|
|
|
|

44 günlük Vətən müharibəsinin səkkizinci günündə ordumuz ilk böyük zəfərinə imza atdı. 1993-cü ilin 23 avqust tarixindən Ermənistanın işğalı altında olan Cəbrayıl şəhəri 4 oktyabr 2020-ci ildə azad edildi. Ordumuz Cəbrayıl şəhəri ilə bərabər, rayonun daha doqquz yaşayış məntəqəsini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu və Cəfərabad kəndlərini də düşməndən təmizlədi.
Həmin gün, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bu xoş müjdəni verdi: "Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!"
Dövlət başçısı bildirib ki, dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başladı. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar: "Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır".
Cəbrayılın ərazisi 1050 kv. kilometrdir. 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayon işğala məruz qalarkən 52604 nəfər əhalisi olub. İşğal nəticəsində Cəbrayıla 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. Cəbrayıl sakinləri ölkə üzrə 54 rayon və şəhərdə məskunlaşıblar.
Ermənilər işğal müddətində Cəbrayılı tamamilə dağıdıb, tarixi-dini abidələri yerlə-yeksan edib. Məlumata görə, rayon üzrə 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə vəhşicəsinə talan edilib, dağıdılıb. Eyni vandallıq 30 ilə yaxın işğalda qalmış digər ərazilərimizdə də törədilib.
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu barədə deyib: "Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi... Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa, bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir - Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, ordumuza əlavə mənəvi güc verdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik".
Prezidentin söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi.
Vətən müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada Azərbaycan bayrağının ucaldılması əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.
Onu da qeyd edək ki, işğala qədər Cəbrayıl zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik rayonlarımızdan biri olub. Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.
Azərbaycan bu gün ermənilərin vəhşi təfəkkürünün nəticəsi olan dağıntıları aradan qaldırmaqda, qurub-yaratmaqdadır. İşğaldan azad olunan bölgələrimizdə böyük tikinti-bərpa işlərinə başlanılıb. Cəbrayılda da bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir. Prezident İlham Əliyev bu il sentyabrın 28-də Cəbrayıl rayonuna səfər zamanı İnzibati binanın təməlini qoyub, şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işlərlə tanış olub, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.
Tezliklə 30 ilə yaxın işğalda olan və erməni vəhşiliyinə məruz qalan, talan edilən rayonlarımız dünyanın ən abad, ən gözəl şəhərlərindən, yaşayış məskənlərindən biri olacaq. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.



