|
|
|
|

Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsi qaydalarına dəyişiklik edilib. Belə ki, evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi, eləcə də qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına müvafiq maddədə nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Bu ilin oktyabr ayının 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılır. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətlərlə təmin oluna bilərlər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sözügedən dəyişiklik oktyabrın 1-də qəbul edilib. Sənədsiz evlərlə bağlı yeni qərar bu ilin oktyabrından əvvələ aid deyil. Bu ilin oktyabr ayının 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılır. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətlərlə təmin oluna bilərlər. Bu qərar oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil.
Ekspertin sözlərinə görə, bu vəziyyət çıxarışlı torpaqların və mənzillərin satış qiymətinə təsir göstərəcək, qiymətlər artacaq. Çünki çıxarışlı torpaq sahələrinin sayı elə də çox deyil. Hazırda satışda olan boş torpaq sahələrinin böyük əksəriyyətinin çıxarışı yoxdur. Bu torpaqların ancaq bələdiyyə sənədi, yaxud da sovet dövründə kolxoz və sovxozlardan verilmiş payçı sənədləri var: "Əmlak bazarında, xüsusilə də Bakı və Abşeron ərazisində ən ucuz evlər çıxarışsız fərdi evlərdir. Onların qiyməti ucuz olduğundan, aztəminatlı ailələr üçün əlçatan idi. Çıxarışı olmayan evlərin mülkiyyət hüququ tanınmadığından, almaq riskli olsa da, vətəndaşlar kirayə yaşamaqdansa, bu tip evləri almağa üstünlük verirdilər. Yeni qərarla artıq çıxarış yoxdursa və vətəndaş ora kommunikasiya xətləri çəkə bilməyəcəksə, o zaman belə torpaqları, mənzilləri almayacaq".
Ekpertin fikrincə, bundan sonra çıxarışlı torpaq sahələrinin qiyməti kəskin bahalaşacaq. Bu isə yeni tikiləcək fərdi evlərin qiymətinə birbaşa təsir edəcək: "Bu, təkcə ev tikintisi, alqı-satqısı ilə məşğul olanların gəlirlərinə təsir etməyəcək. Bakı və Abşeronda tikinti materiallarına da tələbat kəskin azalacaq ki, bu da dolayısı ilə ölkə iqtisadiyyatına təsir göstərəcək".
E.Fərzəliyev qeyd edib ki, yeni qərar sənədsiz evlərin tikintisinin qarşısını almaq üçün çıxış yolu deyil. Sənədsiz torpaqlara çıxarışların verilməsi ilə bağlı ciddi bir addım atılmalıdır: "Bakı və Abşerondakı fərdi həyət evlərinin sayı yüz minlərlədir. Fərdi yaşayış evlərinin tikintisi üçün qanuni tələb olunan çıxarışlı torpaqların sayı məhdud olduğuna görə, vətəndaşlar sənədi olmayan torpaq sahələrini almağa məcbur olurdular. Belə torpaqların qiyməti xeyli ucuz idi. Yeni verilmiş qərardan sonra gözlənilən idi ki, sənədsiz fərdi həyət evlərinin tikintisi tamamilə dayansın. Çünki işığı, suyu, qazı olmayan mənzilin bazarda alıcısı da olmayacaq".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının dediyinə görə, Prezidentin kommunal təsisatla bağlı qərarı sənədsiz torpaqlarda evlərin tikilməsinin qarşısını alacaq: "Məlum olduğu kimi, Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsi qaydalarına dəyişiklik edilib. Bu il oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulan əsas olmadan inşa edilən və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır. Bununla yerli icra orqanlarının qanunsuz evlərin tikilməsindən sui-istifadə etməsinin də qarşısı alınacaq".
Əmlak eksperti Nüsrət İbrahimov da qərarın yeni tikiləcək evlərə aid olduğunu, lakin bunun mənzil bazarında qiymətlərə heç bir təsir göstərməyəcəyini söyləyib: "İndiyə qədər sənədsiz tikilən evlərin hamısı artıq kommunal xidmətlərlə təchiz olunub. Sözügedən qərar yeni tikilən sənədsiz evlərə şamil olunacaq. Bu isə daha sənədsiz binaların tikilməyəcəyinə əsas verir. Çünki vətəndaş başa düşəcək ki, sənədsiz ev tiksə, heç bir kommunal xidmətlə onu təchiz edə bilməyəcək. Mən bunun mənzil bazarında qiymətlərə elə də təsir edəcəyini düşünmürəm. Çünki sənədsiz evləri əsasən imkansız ailələr tikirlər. Çünki bu şəxslər açıq bazardan mənzil almaq iqtidarında deyillər. Onsuz da onlar bazar iştirakçıları deyillər və qiymət artımlarına təsir etməyəcək".
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu qaydanın tətbiqi əmlak bazarında bir çox problemləri aradan qaldıracaq: "Oktyabrın 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətləri ilə təmin oluna bilərlər. Yəni bu qərar, oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Bundan sonra vətəndaş ilk növbədə torpağın çıxarışını əldə etməlidir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsinə və Rayon İcra Hakimiyyətinə tikinti üçün layihə təqdim olunmalıdır. Layihə təsdiqləndikdən sonra tikintiyə başlanıla bilər".
R.Qasımzadə hesab edir ki, indiyə qədər sənədsiz evlərlə bağlı vətəndaşlar çoxlu sayda problemlərlə üzləşiblər: "Məsələn, su, qaz və elektrik enerjisi xətləri elə bir yerdə idi ki, fərdi evlərin təchizatını çətinləşdirirdi. Təbii ki, hər bir vətəndaş fərdi yaşayış evi tikərkən bilməlidir ki, onun tikdiyi ərazi dövlət tərəfindən yaşayış fondu kimi tanınır, ya yox".
Ekspertin sözlərinə görə, yeni qayda əmlak bazarındakı qiymətlərə təsir etməyəcək: "Hesab edirəm ki, qiymətlərə hər hansı bir ciddi təsiri olmayacaq. Çünki onsuz da gecəqondu kimi tikilən evlərdən vətəndaşlar uzaq dururlar. İndiyə qədər onsuz da kifayət qədər sənədsiz evlər tikilib. Bundan sonra isə bunun mümkün olmadığı üçün evlərin tikilməsi və satışı əmlak bazarına müsbət təsir göstərə bilər".
Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə əsasən, bu kimi tədbirlərin görülməsi, islahatların aparılması bazara təsirsiz ötüşməyəcək. O evlərin ki, artıq kommunal xidmətləri ilə bağlı müvafiq sənədləri mövcuddur və ya onların təchizatı artıq təmin olunubsa, qiyməti artacaq: "Problemlər bələdiyyə torpaqlarında (bələdiyyənin sənədi əsasında) və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi qaydada tikiləcək evlərlə bağlı ola bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarında ümumiyyətlə inşa işləri aparmaq qanuna ziddir. Lakin bir çox ərazilərdə tikinti işləri aparılır və həmin inşa edilmiş və yaxud inşa ediləcək evlərə layihə sənədlərinin təsdiqi qanunla yol verilmir. Bu kimi evlərin qiyməti digərlərindən aşağı olacaq".
Ev tikintisi və alqı-satqısı ilə məşğul olan şəxslər bunun fərdi evlərin qiymətinə gələn ildən əhəmiyyətli dərəcədə təsir göstərəcəyini deyirlər. Rieltorlar hazırda fərdi yaşayış evlərinin qiymətinin 40 min manatdan 120 min manata qədər dəyişdiyini bildirirlər: "Evlərin qiymətində ən azı 10 min manata qədər bahalaşmanın olacağı gözlənilir".
Rieltorlar qeyd edir ki, hazırda yalnız oktyabr ayından əvvəl bönövrəsi qoyulmuş evlərin tikintisi davam etdirilir. Maklerlər də hazırda ancaq sayğacı olan evləri sata bilirlər. Çünki qanunsuz tikili olsa da, həmin evlərə sözügedən qərardan əvvəl sayğac quraşdırılıb: "Fərdi yaşayış evləri ucuz olduğundan, şəhərdə evlərini satanlar, evləri söküntü üçün plana düşənlər ətraf qəsəbələrə üz tutur. Hazır sayğaclı evlərin sayı isə o qədər də çox deyil. Belə evlər çox güman ki, yeni ilə qədər satılacaq. Yeni ildən hazır, sayğaclı fərdi həyət evi tapmaq çətin olacaq. Bu da fərdi yaşayış evlərinin qiymətinin bahalaşmasına səbəb olacaq".
Sevinc QARAYEVA



