|
|
|
|

Meksikada 2014-cü ildə 43 tələbənin saxlanıldıqdan sonra yoxa çıxdığı "Ayotzinapa işi" kimi tanınan insidentə etiraz edən onlarla nümayişçi prezident Andres Manuel Lopez Obradorun gündəlik mətbuat konfransı zamanı Milli Sarayın qapısını yük maşını ilə sındırıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərdə onlarla nümayişçinin yük maşını ilə paytaxt Mexikoda Milli Sarayın qapısını sındırdığı görünüb.
Hadisə zamanı Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında danışan Obrador: "Bu, bizə qarşı çox açıq bir təxribat planıdır", - deyib.
Nümayişçilərlə Daxili İşlər Nazirliyinin müşaviri məşğul olacağını bildirən Obrador: "Bizdən zorakılıqla cavab verməmizi istəyirlər. Bunu etməyəcəyik, zalım deyilik. Heç bir problem yoxdur, qapı təmir olunacaq", - deyə əlavə edib.
Prezident Obrador 15 gün ərzində nümayişçilərlə görüşəcəyini bildirib və əlavə edib ki, etirazçıları müşayiət edən vəkillər “siyasi ambisiyaları güdürlər”.
Qeyd edək ki, etirazçılar isə 43 tələbənin yoxa çıxdığı hadisəyə aydınlıq gətirmək üçün Obradorla görüş tələb edirlər.
Malik Atilay



