|
|
|
|

Azərbaycan 44 günlük Vətən müharibəsi, təxminən 24 saat davam edən lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da dövlətimizin ərazisində 30 ildən artıq mövcud olan separatçı rejimə, qanunsuz silahlı birləşmələrə son qoyuldu. Hazırda Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağın erməni sakinlərinin reinteqrasiyası, birgəyaşayışın təmin edilməsi istiqamətində müvafiq addımlar atır. Təəssüf ki, bir sıra xarici qüvvələr, xüsusilə, Fransa baş verənləri həzm edə bilmir və pozuculuq fəaliyyətini davam etdirir. Otuz ildən çox davam edən münaqişəyə məhz Azərbaycanın öz hərbi və diplomatik gücü ilə son qoymasını, nəhayət Cənubi Qafqazda sülh, inkişaf, barış üçün yeni səhifənin açıldığını Paris heç cür qəbul etmək istəmir. Çünki bölgədə qarşıdurmanın başa çatması, Ermənistanla Azərbaycan arasında qalan məsələlərin həllinə və sülh sazişinin imzalanmasına nail olunması, Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi Fransanın bölgə üzərində qurduğu çirkin planlarına mane olur. Bir qədər əvvələ nəzər saldıqda, Fransanın regionda daim müharibə vəziyyətinin qalmasında maraqlı olduğunu bir daha aydın şəkildə görürük. Bunu həm Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində, həm də İkinci Qarabağ müharibəsində və antiterror tədbirləri zamanı gördük. Makron 44 günlük müharibədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini qəbul edə bilmir və açıq mətnlə işğala, separatizmə dəstəyini nümayiş etdirirdi. Bütün cəhdləri iflasa uğradıqdan sonra isə Paris sülh masasında yer almağa çalışdı. Məqsədi yenə də pozuculuq idi. 2022-ci il oktyabrın 6-da Azərbaycan və Ermənistan liderlərinin Praqada Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşündə iştirak edən prezident Makron "Brüssel formatı"nın işini pozmağa nail oldu. O, Praqa görüşündən bir neçə gün sonra yerli KİV-ə müsahibəsində qərəzli mövqeyini ortaya qoyaraq, Qarabağı "mübahisəli ərazi" adlandırdı və Ermənistanı tərk buraxmayacaqlarını dedi. Daha da irəli gedərək, Azərbaycanı "dəhşətli müharibə"də və "işğal"da ittiham etdi. Bu əsassız ittihamlarla bir daha Makron ermənipərəst mövqedə olduğunu, erməni maraqlarına xidmət etdiyini göstərmiş oldu. Daha sonra Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamələrin qəbuluna nail olmağa çalışdı. Amma bu planları da iflasa uğradı. Makron hakimiyyəti ardınca bölgədə "TIR" təxrtibatına əl atdı. Belə ki, Parisin meri Ann İdalqonun rəhbərlik etdiyi, bir sıra regionların və departamentlərin rəhbərlərinin daxil olduğu dəstə Qarabağa "humanitar yardım" aparmağa cəhd göstərdi. Onlar Azərbaycan sərhədinə gəldilər. Məqsəd açıq şəkildə təxribat idi.
Bir neçə gün əvvəl Ermənistana səfər edən Fransanın XİN başçısı Katrin Kolonnanın verdiyi bəyanatlar da təbii ki, sülhə xidmət etmir. O, "X" platformasındakı hesabında Ağrı dağının şəklini paylaşıb. Eyni zamanda səfər ərəfəsində Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, İrəvana hərbi attaşşe təyin olunacağını, Sünikdə konsulluğun açılacağını bildirib.
Fransanın müdafiə naziri Sebastyan Lekornyu isə deyib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir.
Fransız nazir əlavə edib ki, Ermənistanda indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək.
Bu açıqlamadan açıq aydın hiss olunur ki, Fransa Ermənistanı silahlandırmaq, onu yeni müharibəyə hazırlamaq niyyətindədir. Və bütün bunlar Qafqazda sülhün bərqərar olmamasına deyil, qarşıdurmaya hesablanıb.
Azərbaycan XİN-in bəyanatında da vurğulanıb ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.
Fransa heç yerə xoş niyyətlə getmir. Bunun nümunəsi Afrikadır. Tarixi hərbi cinayətlərlə, qanlı əməllərlə dolu olan Fransa özünün müstəmləkəçilik siyasətindən bu gün də əl çəkmək istəmir. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin utancı olmaqla yanaşı, bəşər tarixinin də qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib. Artıq Afrikadan qovulan Fransa özü üçün yeni təsir dairəsi axtarır. Bu məqsədlə Ermənistan vasitəsilə regionda möhkəmlənməyə can atır. Amma həm də yaxşı anlayır ki, Azərbaycan ona Cənubi Qafqaz regionunu Afrikaya çevirməyə imkan verməyəcək.
İstənilən halda, Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayəçi tapmaq və bu dəfə Fransanın "forpostu" olmaq istəyi Ermənistana baha başa gələ bilər. Eyni zamanda, Fransa XİN-nin rəhbəri İrəvanda bəyan etmişdir ki, Ermənistanla hərbi-texniki sahədə saziş imzalanacaq. Bunu Ermənistanın Rusiya forpostundan çıxaraq, Fransa forpostu olması kimi qələmə verək. Fransa və bəzi digər qərb dairələri Ermənistanı Rusiya ilə mübarizənin növbəti cəbhəsinə çevirməyə çalışırlar. Rusiyanın Ermənistanda hərbi mövcudluğuna alternativ olaraq Fransanın da bu ölkədə hərbi mövcudluğuna nail olmaq istəyirlər. Bu isə, müstəqilliyi onsuz da formal xarakter daşıyan bir ölkəyə yaxşı heç nə vəd etmir. Ona görə də Ermənistan nəhayət müstəqil dövlət olduğunu xatırlayıb, yeni himayəçi axtarışlarına son qoyub, özü müstəqil olaraq qərarlarını verməlidir.



