|
|
|
|

Qərb dövlətləri, o cümlədən, ABŞ müxtəlif təşkilatları, siyasi institutları, maliyyə fondları vasitəsilə bir sıra ölkələrdə öz məkrli planlarını gerçəkləşdirməyə, maraqlarını təmin etməyə çalışırlar. Bunu cəmiyyətin inkişafına yardım, təhsil, insan haqları, demokratiya, təhlükəsizlik və s. adı altında həyata keçirirlər. Amma qeyd etdiyimiz kimi, məqsəd heç də həmin ölkələrə, xalqlara firavanlıq, rifah gətirmək deyil. Əksinə, həmin təşkilatlar fəaliyyət göstərdikləri dövlətlərin daxilində iğtişaşlar yaratmaq, inqilablar, hakimiyyət çevrilişləri etmək, müxtəlif siyasi qüvvələri maliyyələşdirmək istiqamətində çalışırlar. Bununla bağlı çoxsayda faktlar mövcuddur. Bu sırada USAİD, NED, Fridrix Nauman, Marşall fondları, İREX və digər təşkilatların adlarını çəkmək olar. Son Gürcüstan nümunəsindən çıxış etsək, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətinin arxa qatının nədən ibarət olduğu bir daha məlum olur. Əvvəlcə onu vurğulayaq ki, bu təşkilatın ABŞ-ın maraqları üzərində qurulmuş xətt üzrə fəaliyyət göstərdiyi heç kimə sir deyil və əslində, Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) öz əməliyyatlarını həyata keçirmək və pərdələnmək üçün USAID-dən istifadə edir. Bir neçə gün əvvəl Gürcüstan DTX-nın yaydığı məlumat da USAİD-in əslində fəaliyyətinin nədən ibarət olduğunu bir daha açıqlayır. Məlumat bu ölkədə hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlimlərin keçirilməsinə, Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına ABŞ tərəfindən vəsaitin ayrıldığını əks etdirir.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib ki, iğtişaşların arxasında USAID dayanıb: "USAID izah etməlidir ki, Amerika xalqının pulları niyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün başqa ölkəyə gedir".
Xatırladaq ki, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti oktyabr-dekabr aylarında Gürcüstanda dövlət çevrilişinə cəhdin olacağı ilə bağlı məlumat yayıb. Qonşu ölkədə baş verən son hadisələr ABŞ kəşfiyyatının orada dövlət çevrilişinə hazırlaşdığını göstərir.
Ümumiyyətlə, Gürcüstanda baş vermiş bu qalmaqal ilk hal deyil. USAID-in adı digər ölkələrdə də daim siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və digər hadisələrdə hallanıb. Bu təşkilat ABŞ-ın digər ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rol oynayır. Bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb. Vaxtilə Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunub. ABŞ-ın və Avropanın ölkəmizdə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatları ictimai-siyasi prosesləri manipulyasiya etməyə çalışıblar. Onlar bəzi sahələrdə Azərbaycan dövləti ilə əməkdaşlıq etsələr də, amma əsas "missiyaları"nı unutmayıblar. USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər beynəlxalq təşkilatlar özlərinə sadiq QHT-lər, media orqanları yaratmaqla, radikal siyasi qüvvələrin dövlət əleyhinə fəaliyyətlərini dəstəkləyirdilər. 2014-cü ildə bu qurum Azərbaycanda "müstəqil medianın inkişafı" üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant elan edib. Həmin il ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin sabiq rəhbəri özünün bank hesabından təqribən iki milyon dollar vəsait çıxararaq bəzi QHT-lərə, konkret şəxslərə paylamışdı. Lakin Azərbaycan güclü dövlət kimi, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi və həmrəyliyi sayəsində bu təşkilatın ölkəmizlə bağlı planlarını iflasa uğratmışdı. Bu təşkilatlardan bəzilərinin xüsusi xidmət orqanlarına bağlılığı da məlumdur.
Bu agentliyin indiyədək Vaşinqtonun maraqlarına xidmət edən gizli işlərdə əli olduğunu sübut edən bir sıra materiallar mövcuddur. Belə ki, USAID-ın yüksəkvəzifəli nümayəndəsi vaxtilə etiraf etmişdi ki, MKİ onların əməliyyatlarına yardım göstərən üçüncü tərəflərin pul vəsaitləri və müqavilələr ilə təmin olunmasında təşkilatdan istifadə edir. Bu barədə İspaniyanın "Rebelion" qəzetində dərc olunan "Mərkəzi Kəşfiyyat İdarəsi USAID-dən pərdələnmək üçün istifadə edir" sərövhəli məqalədə də bildirilib.
Bu təşkilatın bu və bir sıra digər faktlarla ifşa olunmasına baxmayaraq, o, öz "missiyası"ndan əl çəkmək niyyətində deyil. USAID hələ də digər dövlətlərin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə çalışır. Təşkilatın 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 9,5 milyard dollar vəsait ayırması deyilənləri təsdiqləyir. "Demokratiya doktrinası" çərçivəsində bu vəsaitin ayrı-ayrı ölkələrdə çevrilişlərlə bağlı planların həyata keçirilməsinə yönəldiləcəyi artıq heç kimdə şübhə doğurmur.
Bu arada qeyd etməliyik ki, hazırda USAID-ə ermənipərəst Samanta Pauer rəhbərlik edir. Bu, həmin Samanta Pauerdir ki, erməni yalanlarına "sədaqəti"ni sübuta yetirmək üçün 24 apreli - ermənilərin qondarma "soyqırımı günü"nü özünün doğum günü elan etmişdi. Belə qatı ermənipərəst mövqe tutan qadının Ermənistan dövləti tərəfindən "dəyərli tərəfdaş" adlandırılması heç də təsadüfi deyil. USAİD-in Azərbaycana qarşı münasibəti ortadadır. Ona rəhbərlik edən şəxs də dövlətimizə qarşı qərəzli mövqe tutub, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edir, ermənilərin uydurduqları "etnik təmizləmə"yə diqqət yönəldir. Baxmayaraq ki, bütün dünya, o cümlədən, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin ermənilərin və ermənipərəst qüvvələrin "etnik təmizləmə" ilə bağlı dediklərinin də sadəcə uydurma olduğu məlumdur. Bu, öz təsdiqini tapmayıb və heç bir fakta əsaslanmır. Bütün bunlardan çıxış edəndə, görünən odur ki, USAİD Azərbaycana qarşı qərəzli, hətta düşmən mövqeyi sərgiləyir. Belə olan halda, USAİD-in Azərbaycanda nə işi var? Yaxud, Azərbaycanın USAİD-ə ehtiyacı varmı? Birmənalı şəkildə, yox. Bu təşkilatın indiyə qədər Azərbaycanda bütün cəhdləri uğursuzluğa düçar olub. Amma ölkəmizə yönəlik yeni məkrli planlarını işə salıb, yeni vasitələrə əl atacağını da istisna etmək olmaz. Ona görə də USAİD-i yola salmağın zamanı çatıb.



