Ukrayna və Yaxın Şərqdə atəş səslərinin gücləndiyi bir zamanda Vaşinqton Rusiyaya qarşı olduğu kimi, Moskva ilə əməkdaşlığa görə də sanksiyaları sərtləşdirməkdə davam edir. Noyabrın 2-də ABŞ Maliyyə Nazirliyi Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan 20-dən çox şirkətə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bu şirkətləri Rusiyaya qarşı sanksiyaları pozmaqda və Moskvanı ehtiyac duyduğu qadağan olunmuş mallarla təmin etməkdə günahlandırır.
Rusiyanı sanksiyalarla qadağan olunmuş mallarla təminatda əsas "mərkəzlərdən" biri sayılan Birləşmiş Ərəb Əmirliyinin 12 şirkəti Vaşinqtonun yeni "qara siyahısı"na düşüb. Bu şirkətlər Rusiyanı kompüter hissələri, informasiya emalı avadanlığı, peyk texnologiyası, habelə sanksiyalara görə təmir və texniki xidmət imkanlarından məhrum olan Qərb istehsalı olan təyyarələr üçün ehtiyat hissələri ilə təmin ediblər. BƏƏ-də qeydiyyatdan keçmiş "ARX Financial Engineering Limited" şirkəti isə sanksiyalara zidd olaraq VTB dövlət bankından rublun çıxarılaraq dollara dəyişdirilməsinə imkan verən sxemin iştirakçısı olduğu üçün Vaşinqtonun qadağalar siyahısına düşüb.
ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-də açıqladığı yeni sanksiya siyahısında Türkiyənin 7 şirkətinin də adı var. Bu şirkətlər Rusiyaya mikrosxemlər, litium-ion akkumlyatorları, metal emalı avadanlığı göndərilməsində iştirak etdikləri və Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərlə əməkdaşlığa görə qadağalara məruz qalıblar. Həmin şirkətlərin ABŞ-dakı bütün əmlakları "dondurulub", Amerika vətəndaşlarına və hüquqi şəxslərinə həmin şirkətlərlə hər hansı bir əməliyyat aparmaq qadağan edilib.
Bundan başqa, Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən, Moskvanı sanksiyalarla qadağan olunmuş texnologiyalarla təmin etməklə məşğul olan Türkiyə vətəndaşı Berk Türkənə qarşı ayrıca qadağa tətbiq edilib.
Birləşmiş Ərəb Əmirliyi və Türkiyədən olan hüquqi şəxslərlə yanaşı, üç Çin şirkətinin də adı Vaşinqtonun yeni "qara siyahısı"na düşüb. "China Taly Aviation Technologies" şirkəti Rusiyanın hava hücumundan müdafiə sistemləri istehsalçısına radar avadanlığı verməkdə günahkar bilinir. Digər iki şirkət, "Beijing Jiahehengde Technology" və "Shangyixianda Technology" isə sanksiyaya məruz qalmış Rusiya qurumlarına 100-dən çox elektro-optik və telekommunikasiya avadanlıqları satdıqları üçün qadağalara məruz qalıb.
Qeyd edək ki, bundan öncə də Rusiyanı qadağan olunmuş mallara təmin etdiyinə görə üçüncü ölkələrdən olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilmişdi. Ancaq noyabrın 2-də tətbiq edilən sanksiya əvvəlkindən ən azı iki dəfə daha çox hüquqi və fiziki şəxsə qarşı yönəlib. ABŞ Maliyyə Nazirliyi bu şirkətləri Ukraynaya qarşı cinayətkar müharibədə Rusiyaya köməklik göstərməkdə ittiham edir. Göründüyü kimi, bu, çox ağır ittihamdır. Bundan sonra həmin şirkətlərin Qərb şirkətləri ilə hər hansısa əməkdaşlığı mümkünsüz hala gəlir. Gələcəkdə həmin şirkətlərin məsuliyyətə cəlb olunacağı da istisna edilmir. Belə ehtimal etmək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatandan sonra adları sanksiya siyahısına salınmış şirkətlər məsuliyyətə cəb olunaraq Rusiya ilə bərabər cərimə ödəməyə məhkum ediləcəkər. Çünki Vaşinqtonda belə bir rəy hakimdir ki, Rusiya təkbaşına hərbi sənaye kompleksi üçün materialların və malların əhəmiyyətli bir hissəsini istehsal etmək iqtidarında deyil. Bu vəzifənin öhdəsindən gəlməkdə ona yardım edənlər də məsuliyyət daşımalıdırlar.
Digər tərəfdən, Vaşinqtonda belə bir rəy güclənməyə başlayır ki, Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliyi Rusiyanı qadağan olunmuş mallarla təminatın mərkəzinə çevrilib. Vaşinqton bu ölkələrdən sanksiyaların pozulmasını dayandırmaq üçün qəti tədbirlər görməyi tələb edir. Əks halda bu ölkələrin də Rusiya ilə bərabər Amerika texnologiyasından və beynəlxalq maliyyə sistemindən istifadəsinin qarşısını almaq üçün tədbirlər görməkdən çəkinməyəcəyinə işarə edir.
Noyabrın 2-də ABŞ Maliyyə Nazirliyi aralarında 7 bank olmaqla 200-ə yaxın Rusiya şirkətinə qarşı da sanksiya tətbiq edib. Bu sanksiya adları "qara siyahı"ya salınmış şirkətlərin bütün aktivlərin dondurulmasını və onlarla hər hansı əməliyyatların aparılmasını qadağan edir. Vaşinqtonda hesab edirlər ki, bu qadağalar Rusiyanın Uraynaya qarşı müharibəni davam etdirməsini daha çətinləşdirəcək.
ABŞ Maliyyə Nazirliyinin xarici qiymətli kağızların ticarətini həyata keçirən Sankt-Peterburq Birjasına qarşı sanksiyalar tətbiq etməsi bu strukturun işini iflic vaziyyətə salıb. Sanksiya haqqında məlumat yayılan kimi birja fəaliyyətini dayandırıb. Birjanın özünün səhmləri isə 20 faiz ucuzlaşıb.
Sanksiyaya məruz qalanlar arasında Bauman adına Moskva Dövlət Texniki Universitetinin olması da Vaşinqtonun Moskvanı cəzalandırmaqda nə qədər qətiyyətli olduğunu göstərir.
Digər tərəfdən Vaşinqton bu qərarlığını sanksiyaları pozaraq qadağan olunmuş malları qaçaqmalçılıq yolu ilə Rusiyaya göndərənləri aşkarlayıb məsuliyyətə cəlb etməklə də nümyiş etdirir. ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, ABŞ-da yaşayan 52 yaşlı Rusiya və Tacikistan vətəndaşı Salimjon Nəsridinov, Kanadada yaşayan 37 yaşlı Nikolay Qoltsev və 32 yaşlı Kristina Puzıreva sanksiyaları pozmaqda və qaçaqmalçılıqda ittiham olunurlar. Nəsridinov Bruklində, Qoltsev və Puzıreva isə Manhettendə həbs ediliblər. Bruklin prokurorları müttəhimlərin ölkəni tərk etmək riski olduğu üçün mühakimə olunana qədər həbs olunmasını tələb edir. Prokurorluğun məlumatına görə, il ərzində Nəsriddinov, Qoltsev və Puzıreva ümumi dəyəri təxminən 10 milyon ABŞ dolları olan 300-dən çox qadağan olunmuş malların Rusiyaya göndərilməsini təmin ediblər. Nəsriddinov və Qoltsev malları müxtəlif vasitəçi şirkətlərə, xüsusən Türkiyə, Çin, Hindistan və BƏƏ-yə göndərib, oradan da Rusiyaya daşıyıblar. Puzıreva bu sxem çərçivəsində çoxsaylı bank hesablarını idarə edib və maliyyə əməliyyatları həyata keçirib. İttiham məhkəmədə sübut olunacağı halda onları uzunmüddətli həbs gözləyir.
Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmə Avropada müşahidə olunmağa başlayıb. Rotterdam Rayon Məhkəməsi Rusiya və Niderland vətəndaşlığı olan 55 yaşlı iş adamı Dmitri K.-ni 18 ay müddətinə azadlıqdan məhrum etməklə yanaşı, 200 min avro məbləğində cərimələyib. O, Avropa İttifaqının sanksiyalarını pozmaqda təqsirli bilinib. Məhkəmənin qərarında deyilir ki, Dmitri.K. ikili təyinatlı elektron malları Rusiya hərbi və müdafiə sənayesi ilə sıx bağlı olan şirkətlərə göndərib.
Bütün bunlar Rusiya ilə əlaqələrin riskli olmaqla yanaşı, artıq cinayət məsuliyyəti doğuracağı qənaətini yaradır. Bu isə heç şübhəsiz ki, Rusiya ilə biznes əlaqələrinin qırılmasına daha çox təsir göstərəcək.