənalı olaraq ermənipərəst siyasət yürüdüb, bu gün də eyni xətti davam etdirir. Görünən odur ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi Fransanı ciddi narahat etməyə başlayıb. Prezident Makronun Vətən müharibəsinin gedişində və ondan sonrakı günlərdə Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəkləyən bəyanatları, ölkəmizə qarşı şər-böhtan dolu kampaniyanın aparılması bunu bir daha sübut edir. Parisin daha sonra sərhədimizdə təxribat törətmək cəhdi, öz TIR-nı yardım adı ilə bölgəyə gətirməsi və digər addımları bu ölkənin regionda gərginlik yaratmaq, müharibəyə təhrik etmək niyyətini göstərir.
Antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərində bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin başa çatması Fransanı daha da qıcıqlandırmağa başlayıb. Bu ölkənin müdafiə naziri Sebastyan Lekornyun açıqlamaları da dediklərimizi təsdiqləyir. O bildirib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır: "Prezident (Makron - red.) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron - red.) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir".
Fransalı nazir daha sonra əlavə edib ki, biz ölkədə (Ermənistanda - red.) indiyədək mövcud olmayan hərbi missiya açmışıq: "Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək".
Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki prezident Fransua Olandın da aktivləşdiyi müşahidə olunur. Belə ki, Oland bəyan edib ki, Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı: "Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb". Fransadan verilən bu bəyanatlar ona işarədir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Əks halda, münaqişənin bitdiyi, regionda inkişaf, sülh, təhlükəsizlik üçün yaranmış yeni şəraiti Paris alqışlmalı, öz xoş niyyətini nümayiş etdirməli idi. Amma bu ölkə pozuculuq mövqeyindən əl çəkmək niyyətində deyil. Digər tərəfdən, Fransa özünün "tarixi missiyasına" sadiqdir. Bu ölkənin tarixi utancvericidir. Müstəmləkəçi siyasəti tarixən sülh və əmin-amanlığın təmin olunmasında yox, müharibə və münaqişələr üzərində qurulub. Bu mənada Afrika qitəsi Fransanın "şah əsəridir". Fransa illərdir ki, bu regionu xarabaya çevirib. Parisin təhriki və birbaşa iştirakı ilə Afrika qitəsi münaqişələrin, hərbi çevrilişlərin girdabına çevrilib. Və artıq Afrikada öz müstəmləkəçi siyasəti ilə uduzan, qovulmağa başlayan Fransa neokolonolist siyasətini davam etdirmək üçün yeni təsir dairəsi axtarışındadır. Makron hakimiyyəti bu təsir dairəsi kimi Cənubi Qafqazı hədəfləyib və düşünürdü ki, regionda əl-qol açıb, Afrika siyasətini yürüdə biləcək. Bütün bu çirkin niyyətlərə görə də bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. Parisdə səslənən "Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir" fikri Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir. Bu, müasir səlibçilik siyasətini əks etdirir. Onu da vurğulamaq lazımdır ki, Ermənistan müstəqillik qazandığı gündən bu yana müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün sadəcə "forpost" olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. Ermənistan isə uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Nəhayət, müstəqil dövlət olduğunun fərqinə varan İrəvan yeni himayəçi tapmaq niyyətindən əl çəkməli, məhz müstəqil dövlət kimi davranmalıdır. Çünki bu dəfə də Fransanın "forpostu" olmaq istəyi Ermənistana baha başa gələ bilər və bu halda onun Livanın taleyini yaşayacağı da istisna deyil.
Paris anlamalıdır ki, Azərbaycana təsir etməyə çalışmaqla, ölkəmizə qarşı kampaniyalarla heç nəyə nail ola bilməyəcək. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət aparır, öz dövlətinin, xalqının maraqlarından çıxış edir, hansısa xarici qüvvənin təsiri altında addım atmır. Eyni zamanda bütün addımlarında şəffaflığı təmin edir. BMT missiyasının gəlişi də bunun bir nümunəsidir. Eyni zamanda bölgəni tərk edən ermənilərə hər hansı təzyiq göstərilmir, onlar öz istəkləri ilə gedirlər. Əksinə, Ermənistan hakimiyyəti ermənilərə Qarabağdan çıxması üçün təzyiq göstərib.
Bu günlərdə BMT də BMT bəyan etdi ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistana keçməsi zamanı heç bir neqativ müraciət, sərt rəftar qeydə alınmayıb.
Politoloq Mətin Məmmədli hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra Fransa hökuməti birmənalı olaraq tərəfkeş siyasət həyata keçirir: "Bu siyasətin də əsas məqsədi ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış reallıqları müəyyən mənada dəyişdirsin. Fransanın əsas məqsədlərindən biri də təbii ki, Ermənistan vasitəsilə öz mövqelərini Cənubi Qafqazda möhkəmləndirməkdir. Nəyə görə Fransa bu qədər belə aktiv şəkildə qərəzli və tərəfkeş bir siyasət həyata keçirir? Təbii ki, burada Fransanın özünün müəyyənləşdirdiyi xarici siyasi maraqlar var. Regionda və eyni zamanda da Fransada daxili güclü erməni diasporu fəaliyyət göstərir və erməni diasporunun da belə bir yanlış, qərəzli qərarlarının formalaşmasında böyük rol oynayır. Qeyd etdiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra Fransa hökumətinin həyata keçirdiyi ermənipərəst siyasəti nəticəsində Fransa-Azərbaycan münasibətlərinə də ciddi zərər dəyib. Hesab edirəm ki, bu yanlış siyasətin davam etdirilməsi Fransa-Azərbaycan münasibətlərinin daha da pisləşməsinə səbəb ola bilər".