|
|
|
|
Azərbaycan müstəqilliyinin ilk illərində çox ağrılı və çətin problemlərlə üz-üzə qaldı. 1980-ci illərin sonlarından başlayaraq erməni millətçilərinin sovet hökumətindəki havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi nəticəsində həm torpaqlarımız işğala məruz qaldı, həm də bir milyona yaxın insanımız öz doğma yurd-yuvasından didərgin düşdü. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edilərkən onlara qarşı ağır cinayətlər törədildi, işgəncələrə məruz qaldılar, qətlə yetirildilər. Ermənilər eyni əməlləri Qarabağda da soydaşlarımıza qarşı törətdilər. 90-cı illərin əvvəllərindən başlayaraq ərazilərimizi işğal etməyə başlayan ermənilər dinc insanlarımıza, uşaqlara, qocalara, qadınlara qarşı olmazın cinayətlər törətdilər, onlara xüsusi işgəncələr verdilər, soyqırımına məruz qoydular. Hələ də 4 minə yaxın soydaşımızın taleyi naməlum olaraq qalır. Əlbəttə ki, yenicə müstəqillik əldə etmiş və hakimiyyət böhranının yaşandığı bir ölkə üçün bir milyona yaxın insanı yerləşdirmək, onların ən zəruri vasitələrlə təmin etmək həddindən artıq çətin idi. Təəssüf ki, dünyada insan haqlarından, humanitar hüquqdan danışan beynəlxalq təşkilatlar, donor qurumlar, müvafiq xarici dövlətlər həmin vaxt azərbaycanlıların faciəsinə göz yumdular. Bütün hüquqlarının, hətta yaşamaq hüququn belə pozulduğu, malından-mülkündən məhrum olmuş soydaşlarımızın səsinə səs vermədilər. Bütün bu çətinlikləri məhz Azərbaycan dövləti öz imkanları hesabına aradan qaldırmağa, problemi qismən də olsa azaltmağa çalışırdı. Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərclədi. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı dövlət Neft Fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb. 2020-2023-cü illərdə belə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir.
Bu gün həmin tarixə geri dönəndə beynəlxalq qurumların, Qərbin həm ölkəmizə qarşı qərəzini, həm də ikili standartlarını, eyni zamanda humanizm, beynəlxalq hüquq, insani yanaşma nöqteyi-nəzərindən Azərbaycanla Ermənistan arasındakı böyük bir fərqi görürük. Birinci məsələdən danışanda qeyd etdiyimiz kimi, Qərb, beynəlxalq statuslu humanitar, insan haqları qurumları 30 ilə yaxın soydaşlarımızın faciəsinə göz yumdular. Xarici nümayəndələr regiona səfərlər zamanı Bakının təkidi ilə ara-sıra çadır düşərgələrinə baş çəkəndə çox etinasız yanaşma sərgiləyirdilər. Onları torpaqları işğal altında olan bir dövlətin ac-yalavac qaçqın və köçkün ordusu, ölkənin müxtəlif regionlarında qurulmuş minlərlə çadırlar, qışın soyuğunda, yayın istisində ağır şərtlər altında yaşayan insanların taleyi maraqlandırmırdı. Hətta onlar çadırlarda təhsil hüququndan məhrum olan, sağlamlıqları pozulan uşaqların durumuna belə biganə qalırdılar. Təəssüf ki, həmin qurumlar, Qərb Azərbaycana və insanlarımıza yanaşmada öz prinsiplərindən deyil, xristian təəssübkeşliyindən çıxış edirdilər. Əks halda, bu gün ermənilər üçün yalandan vay-şüvən salmazdılar. Azərbaycan bütün addımları ilə həmin beynəlxalq təşkilatlara da, donor qurumlara da, Ermənistana da nümunə oldu. 44 günlük Vətən müharibəsi, bir gün davam edən antiterror tədbirləri ilə ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən ölkəmiz Qarabağın erməni sakinlərinin reinteqrasiya, birgəyaşayış üçün təkliflərini verdi və konkret addımlar atdı. Bu fəaliyyət hazırda davam etdirilir. Eyni zamanda Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ ermənilərini qalıb yaşamağa dəvət edir, onların bütün hüquqlarının Azərbaycan vətəndaşı olaraq təmin ediləcəyini, daha yaxşı şəraitdə yaşayacaqlarını deyir. Amma İrəvan və onun havadarları bu məsələdən də öz xeyirlərinə yararlanmaq istəyirlər, ona görə də yeni şou yaradıb, dünyada antiazərbaycan kampaniyasını davam etdirib, sülh sazişinin imzalanmasını uzatmaq istəyirlər. Ermənilərin Qarabağı tərk etməsi, yaxud qalıb yaşamaları onların şəxsi seçimidir. Bakı bu məsələdə son dərəcə humanist mövqe ortaya qoyub, bölgəni tərk edən ermənilər üçün də bütün şərait yaradılır.
Yenidən yardım məsələsinə toxunaraq qeyd edək ki, 1990-cı illərin əvvəllərində milyondan artıq azərbaycanlıya xarici donor təşkilatlarının hər hansı bir yardımı barədə ortaya bir fakt qoymaqda çətinlik çəkiriksə, ermənilərlə bağlı vəziyyət fərqlidir. Həmin dövrdə prosesləri əks etdirən çoxsayda faktlar var. Belə ki, Qərbin aidiyyəti təsisatları eyni diqqəti Azərbaycanın 1 milyondan artıq qaçqın-köçkün həyatı yaşayan vətəndaşları üçün göstərmədi.
Amma Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatlatı sıraya düzülüblər. Əlbəttə ki, buna heç kim etiraz etmir. Amma təbii ki, suallar yaranır. Niyə azərbaycanlı qaçqınlar yada düşmür? Əgər məqsəd həqiqətən də qaçqınlara yardımdan gedirsə, onda Qərbin yanaşması niyə fərqlidir. Özü yuxarıda qeyd etdiyimiz kimi, Qarabağ erməniləri çox rahat şəkildə bölgəni tərk edirlər, azərbaycanlılar isə ayağı yalın, başı açıq, güllələr altında bir quru canlarını götürüb qaçdılar. Yolda neçə-neçə soydaşımızı erməni terrorçuları öldürdü, diri-diri yandırdı, işgəncələr verdi. Bütün bunları həmin həmin Qərb təsisatları da bilir. Amma təəssüf ki, ayrı-seçkilikdən, ikili standartlardan əl çəkə bilmirlər. Bu gün də ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insan var. Amma onlar yada düşmür, heç bir humanitar yardım göstərilmir. Ermənilərə yardım barədə danışan donor təşkilatlar azərbaycanlılarla bağlı susurlar. Soydaşlarımızın pozulan hüquqlarından, 30 ildən artıq yaşadıqları dəhşətlərdən narahatlıq keçirməyən kollektiv Qərb, Qərbin bir qrup ermənipərəst qüvvələri bu gün Qarabağ ermənilərinin halına elə acıyırlar ki, sanki onlara gözün üstə qaşın var deyən görüblər. Lakin əllərində tutarlı heç bir fakt da yoxdur. Humanizm, insani yanaşma Azərbaycan dövlətinin də, xalqının da mahiyyətini təşkil edir. Bunu İkinci Qarabağ müharibəsi də, bir günlük antiterror tədbirləri də, bölgəni tərk edən erməni sakinlər üçün yaradılan şərait, göstərilən diqqət də sübut etdi. Ona görə də bu məsələdən də öz marağını güdən Qərbin "narahatçılığına", səs-küyünə heç bir əsas yoxdur. Azərbaycan hər şeyi daha yaxşı etrməyi bacarır, Qərb də nə qədər gec deyil, bu təcrübələri öyrənə bilər.