|
|
|
|

Elman İSKƏNDƏR
Zəfər yolumuz
Üfüqdə bir ümid işığı yandı,
başlandı zəfərə səfər yolumuz...
Bəsdir Ana yurdum yandı, talandı,
ürəkdə qövr etdi qəhər yolumuz...
Çatdı qələbəyə Zəfər yolumuz!
Bir vaxt silahsızdıq, əli yalındıq,
Bəlkə ona görə kənd-kənd alındıq.
İbrəti tarixdən alıb qazandıq,
Babalardan qalmış səngər yolumuz...
Çatdı qələbəyə Zəfər yolumuz!
Milyon əl birləşib bir yumruq oldu,
Ürəklər hünərlə, qürurla doldu.
Düşmənin bağrına yaralar vurdu
misri qılınc kimi dəmir qolumuz.
Çatdı qələbəyə Zəfər yolumuz!
Üzü qələbəyə yol getdi onlar,
Keçilməz qayalar qət etdi onlar,
Bir ümid sədası eşitdi onlar,
Vətənin sehrindən keçər yolumuz...
Çatdı qələbəyə Zəfər yolumuz!
Bu yolda şəhidlik ən uca məqam!
Candan əziz Vətən, Vətən - əziz can...
Şəhid anaları - ruhu qəhrəman!
Cəngi lay-layıdı, hünər yolumuz...
Çatdı qələbəyə - Zəfər yolumuz!
Yurdun daş yaddaşı - bir qan yaddaşı!
Unutmaq olarmı axan qan-yaşı?!
Bizə əmanətdir hər dağı, daşı, -
Müqəddəs ünvandır əsgər yolumuz,
Çatdı qələbəyə - Zəfər yolumuz!



