|
|
|
|

“Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi üzrə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə keçirilib.
525.az xəbər verir ki, bu nüfuzlu elmi foruma Azərbaycan alimlərindən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, həmin institutun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva və AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov qatılıblar. Onların Daşkənd səfəri olduqca məhsuldar keçib.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan konfransda iştirakçılar Mərkəzin foyesində təşkil olunmuş “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisi ilə də tanış olublar. Sərgidə dahi şairimizin Azərbaycan dilində, həmçinin Mərkəzi tərəfindən özbəkcə nəşr etdiyi kitablar təqdim edilib.
Sərgi çərçivəsində həmçinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimlərinin müəllifi olduğu Nizami Gəncəvi yaradıcılığının tədqiqi, təbliği ilə bağlı kitablar, institut tərəfindən hazırlanan Nizami Gəncəvi əsərlərinin əlyazmalarının kataloqu, Nizami Gəncəvi biblioqrafiyası, şairin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, “Xəmsə”yə çəkilmiş miniatürlərin fotosurətləri və s. nümunələr, eləcə də AMEA Gəncə Bölməsinin son illərdə nəşr etdiyi kitablar da iştirakçılara təqdim olunub.
Konfransda Azərbaycan, Özbəkistan və Türkiyənin nizamişünas alimləri, Daşkənddəki ali təhsil müəssisələrinin pedaqoqları və tələbələri, gənc tədqiqatçılar iştirak ediblər.
Konfransın açılışında Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbaycan və Türk dünyası mədəniyyəti, ədəbiyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin daim dahi mütəfəkkirin irsinin öyrənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğinin diqqət mərkəzində saxladığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə «Nizami Gəncəvi ili» elan olunduğunu və bu münasibətlə dahi şairə həsr olunmuş çoxsaylı layihələr, tədqiqatların həyata keçirildiyini xatırladıb.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının Türk dünyasına və ümumən bütün Şərq aləminə böyük təsiri və bu amilin ədəbiyyatla yanaşı, mədəniyyət, musiqi, fəlsəfi təfəkkürdə də özünü parlaq şəkildə göstərməsi məsələlərindən danışıb. A.Qırğızbayev şairin ədəbi irsinin təbliği sahəsində Özbəkistanda da mühüm işlərin görüldüyünü qeyd edib. Özbəkistanda Nizami Gəncəvi yaradıcılığına daim yüksək dəyər verildiyinin bildirən rektor, bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verildiyini və şairin Daşkənddə büstünün ucaldığını qeyd edib.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov, eləcə də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindən, professor Erkin Nuriddinov, dosent Salimaxan Eşanova, dosent Mahbuba Orazbayeva, Türkiyədən dosent-doktor Fikri Aydemir və digər alimlər çıxışlarında Nizami Gəncəvi yaradıcılığının şərq, xüsusən türk fəlsəfi-poetik düşüncəsinə təsirindən danışıblar, o cümlədən türk poeziyasının nəhənglərindən olan Əlişir Nəvai, Məhəmməd Füzuli və digər böyük şairlərin Nizamidən bəhrələndiyini vurğulayaraq, bu müdrik şəxslərin ruhən bir-birinə yaxınlığının əsas səbəbini də onların türk mənsubiyyətinə, yəni eyni soy, kök, düşüncə və fikir tərzinə malik olmaları ilə bağlayıblar.
Konfransda Azərbaycan alimlərinin çıxışları xüsusi diqqət və maraqla qarşılanıb.Filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvinin türklüyü təkzibolunmaz faktdır” adlı məruzəsində şairin azərbaycanlı, türk olması faktının və əsərlərindəki türkçülük məfkurəsinin ən gözəl qaynağı kimi elə onun özünün qələmə aldığı əsərlərin mötəbər bir mənbə olduğunu qeyd edib. O, Nizami əsərlərinin qəhrəmanlarının Türk obrazları olmasını vurğulayayıb. Ə. Nəcəfov şairin Türk dilində divanının mövcudluğu ehtimalı haqqında da məlumat verib.
Həmçinin filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Türk bədii ədəbiyyatında Nizami Gəncəvi təsiri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin nəsil şəcərəsi və yaşadığı tarixi ərazi” adlı məruzələrlə çıxış ediblər.
Gəncəli alim, Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov məruzəsinin şairin doğma yurdunu təmsil edən bir tədqiqatçı kimi məxsusi diqətlə qarşılandığını bildirib.
“Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə şəhəri və onun ətraflarında yaşayan əhalinin əsas kütləsini türklərin təşkil etdiyi, Cənubi Qafqazın mədəni, ictimai-siyasi proseslərində mühüm rol oynadığı eramızın ikinci yüzilliyindən, yəni Nizaminin dövründən hələ min il əvvəl roma tarixçiləri və coğrafiyaçıları, beşinci əsrdən başlayaraq isə bizans, gürcü və ərəb tarixçiləri tərəfindən təsdiq edilmişdir. Dahi Azərbaycan mütəfəkkirinin əsərlərində təsvir edilən tarixi Gəncə torpağı, 1139-cu il Gəncə zəlzələsi, Kəpəz dağı, Həmdünyan kəndi, Arran, Bərdə, Ərmən, Muğan və digər toponimlər 800 ildən artıq bir zamandan bəri Nizami Gəncəvinin milli mənsubiyyətinin üvanını müəyyənləşdirən mühüm tarixi faktlardır. Həmçinin Nizami Gəncəvinin “Xəmsə” sində aparıcı olan türk təfəkkürü, türk düşüncə sistemi və dahi mütəfəkkirin milli mənsubiyyəti əsaslandıran dəlillərdəndir. Xüsusilə dahi mütəfəkkir məsnəvilərində konkret faktlarla türk olduğunu, Gəncədə yaşadığını vurğulamışdır”, – deyə o, məruzəsinin daha çox maraq doğurmuş məqamlarından danışıb.
Konfransın nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türk dünyası alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslar elmi tədqiqatlar cəmiyyəti” təsis edilib və onun gələcək fəaliyyət strategiyası müzakirə olunub.

Konrans ərəfəsində və ondan sonra Azərbaycandan gələn nümayəndələr bir sıra maraqlı və gərəkli görüşlərə də qatılıblar. Belə ki, onlar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, Daşkənddə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrində yaradılmış Azərbaycan ocaqlarında, o cümlədən Dövlət Şərqşünaslıq Universitetində Ümummilli liderin 100 illik yubileyi münasibəti ilə fəaliyyətə başlayan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzində və Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyat Universiteti nəzdində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Elmi Tədqiqat Mərkəzində olublar, bu mərkəzin rəhbəri filologiya elmləri doktoru Gülbahar Aşurova ilə 2024-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı müştərək layihələrin icrası ilə əlaqədar müzakirələr aparıblar. Alimlərimiz Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilinin 25-ci ildönümünə həsr olunmuş “Qardaşlıq bağlarını möhkəmlətmək yolunda” adlı beynəlxalq konfransda da iştirak ediblər.
Daşkənddəki görüşlər zamanı Azərbaycanlı nümayəndələr faydalı kitab mübadiləsi də aparıblar. Azərbaycan Mədəniyyəti Mərkəzinə və ziyarət olunmuş təhsil və elm ocaqlarına AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda və AMEA Gəncə Bölməsində son illər nəşr edilmiş kitablar hədiyyə edilib.
“AMEA Gəncə Bölməsində nəşr edilən "Heydər Əliyev və Gəncə", "İlham Əliyevin Gəncə şəhərinə səfərləri" "Ata vəsiyyəti", görkəmli nizamişünas, əməkdar elm xadimi, unudulmaz müəllimimiz professor Xəlil Yusiflinin "Nizaminin lirikası", həmçinin Ə.Muxtarovun "Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı" kitabları Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim olundu. Samir müəllim də öz növbəsində Mərkəz tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə 3 dildə nəşr edilən "Heydər Əliyev. 100 kəlam" kitabını və Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın xalq şairi, mərhum Camal Kamalın Nizami Gəncəvinin "Xəmsə"sinin Özbək dilinə ilk tərcüməsini, "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" və digər kitabları AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinə və Gəncə şəhər Nizami Gəncəvi Muzeyinə hədiyyə etdi” – deyə, Gəncə nizamişünaslarını təmsil edən Ə. Muxtarov bildirib.
Tədbir günlərində alimlərimiz həmçinin Daşkənd şəhərindəki tarixi abidələr, muzey və incəsənət mərkəzləri ilə tanış olublar, Özbəkistan Yazıçılar İttifaqına da baş çəkiblər.
Zakir Muradov, Gəncə



