|
|
|
|

Fransa Cənubi Qafqazda sülhün, barışın əldə olunmasına, sabitliyin, təhlükəsizliyin təmin edilməsinə mane olmaq üçün əlindən gələni edir. Paris öz siyasi, hərbi, regional maraqlarını təmin etməklə bölgədə güclənmək niyyətindədir. Buna görə də Ermənistanı silahlandırmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışır. Bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvana səfəri zamanı söylədiyi fikirlər, müdafiə nazirinin açıqlamaları da dediklərimizi sübut edir. Belə çirkin məqsədləri olan Fransa Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsindən daha da qıcıqlanıb. Bu gün Fransadan həm prezident Makron, həm də digər rəsmilər, siyasətçilər səviyyəsində ölkəmiz əleyhinə müxtəlif qərəzli fikirlər səslənməkdədir. Bir neçə gün əvvəl isə bu ölkənin Senat sədri Jerar Larşe yerli KİV-ə müsahibəsində Azərbaycanla bağlı şər-böhtan, heç bir əsası olmayan fikirlər səsləndirərək, ölkəmizin öz ərazisində qanunsuz silahlılara, terrorçulara, separatçılara qarşı keçirdiyi antiterror tədbirlərini "etnik təmizləmə" adlandırıb. BMT, Avropa İttifaqı, ABŞ, hətta Ermənistan səviyyəsində bu ifadə işlənməyib. Çünki onu sübut edəcək bir hal belə yoxdur. BMT-nin açıqlamasında vurğulanıb ki, "etnik təmizləmə" ilə əlaqədar heç bir sübut, şahid ifadələri, hətta adi əlamət belə yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan da Qarabağı könüllü tərk edən ermənilərə qarşı Azərbaycan əsgərləri tərəfindən heç bir kobud rəftarın olmadığını bəyan edib.
Fransanın ard-arda səsləndirdiyi qərəzli fikirlər dediyimiz kimi, yalnız gərginlik yaratmağa hesablanıb. İkincisi, Fransa Afrika qitəsində törətdiyi qanlı cinayətlər, etnik təmizləmə, soyqırımlarına görə dünyada "liderlik" edir. Məhz buna görədir ki, Fransa artıq Afrikanın 10-a yaxın ölkəsindən qovulub. Eyni zamanda Livanda, Suriyada iflasa uğrayıb. Çünki məqsəd kömək etmək deyil, ayrı-ayrı regionlarda var olmaq, həmin ölkələrin üzləşdiyi çətin vəziyyətdən istifadə edərək onları öz təsiri altında saxlamaq, başqa sözlə, neokolonolizm siyasətini davam etdirməkdir. Fransa hansı ölkədə proseslərə müdaxilə edibsə, həmin ölkəyə bədbəxtlik gətirib, onun sərvətlərini mənimsəyib. Fransanın artıq keçmiş olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın həmsədrlərindən biri kimi fəaliyyəti heç nə ilə yadda qalmadı. Bu ölkə münaqişənin sülh yolu ilə həllində hər hansı addım atmadı. 44 günlük müharibənin gedişində isə baxmayaraq ki, hələ onda Minsk qrupu mövcud idi, Fransa sözdə olsa belə, neytral mövqedən çıxış etmədi. Açıq şəkildə işğalçının yanında oldu, Azərbaycan ərazisindəki separatçılara dəstək verdi, bununla da dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı ilə bağlı beynəlxalq normanı kobud formada pozmuş oldu. Fransa bacardığı qədər bütün müstəvilərdə Azərbaycan əleyhinə iş aparmaqda davam edir. Amma istədiyi nəticəni əldə edə bilmir. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Heç bir dövlət 30 ilə yaxın öz ərazisinin işğal altında qalmasına, dağıdılmasına, talan edillməsinə, eyni zamanda, həmin ərazilərdə separatizmin əl-qol açmasına göz yuma bilməzdi.
İndi Parisin Ermənistan vasitəsilə Cənubi Qafqazda öz planlarını reallaşdırmaq istəyi şübhəsizdir. Amma onu anlayır ki, qarşısında regionun lider dövləti olan Azərbaycan var.
Milli Məclisin deputatı Musa Quliyev mövzu ilə bağlı deyib ki, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi, bu ilin sentyabrın 19-da başlanan antiterror tədbirləri və Azərbaycanın öz ərazilərində suverenliyini tamamilə bərpa etməsi Fransanı, o cümlədən, digər "erməni dostlarını" narahat etməkdədir. Onların məqsədləri heç də bədnam erməni xalqına yardım göstərmək deyil, Ermənistan adlı qondarma dövlətdən istifadə edərək özlərinin çirkin maraqlarını həyata keçirməkdir. İstər Fransanın XİN rəhbərinin Ermənistana səfəri, istərsə də Fransanın müdafiə nazirinin Ermənistanın müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı verdikləri bəyanatlar Qafqazda sülhün bərqərar olmamasına xidmət edir.
Deputat əlavə edib ki, Fransa Ermənistan vasitəsilə regionda möhkəmlənmək və iqtisadi maraqlarını təmin etmək istəyir: "Fransa artıq uzun illər müstəmləkə siyasəti yeritdiyi Afrikadan qovulmaqdadır və bu qovulma sona çatır. Eyni zamanda, gələcəkdə açılacaq Zəngəzur dəhlizi və ya İran üzərindən keçəcək şaxəsi vasitəsilə qədim İpək Yolu üzərində öz iqtisadi maraqlarını təmin etmək niyyəti ilə Qafqazdan əl çəkmək istəmir. Fransada erməni lobbisinin fəaliyyəti işin yalnız görünən tərəfidir".
O əlavə edib ki, Azərbaycanın dünya dövlətləri arasında dostları da çoxdur: "Azərbaycanın işi də hər zaman haqq işi olub. Dövlətimiz indi də Qarabağda yaşamış ermənilərin yenidən qayıdıb gəlməsi və Azərbaycan qanunları daxilində yaşaması üçün heç bir maneə törətmədiyini dəfələrlə bəyan edib".
M.Quliyev vurğulayıb ki, Fransanın bəyanatlarının arxasında heç bir əməli fəaliyyət dayanmır: "İndiyədək Fransanın tarixinə nəzər salsaq, onlar heç vaxt özlərinə müttəfiq və ya "kiçik bacı" hesab etdikləri dövlətləri sona qədər dəstəkləməyiblər. Ən azından Fransa Ermənistanın əvəzinə yenidən müharibə edəsi deyil. Fransa ictimaiyyətinin ermənilərə bu qədər isti münasibətin faydasız olduğunu dərk edəcəyi günlər uzaqda deyil. Ermənilər də artıq başa düşdülər ki, Azərbaycanla yalnız əməkdaşlıq vasitəsilə öz mövcudluqlarını qoruyub saxlaya bilərlər. Qarabağda demək olar ki, erməni terrorizminin kökü kəsildi. Erməni terrorçular və Azərbaycana qarşı ağır cinayətlər törədərək əli qana batan hər kəs tutulur. Onlar həm Azərbaycan, həm də dünya ictimaiyyəti qarşısında ədalət məhkəməsinin qarşısına çıxarılacaqlar. Bütün proseslər ona doğru aparır ki, Qafqazın titul xalqı olan Azərbaycanın apardığı siyasət qalib gəlir. Qısa müddət ərzində Azərbaycan və Türkiyənin öndərliyi ilə Qafqazda böyük sülh və tərəqqi təmin olunacaq".



