|
|
|
|

Şimali Koreya Çinlə münasibətlərində yeni bir mərhələnin başladığını, tərəflərin bir-birinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün qarşılıqlı öhdəliklər götürdüyünü bəyan edib.
525.az xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın Çin lideri Si Cinpin ilə Pxenyandakı görüşündə bildirilib.
Danışıqlar zamanı tərəflər beynəlxalq və regional məsələləri, eləcə də iki ölkə arasında strateji koordinasiya və əməkdaşlığı gücləndirməyin yollarını müzakirə ediblər. Onlar hər iki ölkənin suverenliyinin, təhlükəsizliyinin, inkişafının və maraqlarının qorunmasına, sülh və inkişafın dəstəklənməsinə sadiq olduqlarını vurğulayıblar.
Kim Çen In deyib ki, Si Cinpinin KXDR-ə səfəri Çinin ikitərəfli dostluğa verdiyi əhəmiyyəti əks etdirir. O, Pxenyanın bunu bir şərəf hesab etdiyini deyib. Əlavə edib ki, bu səfər bir daha göstərir ki, KXDR və Çin müstəqillik və ədalət naminə həmişə tarixin doğru tərəfində çiyin-çiyinə dayanırlar.
O, ölkəsinin Çinlə dostluğu vacib strateji məqsəd kimi gördüyünü, münasibətləri daha da gücləndirmək üçün səy göstərəyini söyləyib.
Si Cinpin öz növbəsində Çin hökumətinin iki ölkənin ortaq maraqlarını və strateji sabitliyini qorumağa davam edəcəyini bildirib. İkitərəfli münasibətlərin inkişafı üçün yol xəritəsi hazırlamağa və onların daha da möhkəmlənməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.
Bu, Si Cinpinin KXDR-ə son yeddi ildə ilk səfəridir. Çin lideri sonuncu dəfə 2019-cu ildə COVID-19 pandemiyasından əvvəl bu ölkədə səfərdə olub.
Pərvanə Sultanova



