|
|
|
|

Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı müddətində erməni caniləri, Qarabağdakı separatçı xuntaya rəhbərlik edənlər xalqımıza qarşı amansız cinayətlər törədiblər. Həm ərazimizdə separatçı rejim qurublar, həm də tarixdə misli görünməmiş vəhşiliklərə əl atıblar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bu canilərin də öz əməllərinə görə qanunlarımız qarşısında cavab vermələrinin vaxtı çatdı. 80-ci illərin sonlarından başlayaraq Azərbaycana qarşı müxtəlif cinayətlər törətmiş bir qrup separatçı artıq həbs edilib. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərləri barəsində həbs qətimkan tədbiri seçilib. Onlar dövlətimizə və xalqımıza qarşı müxtəlif cinayətlər, soyqırımları həyata keçiriblər. Uzun illər Azərbaycan ərazisini terrorçu yuvasına çeviriblər. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra onları təslim olmağa, İrəvandan üçtərəfli bəyanata uyğun olaraq öz silahlı birləşmələrini ərazimizdən çıxartmağı tələb edib. Amma Ermənistan separatçılara həm hərbi, həm siyasi, eyni zamanda maliyyə dəstəyini davam etdirib. Onları müxtəlif yollarla silahlarla, canlı qüvvə ilə təmin edib. Ermənistan ərazisindən daşınan həmin silahlar, minalar insanlarımızın həyatına son qoyub. Bakının reinteqrasiya təkliflərindən imtina edilib. Nəhayət, Azərbaycan sentyabrın 19-da lokal antiterror tədbirləri həyata keçirdi. 24 saata yaxın davam edən tədbirlər nəticəsində dövlətimiz suverenliyini tam bərpa etdi, separatçı rejim, silahlı dəstələr təslim oldular. Bununla da 30 ildən artıq ərazimizdə mövcud olmuş separatizmə son qoyuldu. Qeyd etmək lazımdır ki, Azərbaycan İsraildən sonra ikinci ölkədir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Azərbaycan özü cəzalandırmalı olur. Çünki 30 ildə torpaqlarımızın işğalına, ərazimizin beynəlxalq terrorçuların və beynəlxalq narkomafiyanın, silah qaçaqmalçılığının sığınacağına çevrilməsinə göz yuman beynəlxalq birlik təbii ki, hərbi cinayətkarların cəzalandırılması üçün hansısa addım atmayacaqdı. Onlar bu hərbi cinayətkarları cəzalandırmaq üçün nəinki beynəlxalq tribunal yaratmaq istəmirlər, hətta cinayətkarları müdafiə edən bəyanatlar səsləndirirlər. Bu, terrora açıq dəstəkdir.
Milli Məclisin deputatı Aydın Hüseynov "525"ə bildirib ki, Azərbaycan haqqı olanı əldə edib və bundan sonra da davamını gətirəcək: "Əsrlər boyu itirdiklərimiz Ali Baş Komandanımız, Prezident İlham Əliyevin uğurlu strategiyası, sərkərdəlik bacarığı sayəsində özümüzə qaytarıldı. Bu yolda itkilərimiz də oldu, şəhidlər verdik, sağlamlığını itirənlər oldu, amma qazandıq, Vətənimizin bütövlüyünü bərpa etdik. Müharibə caniləri, xalqımıza qarşı vəhşiliklər törətmiş, ölkəmizin suverenliyinə qəsd etmiş separatçılar Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bir-bir ələ keçirilir. Dünən Gəncəyə raket atılması əmrini verən xunta başçısı bu gün əli qandallı məhkəmə önünə çıxarılır. Azərbaycan Arkadi Qukasyanı, Bako Saakyanı, Arayik Arutyunyanı və digər terrorçuları həbs etməklə separatçıların aqibətinin bundan sonra necə olacağını, xəyanətin bədəlinin ağırlıq dərəcəsini göstərir. Cinayətkar cəzasız qalmamalıdır və qalmır".
Deputat qeyd edib ki, müharibə bitsə də, Azərbaycanın mübarizəsi hələ də davam edir: "Bu mübarizə beynəlxalq tribunalarda, təşkilatlarda, ayrı-ayrı ölkələrdə keçirilən danışıqlarda aparılır. Ədaləti bərpa edən rəsmi Bakı Ermənistanın yalanlarını puça çıxarmaq üçün təkcə işğalçı ölkənin özü ilə yox, həm də onun arxasında duran qara qüvvələrlə masada savaş aparır. Ermənilərin öz arzusu ilə Qarabağdan Ermənistana və dünyanın bir sıra ölkəsinə köç etməsinə "etnik təmizləmə" adını qoyanların yanlış yolda olduqlarını konkret faktlarla sübut etmişik. Bu gün ermənilər Ermənistandan köçür, başqa ölkələrdə yaxşı güzəran axtarır. Azərbaycanın torpaqlarında, suveren ərazilərində ermənilər bizim qanunlarla yaşamaq istəmirlərsə, buna reaksiya necə olmalıdır. Əlbəttə, istənilən dövlət onun qanunlarına tabe olmayanı bir saat da ərazilərində saxlamaz, onları dərhal deportasiya edər. Azərbaycan isə ermənilərə seçim imkanı verdi, bütün vətəndaşlar kimi onların da hüquqlarının qorunacağı öhdəliyini götürdü, amma 30 il ərzində separatçılar tərəfindən dünyanın ayrı-ayrı ölkəsindən gətirilən ermənilərin əksəriyyəti başqa seçim etdilər. Onlar Ermənistan rəhbərləri və Qarabağdakı xunta rejimi tərəfindən aldandıqlarını anladılar. Ermənistan dövlətinin separatçı qurum yaratmasında ona bütün mənalarda dəstək olan ölkələr bu gün yenə meydan sulayırlar. Fransanın xarici işlər naziri tələm-tələsik, son bir ayda ikinci dəfə Ermənistana səfər edib, İrəvana hərbi yardım edəcəyini açıq bəyan edib. Ermənistanın ərazi bütövlüyü dəstəkləmək adı ilə Azərbaycana və Türkiyəyə qarşı təhdidlər yağdırır. Amma unudur ki, iki qardaş və strateji müttəfiq dövlətlə - Türkiyə və Azərbaycanla yalnız dostluq etmək olar, bizi Afrikadakı müstəmləkə ölkələri ilə qarışdırmasınlar".
Deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanın dövlət qurumları çox peşəkarcasına uğurlu əməliyyat keçirərək, erməni separatçılarını və onların "lider"lərini Bakıya gətirməkdə davam edir. Şübhəsiz ki, onları Azərbaycan qanunları ilə ciddi mühakimə gözləyir. Onun sözlərinə görə, Araik Arutyunyana Azərbaycan Cinayət Məcəlləsinin bir çox bəndi ilə ittiham irəli sürülə bilər: "Hər şeydən öncə Azərbaycan ərazisinin bir hissəsini mənimsəmək, orada qeyri-qanunu hakimiyyət yaratmaq ittihamı ilə üz-üzə gələcək. Eyni zamanda etnik separatçılıq, Azərbaycan ərazisində qanunlarımızı pozaraq digər vətəndaşlara qarşı cinayət törətmək və onların mülkiyyətlərini mənimsəmək və bu kimi bir çox ittihamlarla cəzasını çəkəcək. Düşünürəm ki, Araik Arutyunyana qarşı çoxsaylı ittihamlar irəli sürüləcək. Çünki onun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Ən əsas ittihamlardan biri isə özünün də müharibə zamanı qəbul etdiyi Gəncə şəhərində törədilən terror aktı olacaq. Bütün bunlar isə nəticə etibarilə onun ömürlük həbsinə gətirib çıxara bilər. Zənnimcə, bütün cinayətlərinə görə Araikin Azərbaycan qanunları qarşısında cavab verməsi ədalətin təntənəsidir. Bu cəza həm də yaxşı bir nümunə olacaqdır ki, bir də heç kim Azərbaycan xalqına qarşı belə cinayətlərə əl atmasın".



