
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 "Halal dərman vasitələri - 1-ci hissə - ümumi tələblər" yeni dövlət standartını qəbul edib. Bu standart İslam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.
Qeyd edək ki, hazırda Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Malayziya kimi müsəlman ölkələrində də halal dərman standartı tətbiq olunur.
Mütəxəssislər ölkə əhalisinin əksəriyyətinin müsəlman olduğu üçün sözügedən qərarın verilməsini təqdirəlayiq hesab edir. Onların fikrincə, tərkibində spirt olan dərmanlar haram sayılmasa da, tərkibində digər haram məhsullar olan dərmanlar haqqında bunu demək olmaz.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyir ki, halal dərman vasitələri dedikdə, sözügedən dövlət standartına cavab verən və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitələri nəzərdə tutulur. Halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır: "Bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda, digər halal olmayan komponentlərdən istifadə olunmur. Qeyd edim ki, standart həm ölkə daxilində istehsal olunan, həm də ölkəyə idxal edilən halal dərman vasitələrinə aid edilir".
Qurum rəsmisi həmçinin bildirib ki, halal dərman vasitələri ilə bağlı dövlət standartı da daxil olmaqla, ümumilikdə bütün standartların tətbiqi könüllü əsaslarla həyata keçirilir: "Qanunvericiliyin tələblərinə əsasən təsərrüfat subyektləri tərəfindən müəyyən standart, məsələn halal dərman vasitələri ilə bağlı dövlət standartı tətbiq olunursa, onda həmin standartların tələblərinə riayət olunmalıdır. Belə ki, uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri bu standartın tələblərinə riayət etmədikləri təqdirdə, bu, istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar".
Professor Adil Qeybullanın sözlərinə görə, "halal" termini bir məhsulun istehsalı zamanı şəriət qaydalarının gözlənilməsini nəzərdə tutur: "Bu termin elə bu şəkildə də xarici dillərə daxil olub. Xaricdə "halal meat" - yəni halal ət yazılır. Müsəlmanlar bilirlər ki, məhsul halal qaydada hazırlanıb. Halal dedikdə şəriətlə qadağan olunmamış heyvan mənşəli məhsullardan istifadə edilərək hazırlanan məhsullar nəzərdə tutulur. Qidada olduğu kimi, dərmanın inqrediyentləri, məsələn, kapsulu, bəzi substansiyaları heyvan mənşəli ola bilər. Bu heyvan da İslamda qadağan olunmamalıdır. Yəni donuzun əti, piyi və onun digər hissələri olmamalıdır. Standart dərman istehsalında şəriət qaydaları ilə kəsilmiş və haram buyurulmamış heyvan mənşəli məhsullardan istifadə edilir. Ona görə də dərman istehsal edən şirkətlər onun üzərində qeyd edəcəklər ki, bu, halaldır və ya halal deyil. Təbii ki, müsəlman ölkələrə idxal olunan məhsullarda bu nəzərə alınacaq".
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, halal standart artıq bir çox qida məhsullarında tətbiq olunur: "Xüsusilə toyuq və ət məhsullarında, kolbasaların üzərində bunu tez-tez görürük. "Halal" ərəb dilindən tərcümə edildikdə "qanuni", "icazə verilən" deməkdir. Bunun konkret bir standartı mövcuddur. Belə məhsullar Allah-Təalanın halal buyurduğu maddələrdən hazırlanmalı və mütləq halal qazancla əldə olunmalıdır. Burada söhbət birbaşa olaraq qidanın özündən, qida maddəsindən, onun qatqısından, hansı formada hazırlanmasından gedir. Halal qida Beynəlxalq Kodeks Alimentarius Komissiyasının sənədlərində birbaşa olaraq islami qaydalara görə qadağan olunan hər hansı elementi ehtiva etməyən və ondan tənzimlənərək hazırlanan, daşınan, saxlanılan məhsul olaraq müəyyənləşdirilir. Bu o deməkdir ki, bir çox İslam ölkələrində bu standart olmadan hansısa məhsul dövlət səviyyəsində istehlak edilə bilməz. Məsələn, ərəb ölkələrində bu, bir çox məhsullara tətbiq edilir. Tutaq ki, Birləşmiş Ərəb Əmirliklərinə ət və ət məhsulları apararkən bu standartın tətbiqi mütləqdir. Yəni bayaq sadaladığımız qida zəncirinin mərhələləri islami qaydalara uyğun olaraq həyata keçirilməlidir".
Ekspert hazırda ölkəmizdə dərman preparatlarına da tətbiq olunan bu standartların yeni bir praktika olmadığını bildirib: "İslam ölkələrində bu qaydalar çoxdan tətbiq olunur. "Halal dərman" dedikdə onun hazırlanmasında yuxarıda qeyd etdiyim bütün məsələlərə riayət olunmalıdır. Yəni şəriətdə qadağan olunmuş komponentlərdən istifadə olunmamalıdır. Məsələn, islamda jelatin konkret olaraq qadağan edilir. Elə dərmanlar var ki, heyvan mənşəli vasitələrdən hazırlanır və ya tərkibində pankreatin olan dərman preparatları donuzun hansısa elementlərindən götürülür. Yaxud qan azlığını tənzimləmək üçün istifadə olunan Albümin, Gematogen var. Uşaq qidalarında rəngləndirici kimi istifadə olunan Karmin var. Dərman preparatlarında bundan yeni bir forma almaq üçün istifadə edilir və yaxud spirt. Əksər tibbi məhlulların hazırlanmasında bir nömrəli vasitədir. Bunları sadalamaqla onu demək istəyirəm ki, İslamda bu elementlər konkret olaraq qadağan edilib. Və əgər şəriətdə bunlar qadağan olunubsa, dərmanlarda da halallıq gözlənməlidir. Yəni xammalın əldə olunmasında, məhsulların hazırlanmasında, daşınmasında, anbarlaşdırılmasında bütün proseslər islami, şəriət qaydalarına icazə verilən formada həyata keçirilməlidir".
A.İbrahimovun fikrincə, Azərbaycanda da bunun tətbiqi doğru addımdır: "Məlumdur ki, Azərbaycan dünyəvi dövlətdir, burada dindar da, müsəlman da, ateist də yaşayır. Yəni dünyanın bir çox ölkələrindən fərqli olaraq bizdə multikulturalizm geniş yayılıb. O baxımdan hesab edirəm ki, ölkəmizdə də bu standartların tətbiq edilməsi təqdirəlayiq haldır. Təbii ki, bu, həm də insanların fərdi seçiminə bağlı bir məsələdir. Avropa ölkələrində də belədir. Məsələn, insan var ki, büdcəsinə, tələbatına müvafiq olaraq GMO-lu məhsullar seçir. Təbii ki, ölkəmizdə də belə bir seçim imkanı tam azaddır. Amma mən bütün hallarda bu standartların tətbiq edilməsini müsbət dəyərləndirirəm. Çünki Azərbaycanda şəriət qaydaları ilə ayaqlaşan insanlar çoxdur və onların inanclarına, seçimlərinə hörmətlə yanaşmaq lazımdır".
Farmakoloq, dosent Aydın Əliyev deyir ki, dərmanlar həm keyfiyyətli olmalıdır, tərkibi bilinməlidir, vaxtı keçmiş olmamalıdır, qiymət düzgün olmalıdır, yəni xaricdə ucuz, bizdə baha olmamalıdır. Bütün bunlar kompleks şəkildə halallıq standartını ehtiva edir.
Ekspertin sözlərinə əsasən, dərmanla bağlı sırf xaricdən asılı vəziyyətə düşürük: "Xaricdən asılı olmaq təkcə dərmanların maddi asılılığı da demək deyil. O dərmanların keyfiyyətindən də asılı vəziyyətə düşürük. Sözügedən dərmanlar adına uyğun keyfiyyətdə bizə gəlirmi? Tərkibi yazıldığı kimidirmi? Çox sayda problemlər var. Bu problemlərin hamısının qarşısında sahibkarların da gücü çatmayacaq. Avtomatik olaraq qiymətlərin artması baş verir. Digər tərəfdən, sahibkarların özləri də etiraf edirlər ki, ayrı-ayrı idarələrdən asılıdırlar. O asılılıqlar aradan götürülməlidir. Dərmanlar birbaşa ölkəyə gəlməlidir, bizim dərman ekspertiza idarəsindən keçəndən sonra apteklərə ötürülməlidir".
Millət vəkili Müşfiq Məmmədli qeyd edib ki, "halal" termini bir məhsulun istehsalı zamanı şəriət qaydalarının gözlənilməsi deməkdir və bu da çox vacibdir: "Bu termin elə bu şəkildə də xarici dillərə daxil olub. Xaricdə "halal meat", yəni halal ət yazılır. Müsəlmanlar bilirlər ki, məhsul halal qaydada hazırlanıb. Halal dedikdə şəriətlə qadağan olunmamış heyvan mənşəli məhsullardan istifadə edilərək hazırlanan məhsullar nəzərdə tutulur. Qidada olduğu kimi, dərmanın inqrediyentləri, məsələn, kapsulu, bəzi substansiyaları heyvan mənşəli ola bilər. Bu heyvan da İslamda qadağan olunmamalıdır. Yəni donuzun əti, piyi və onun digər hissələri olmamalıdır".
Millət vəkilinin dediyinə görə, standart dərman istehsalında şəriət qaydaları ilə kəsilmiş və haram buyurulmamış heyvan mənşəli məhsullardan istifadə olunur: "Ona görə də dərman istehsal edən şirkətlər onun üzərində qeyd edəcəklər ki, bu, halaldır və ya halal deyil. Təbii ki, müsəlman ölkələrə idxal olunan məhsullarda bu, nəzərə alınacaq".
Sevinc QARAYEVA



