|
|
|
|
Tarixi Zəfərimizin 3 illiyinə
Qorqud Dədə, alğışınla doğulmuşduq,
Hər birimiz məhəbbətin əsgəriyik.
Doğu-Batı bir-birini günüləyir,
Görk olası heysiyyətin əsgəriyik.
Göy üzündən ulduz dərər həvəsimiz,
Qarabağı isindirər nəfəsimiz
Dağa-daşa qardaş olar gur səsimiz,
Ovxarlanmış qətiyyətin əsgəriyik.
Necə tarix deməyəsən ötən ana,
Tarix yazdıq ötənləri ana-ana...
And yerimiz - Ana-Vətən, Vətən-Ana,
Vətən boyda sədaqətin əsgəriyik.
Göy üzündə qoşa ulduz dillənəcək,
Gen dərələr ağzınacan sellənəcək,
Cıdır düzü başdan-başa güllənəcək,
Uğur dilə, xoş niyyətin əsgəriyik...
Vətən müharibəsinə kimi
işğalı səngərində
haxlayacaq əsgərin,
İşğalçıının qolunu
bağlayacaq əsgərin,
Düşmənin, düşmənliyin
tətik sıxan əlini
dağlayacaq əsgərin
andı beləydi, Dədə.
Ruhun göyqurşağıyla
andı Vətən olanın
zikrinin salavatı,
Vətən, millət, dövlət olan
fikrinin salavatı.
O vaxtlar dağın-daşın
tapşırması beləydi,
O vaxtlar ömrün-yaşın
tapşırması beləydi.
O vaxtlar "Vətən!" deyən,
xalq deyən vətəndaşın
nəsihəti beləydi.
O vaxtlar igidliyi
nəsihəti beləydi,
Onda da şəhidliyin
nəsihəti beləydi...
Qorqud Dədə,
yaşarı ruh, bəşəri ruh
Yol gözləyən,
yaxasında yel gizləyən,
Səs gəlincə gümüldənən
çiçəklərin ləçəyində,
birçəyində döyünürdü,
Gümanların
gerçəyində döyünürdü.
Ataların alğışında,
anaların duasında,
uşaqların nəvasında döyünürdü...
Döyüş ruhu
Gecələrin
çırağında döyünürdü.
Şairlərin qələmində,
varağında döyünürdü.
Bizə həyan Göy üzünün
niyyətində, murazında,
istəyində, marağında döyünürdü...
Döyüşçünün yarağında,
yarağının darağında döyünürdü...
Bir ürəyə döndərmişdi məmləkəti,
Bir qələbə sorağında döyünürdü...
Bir payız səhərini
sökülən dan yerini
qızartılar bürüyəndə
döyüşənlər kürmələdi dağı-daşı,
Döyüşdülər...
Şəhidlərin ruhu ilə yan-yanaşı.
Yaxınlıqda qanad çalan
yellər üçün döyüşdülər,
Ləçəyində qan cücərən
güllər üçün döyüşdülər,
Budağından ayrı düşən,
sağlam canı sayrı düşən
illər üçün döyüşdülər,
Yaz gələli aşıb-daşan,
Sal daşlarla pıçıldaşan
Sellər üçün döyüşdülər.
Döyüşdülər...
Vətən-Ana, Ana-Vətən
deyə-deyə döyüşdülər...
Yağılığı əyə-əyə,
döyə-döyə döyüşdülər...
Görk oldular
yerə-göyə, döyüşdülər...
Dan yerinin
ilmələri söküldükcə döyüşdülər,
Yağıların
görər gözü tökülürdü,
vurar qolu bükülürdü...
Döyüşlərin nəhayəti qələbəydi.
Qılınc kimi sıyrılanlar
məmləkətin gözlədiyi
Zəfər üçün döyüşdülər.
Döyüşlərin tünlüyündən
boy göstərən
səhər üçün döyüşdülər...
"Zəfər!", "Zəfər!" deyirdi...
Dalğalanan bayrağın
möhtəşəm təntənəsi.
"Zəfər!", "Zəfər!"deyirdi...
Qara bağları qırıb
Qarabağa can atan
"Qarabağ şikəstəsi".
Döyüşlərdə
səs itirən deyirdi ki,
mərmi səsi, güllə səsi.
səsdi mənə.
Əl itirən, qol itirən deyirdi ki,
Bayrağımız dalğalanır,
bəsdi mənə.
Qaçqın Ata,
qaçqın Ana deyirdi ki,
Anam torpaq, atam torpaq,
Gözlərinə üz sürtməyim
sonuncu nəfəsdi mənə...
"Zəfər!", "Zəfər!" deyirdi...
İllərdən sonra
Cıdır düzündə oxunan
"Qarabağ şikəstəsi"
Azərbaycan əsgərinin
sonuncu gülləsini
İşğalın son nəfəsi bildi o gün...
Bu dağların od qardaşı,
köz qardaşı olanların,
öz qardaşı olanların,
Azərbaycan əsgərinin
söz qardaşı olanların
hər kəlməsi suya çəkir
Yer üzünü,
Əsən yellər bayraq bilir
Vətən olan, millət olan,
dövlət olan hər sözünü:
Millət qılınc sıyırdı uğurlu səfər üçün,
Qaranlıqdan sıyrılan bir nurlu səhər üçün...
Tarixi axarına qaytaran Zəfər üçün,
Sağ ol, əsgər qardaşım!