|
|
|
|

Azərbaycan Prezidenti, Ali Baş Komandan, görkəmli siyasi və dövlət xadimi İlham Əliyevin son 20 il ərzində gördüyü möhtəşəm işlər və hazırkı fəaliyyəti qətiyyətlə deməyə əsas verir ki, o, sadəcə Ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin ideyalarının davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir böyük Liderdir.
Cənab İlham Əliyev 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Orada elmi-pedaqoji fəaliyyətə başlayıb, aspirant olub, müəllim kimi çalışıb. Tarix elmləri namizədidir. Ötən əsrin 90-cı illərindən sonrakı dövrlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra birinci vitse-prezidenti, daha sonra isə Azərbaycan Respublikasının Baş naziri vəzifələrində çalışıb. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri var.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında partiya sədrinin müavini, II qurultayında sədrin birinci müavini seçilib. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərib. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq edib. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalıb və Milli Məclisdə böyük əksəriyyəti qazanıb. İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərib. O, daim xalqın içərisində olub, onun problemlərini öyrənib, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərib. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, onun təşəbbüsü ilə Qaradağ rayonununda və ölkənin digər bölgələrində aparılan böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətli və cəsarətli xidmət nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərib. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunub, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşıb. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsi barədə həqiqətlərin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırıb və o, 2003-cü ildə AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilib.
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində də misilsiz fədakarlıq göstərib və bu sahədə fəaliyyətini indi də böyük uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti seçilən İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərib. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində Azərbaycan idmanı dünya şöhrəti qazanıb. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının böyük qələbəsidir.
Azərbaycanın dövlət başçısı kimi cənab İlham Əliyevin müdrik, gələcəyə hesablanmış siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin immun sistemini möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində buna əyani surətdə şahidlik etdik. Prezident İlham Əliyev Cənubi Qafqazdakı hazırkı tarixi proseslərin ssenari müəllifidir, regionun inkişaf meyllərini görən və istiqamətləndirən strateqdir. Onun hədəfi dəqiq nişan alan strateji addımlarının bəhrəsi bu gün həyatımızın hər sahəsində aydın hiss olunur.
2018-ci ilin aprelində prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların, yeni siyasi konfiqurasiyanın anonsunu vermişdi. Bu illər ərzindəki fəaliyyəti, həyata keçirilən çoxsaylı əməli və məqsədyönlü təbdirlər Prezident İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir” fikrinin həyatda növbəti dəfə əyani təsdiqini tapdığını göstərdi.
İlham Əliyevin humanizmini, ədalətini əks etdirən sərəncamları, imzaladığı qanunlar insanlara qayğının təzahürüdür. Şəhid ailələrinin üzvləri, müharibə qaziləri və əhalinin digər həssas təbəqələrinin nümayəndələri ilə səmimi görüşləri dövlətimizin başçısının əsl vətənpərvər azərbaycanlı olmasının, həmçinin nəcib addımları ilə fərqlənən liderliyinin göstəricisidir.
Günbəgün, ilbəil güclənən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.



