|
|
|
|
Onun atası kasıb adamdı və çörəyi dənizdən çıxırdı.Zənginlərin gəmilərində muzdurluq edən və həyatdan da erkən gedən Məhəmməddən oğlu Hüseynə qalan mal-mülk yox, adının əvvəlindəki ləqəbi oldu. Yelkən gəmilərinin komandirlərinə o vaxtlar "pişgah" deyərmişlər və Məhəmməd də ömrünün son illərində bu işdə olduğundan həmin kəlmə yapışmışdı adına, tanıyanlar ona "Pişgah Məhəmməd" deyərdi.
Bu sözün"ön", "qabaq", "yuxarı baş" mənaları var. Yəqin, elə komandir adətən gəminin irəli tərəfində olduğundan belə deyiblərmiş. Ancaq "pişgah" kəlməsinin "padşah", "möhtəşəm şəxs", "taxt" anlamları da var.
Hüseyn Ərəblinski yelkənlərini gen-gen açaraq ömrü boyu Sənət Dənizində üzdü, Milli Teatr Gəmimizin kapitanı oldu, həmişə öndə, yuxarı başda qərar tutdu, Azərbaycan teatrı tarixindəki ən möhtəşəm şəxs mərtəbəsinə ucaldı, həm məcazi, həm gerçək anlamda hökmdarlıq və taca sahiblik dəbəxtinə düşdü - səhnədə həqiqətən zəhmli Nadir şah oldu, Ağaməhəmməd şah oldu, Şah Abbas oldu (nədən dilin hansı daxili hökmüylə"şah" kəlməsi bütün başqa hökmdarların adından sonra gəldiyi halda Şah İsmayılla Şah Abbasda addan qabağa keçib?) gerçəkdən başında tac da gəzdirdi, amma həm də dolayısı ilə Azərbaycan teatrının şahı, taclısıadlanmaq şərəfi də ona nəsib oldu.
Ancaq atadan qalan kasıblıq da ondan heç əl çəkmədi, ömrü uzunu onu qarabaqara güddü, dəfələrlə sındırdı, sarsıtdı, dünyadan çiyrindirdi.
Üstündə gəzdirdiyi iki qiymətli əşya vardı - brilyant qaşlı üzüyü və qol saatı. Yaşadığı miyana evi vardı. Ancaq heç vaxt nə cibində gəzdirdiyi o saat, nə barmağındakı o üzük, nə içində yaşadığı evi axıracan onunku idi. Bunların üçü də həmişə girovda idi. Şəxsi işlərinə görə deyil, teatrdan ötrü. Bunlarıgirova qoyub tamaşa vermək üçün yer kirələyirdi, xüsusi adamlardan səhnə geyimi, lazım olan dekorasiyaları müvəqqəti alırdı. Bilet satılıb pul yığılanda borcları qaytarırdı, o əşyalar girovluqdan müvəqqəti çıxırdı, çox keçmirdi ki, hər şey yenə təkrarlanırdı.
Xalq artisti Hacağa Abbasov Ərəblinski ilə bağlı xatirələrini yazıb da, danışıb da. Səsini dinləyirəm və söylədikləri səsinə qarışmış kədər dalğası ilə mənə yazıda olduğundan daha çox təsir edir. O xatirə bizi 1918-ci ilə aparır. Bir-birlərinə yaxın yaşayırmışlar. Hüseynin anası Pəri xanım Hacağagilə gələrək anasına deyibmiş ki, oğlum oğlunu çağırır, evdə gözləyir. Hacağa gəlir və Hüseyni çox pərişan görür. Dilxorçuluğunun səbəbini soruşur. Ərəblinski qayıdır ki, keçən gün "Şəms" restoranına gedib nahar etmək istədim. Restoranın sahibi Hacı Aslan Məcidov kababçılıqdan bir az pul qazanandan sonra keçib oturub kassada, işləri idarə etməyi tapşırıb oğlu Əliheydərə. Hacı Aslan gəldiyimi görüncə oğluna dedi ki, Əliheydər, dünəndən qalan tavakababıdan qızdırıb bu artistə ver. Bu söz ovqatımı tamam pozdu, çıxdım oradan, evə ac gəldim. Qəmli olmağımın səbəbi budur.
Və o gün Ərəblinskinin dərdli-dərdli dediklərini də Hacağa Abbasov unutmamışdı, bizə də çatdırıb: "Hacağa, əgər bir vaxt "Qiyamət günü" deyilən əhvalat baş versə nə olacaq? Dünyada ömür keçirib gedən peyğəmbərlər gələcəklər məhşərə. Qeybdən səs gələcək: "Ya Musa, sənə inanan kəsləri çək qabağa". Bu vaxt məhşər əhli görəcək ki, Edison öz ixtiraları ilə, məşhur musiqi ustadı Rubinşteyn öz musiqi aləti ilə, professor Akinşeviçöz cərrah bıçağı iləgəlib bir yanda dayanacaq; sonra da əmr olunacaq: "Ya İsa, çək gəlsin sənə inananları! Bu vaxt görəcəklər ki, Puşkin, Qoqol, Lev Tolstoy öz kitabları ilə, Belinski öz əsərləri ilə gəldilər.Əlbəttə, bu təklif Məhəmmədə də ediləcəkdir. Bu zaman məhşər əhli görəcək ki, qovurmaçı Əbdüləli, onun dalınca kababçı Hacı Aslan Məcidov gəlib Məhəmmədin hüzurunda dayanacaqlar. Məhşər əhli qəhqəhə çəkib gülüşəcək, Məhəmmədin ümmətinə "Afərin!" deyəcək...Görəsən, Hacağa, dünyaya elə bir dövr gələcəkmi ki, bizim bu yazıq xalqın istedadına, onun incəsənətinə qiymət verilsin?"
Yandığından belə deyirdi və bütün çəkdiklərinə də ona görə dözürdü və dözə bilirdi ki, millətinin o cür qalmasını istəmirdi.
Hacı Aslanın köhnə tavakababını təxminən "at qabağına qoy yesin" deyərək Ərəblinskini (fərqi nədir ki! Onun yerində Azərbaycanın mahir bir rəssamı, üstün bir şairi, misilsiz bir musiqiçisi, kamil bir alimi də ola bilərdi) xar etməsi qəziyyəsini Hacağa Abbasovun bu xatirəsindən bildik, amma Ərəblinski Hacağa ilə söhbətində qovurmaçı Əbdüləlinin də adını çəkir axı! Allah bilir hələ o pəzəvəng böyük aktyorun qəlbinə necə dəyibmiş.
Mən intiqam hissindən uzaq adamam. Mənə pisliklər etmiş adamlardan heyif çıxmaq heç vaxt ağlımdan keçməz, ürəyimə gəlməz. Amma edilmiş pislikləri də qətiyyən unutmaq olmaz. Ərəblinski kimi millət əzizlərinə qarşı həyat boyu törədilmiş belə və bundan da betər qansızlıqlara əfv düşmür, lənət müddətsizdir, millət çıraqlarının həyatına azacıq belə ağu qatmışları bağışlayıb-bağışlamamaq məsələsini Allah Özü həll etsin.Nə qədər mərhəmətlidirsə də, Adil olduğu üçün hər halda Allah, yəqin ki, bağışlamaz!
...Hüseyn Ərəblinski ilk dəfə 1897-ci ildə Mirzə Fətəlinin "Vəzir-i Xan-i Lənkəran"ında ilk ifa etdiyi Kərimdən tutmuş1919-cu ildə ölümündən az öncə rus aktyorları ilə birgə oynadığı "Trilbi" tamaşasındakı Svenqali surətinədək (rus aktyoru və dramaturqu Qe Qriqiorinin(1868-1942) həcmcə çox da böyük olmayan və süjeti ingilis yazıçısı Corc du Moryenin XIX yüzilin sonlarında ədəbi sensasiya kimi qavranılmış romanından götürülmüş bu pyes ilk dəfə 1901-ci ildə Sankt-Peterburqda ayrıca kitabda nəşr edilmişdi)51 tamaşada və 1 filmdə 58 rol oynayıb (Bəzi pyeslərdə o, səhnəyə müxtəlif vaxtlarda fərqli rollarda çıxıb. "Müfəttiş"də 1906-da Dobçinski idi, 1908-də Xlestakov oldu; 1906-cı ilin sentyabrında"Nadir şah"da Məmməd xan idi, həmin ilin noyabrında Gürcübəy, 1907-də isə Nadir;"Gave-yi ahəngər"də 1908-də Gavə idi, 1909-da Pərviz).
Köhnə mətbuat, dövrün teatr biliciləri bu ifaların heç birinə münasibət bildirmədən yan keçməyib və bir qaydaymış kimi, bu qiymətvermələr çox yüksək olub.1907-ci il noyabrın 7-də "Kaspi" qəzeti Şillerin "Qaçaqlar"ının nümayişindən sonra yazırdı: "Frans fon Moora çevrilmiş Ərəblinskinin adı artıq özü hər şeyi deyir. O, rolu çox gözəl ifa etdi"; 1908-ci il noyabrın 9-da "Tərəqqi" yazırdı ki, "nəql edirlər,ədib-i mahir Qoqol cənabları özü öz təsnifinə birinci dəfə Peterburq Aleksandrinsk teatrında tamaşa edib(qəzetdə səhvən Peterburq əvəzinə Moskva gedib - R.H.)Xlestakov rolunu oynayan bazandədən (oyunçu - R.H.) narazı qalmışdır.Lakinmən zənn edirəm ki, Qoqol cənabları sağ olubgəlibcüməgünübu"Revizor"a tamaşa etsəydi, Xlestakov rolunu oynayan Ərəblinski cənablarından çox razı qalardı"; 1909-cu il iyulun 1-də "Batumskiye novosti" yazırdı ki, "Ərəblinskinin timsalında dərhal fövqəladə aktyor nəzərə çarpır və məlum olur ki, onun Şekspir repertuarındakı əsas rollarının gözəl ifaçısı kimi şöhrət tapması boşuna deyilmiş"; 1910-cu il martın 22-də "Həqiqət" qəzeti "Nicat" cəmiyyəti aktyorlarının oynadığı "Pulsuzluq" tamaşası haqqında yazırdı ki, "Cəmil bəy rolunu hər kəscə (yəni hamının fikrincə -R.H.) iqtidar və məharəti məlum və müsəlləm (şübhəsiz, danılmaz -R.H.) olan cənab-i Hüseyn Ərəblinski tərəfindən böyük bir şövq və məharətlə icra olundu"; 1911-ci il avqustun 26-da "Zakavkazye" qəzeti yazırdı ki, "Nadir şah Ərəblinskinin ifasında hətta ən xırda cizgilərdə belə parlaq, həddən ziadə cazibəli idi, Nadirin dəyişən xarakteri öz sənətinin zirvəsində dayanan artist tərəfindən heyrətamiz məharətlə ifadə edildi və tamaşaçılarda çox dərin təəssürat oyatdı"; 1912-ci il sentyabrın 18-də "İqbal" qəzeti "Bəxtsiz cavan" tamaşasından sonra yazırdı ki, "Fərhadbəy rolunu Ərəblinski cənabları oynarkən göstərdiyi nazik işarələri ilə, ibraz etdiyi (üzə çıxardığı, göstərdiyi -R.H.) mənalı hərəkətləri ilə, yerli-yerində olan tərpənişləri ilə və həddən ziyadə qışqırmaması ilə məharətini bildirməkdə idi"; 1913-cü il iyulun 26-da "Səda-yi həqq" qəzeti Salyanda göstərilmiş "Müsibət-i Fəxrəddin"də Ərəblinskinin ifası ilə bağlı yazırdı ki, "Axırıncı pərdədə Fəxrəddin rolunu oynayan Fəxrəddinrolunu elə məharətlə göstərdi ki,cəmaət ayağa qalxıbonun güllələnmiş adam kimi ürəyinin atılmağına tamaşa edib ağlayırdı"; 1914-cü il yanvarın 30-da "Zakavkazskaya reç" qəzeti "Gave-yi ahəngər" tamaşası ilə əlaqədar yazırdı ki, Ərəblinski oynadığı dəmirçi surətini "elə yaxşı dərk edib pyesin məzmununun da tələb etdiyi elə pafosla canlandırırdı ki, pərdə arxasında bir neçə dəfə halı xarablaşdı"; 1915-ci il noyabrın 23-də "Açıq söz" "Səfa"Maarif Cəmiyyəti tərəfindən tamaşaya qoyulmuş "Dövlət-i bisəmər" faciəsində Ərəblinskinin ifası ilə bağlı vurğulayırdı ki, "müvəffəqiyyətli surətdə ifa-yi vəzifə edirdi"; 1916-cı il fevralın 15-də "Açıq söz" də "Dursunəli və ballıbadı" tamaşasında Dursunəlini oynamış Cahangir Zeynalovu da, Ağacəfəri ifa etmiş Ərəblinskini də çox tərifləyir, "qoca artistin" - Zeynalovun camaatı lazımi dərəcədə güldürdüyünü və faciə aktyoru Ərəblinskinin də "yoldaşından geri qalmadığını" qeyd edirdi; 1917-ci il yanvarın 28-də "Bəsirət" "Zülmün səmərəsi" tamaşasına belə qiymət verirdi ki, "pyesin qəhrəmanı olan Səid bəy rolunu müqtədir artistlərimizdən Ərəblinski cənabları ifa edirdi. Ərəblinski cənabları "Otello", "Hamlet" və sair bu kimi rollarda bərabər olan Səidbəy rolunu oynamaqda özünün artistlik istedad və məharətini bir daha isbat elədi";1918-ci il dekabrın 14-də "Şeypur" jurnalı Ərəblinskini "İslam səhnəsinin ən məşhur və müqtədir aktyoru" kimi dəyərləndirirdi; 1919-cu il yanvarın 27-sində, Ərəblinskinin gözlərinin əbədi yumulmasına vur-tut 36 gün qalarkən"Azərbaycan" qəzetində Üzeyir bəy ümumən zəif keçmiş "Qəzavat" tamaşası haqqında yazırdı ki, "əgər bu cümə günü - yanvarın 24-dəhökumət teatrında oynanılan bu pyesin baş rolu Əhməd bəyi oynamaq əzabını Hüseyn Ərəblinski kimi mahir və müqtədir bir dram artisti üzərinə götürməmiş olsaydı, əminəm ki, camaat durub teatrdan qaçardı. Onları yerində saxlayan məhz Hüseyn Ərəblinskinin oyunu idi".
Ərəblinskiyə mətbuatın diqqətinin artmağa və elə əslində mətbuatın özünün də gərəyincə ayağa durmağa başladığı 1907-ci ildən ta aktyorun son faciəli saatınadək qəzet-jurnalların onu daimi diqqətdə saxlayaraq fasiləsiz olaraq bütün illərdə ən yaxşı, ən sevimli kimi təqdim və təsvir etməsi ilə bağlı iqtibasları çox yertutsa da, gətirməyi uyğun saydım. Çünki bu istinadlar o mənzərəni aydınlığı ilə göstərir ki, illər ötdükcə Ərəblinski soyumur, heysizləşmir, yorulmur, əksinə, vaxt irəlilədikcədaha mükəmməl ifa göstərir və ona olan rəğbət, haqqındakı öygülü sözlərin də hərarətiildən-ilə daha da artır. Ancaq bu da unudulmasın ki, Ərəblinskininəlinin-ayağının yanına düşməsi, onun həvəssizləşməsi, bezməsi üçün - bir qismi yalnız onun özünə görünən, bir çoxu isə hamıya aşkar olan - yetərincə səbəblər də ard-arda düzülmüşdü.
Elə həmin yaxşını yazan mətbuata qıraqdan müdaxilə də vardı, qələm killerləri və möhtəkirlərini Ərəblinskinin üstünə qısqırtmaq səyləri də dayanmadan davam edirdi.
O çağların Azərbaycan mədəniyyəti və ziyalılığında ikincisi yoxdur ki, haqqında Ərəblinski qədər karikaturalar çəkilmiş olsun.
Bunları edənlər göynərtili sancmağın məkrli fəndlərinə bələd olanlardı. Ərəblinski göz qabağında olan adamdı, səhnədəydi və mətbuatın da elə çağları idi ki, dərc edilən bir tənqidi yazının, məsxərəyə qoyan bir karikaturanın əks-sədası tezcə dil-dil yayılırdı. Aktyorun özünün bunları oxuyub-görüb qanının qaralması bir yana, küçədə söz də atırdılar, səhnədə oynadığı əsnada elə həmin mərdümazarlıqları edənlərin təşkilatçılığı ilə o yazı və rəsmlərə oxşar replika atanlar da ola bilərdi, olurmuş da. Ərəblinski də hiss adamı, həm də xatirələrin yekdil təqdiminə görə, kifayət qədər emosional. Müvazinətini qoruyub saxlamaq, bənd olmamaq, eşitməzliyə, görməzliyə vurmaq mümkünsüzdü.
"Zənbur" dərgisi 1909-cu il sentyabrın 18-də "Vladiqafqazda artistlər sərgüzəşti" qeydi ilə bir səhifə dolusu 4 karikatura dərc edib və mərkəzi hədəf Ərəblinskidir. Qəzetlərdə Ərəblinskiyə qarşı başladılmış, guya onun suflyoru döyməsi, truppanın pulunu mənimsəməsi, aktyor yoldaşlarını dar macalda atıb getməsi haqda şər-böhtana indi burada şəkillər vasitəsilə rəvac verilir.
1909-cu il noyabrın 20-də çıxan 37-ci sayında "Zənbur" Ərəblinskiyə yenə ilişir.
İş ondadır ki, noyabrın 11-də "Kaspi" qəzeti Azərbaycan səhnəsində iki gün əvvəl Ərəblinskinin quruluşunda və özünün də baş rolda çıxış etdiyi "Əlmənsur" tamaşası haqda təəssürat dərc etmişdi. Təqdirlə yazırdı ki, "Avropa səhnəsinin bu əsəri təqdim etməkdə çətinlik çəkdiyi haldaHenrix Heyne təsəvvür edərdimi onun lirik faciəsi 80 ildən də artıq vaxt keçəndən sonra müsəlman artistləri tərəfindən belə nümayiş etdiriləcək?" Bütün faciənin üzərində qurulduğu mərkəzi fiqurun - Əlmənsur surətini yaratmağın "Ərəblinskininaktyor imkanları çərçivəsində olduğunu" təsdiqləyən qəzet yazırdı ki, o, "xaçpərəst qıza ən dərin məhəbbətlə vurulmuş müsəlmanın tamam daxili sarsıntılarını çatdırmağı necə də gözəl bacarır!" Həsən surətini yaratmış Əbülfət Vəlini də məqalə müəllifi yüksək qiymətləndirir, bir az da qabağa gedərək Ərəblinskini də üstələdiyini göstərir, onun qrimi, maneraları, hərəkətlərinə "hətta ən qabil avropalı artistin həsəd apara biləcəyini" bəyan edir.
İndi baxın noyabrın 20-də "Zənbur"un 37-ci sayında"Dəmdəməki" imzalı müəllif bu faciədə Ərəblinski və Əbülfət Vəlinin gözəl ifalarını dəmdəməkicəsinə nə sayaq lağa qoyur: "Hərçənd artistlərbarəsində bir söz yazmaq istəmirəm, ancaq bunu deyə bilərəm ki,Həsən (Vəli cənabları) ziyafətdən Züleyxanı Əlmənsur aparan zaman yaralandı, hələ qorxdum ki, belə ki, bu məharətləözünü yerə sürtür, doğrudan da, ölüb. Əlmənsur (Ərəblinski cənabları) bir parça Əlmənsur olub qalmışdı, ancaq qaragün Züleyxanı məhəbbətin izdiyadından (çoxluğundan - R.H.) belə bərk yerə vurdu ki, biçarənin başından parik tullandı".
Belə məzələnir, üstəlik də, bütöv bir səhifə karikatura da verir: Benonun çəkdiyi rəsmdə yenə Ərəblinski ilə Əbülfət Vəli- Əlmənsurla Həsən üzbəüzdür.
Həmin rəssam Benoya, Ərəblinskinin karikaturalarını iştahla çəkə bildiyini "nəzərə alaraq",yeni sifariş verilir. "Kəlniyət" dərgisinin 1912-ci il mayın 24-də bütövbir səhifəsinə "Müsəlmanların teatro işlərində tərəqqiləri" adı qoyulur və "Bakıda iki "Əsli və Kərəm" adlı karikatura verilir: əlləri nizəli-qalxanlı Hüseyn Ərəblinski ilə Hüseynqulu Sarabski bir-birinə həmlə edirlər.
Jurnal bu karikatura ilə nəyə eyham vurur, niyə iki dostu və həmkarı düşmənlər kimi qarşı-qarşıya qoyur?Məsələnin qəmbərqulusu bundadır ki, 1912-ci ilin may günlərində Bakının mədəni həyatında bir höcətləşmə müşahidə edilmişdi. Üzeyir bəyin "Əsli-Kərəm"indən savayı, Ağaəli Ağayev adlı başqa müəllifin də "Əsli-Kərəm"i ortaya çıxmışdı. 1908-ci ilin yanvarından - "Leyli və Məcnun"dan başlayaraq Üzeyir bəyin əksər əsərlərinin quruluşçusu Ərəblinski olmuşdu. Fəqət 1912-ci il mayın 15-də "Səda-yi həqq" qəzetində "artist-rejissor Hüseyn Ərəblinski" imzası ilə "İzah" dərc edilir: "Cümə günü, may ayının 18-də oynanılmalı "Əsli və Kərəm"nam (adlı - R.H.) Üzeyir bəyin operasında mən rejissor deyiləm. Mən cümə axşamı, may ayının 17-də oynanılacaq "Əsli və Kərəm" operasında rejissoram".
Ərəblinski peşəkar rejissor idi və ona yeni tamaşalara quruluş verməkçün ən müxtəlif sifarişlərin olması da, onun bu sifarişləri qəbul etməsi də təbii idi. Bütün başqa səbəblərdən əlavə, bu, Ərəblinski üçün həm də əlavə dolanışıq mənbəyi idi. Ancaq qaşınmayan yerdən qan çıxarmağa can atanalarƏrəblinskinin Üzeyir bəyin deyil, bir başqasının əsərinə quruluş verməsini xəbisliklə mənalandırmağa, bundan ara vurmaq, inciklik salmaqçün girəvə kimiyararlanmağa növbəti dəfə cəhd etmişdilər.
1915-ci il oktyabrın 15-də Əzim Əzimzadənin çəkdiyi və adını dəyişib indi "Məzəli" olmuş sabiq "Zənbur"un bir səhifəsini tutan karikaturasının "qəhrəmanı"yenə Ərəblinskidir: pərdə açılıb, dekorasiyaları qurulmuş, ancaq aktyorlar gözə dəyməyən səhnə vətamaşaçı zalı təsvir olunur. Bu karikaturada Ərəblinskinin surəti yoxdur. Ancaq şəkilaltı yazı aydınladır ki, "ifşa olunan" elə Ərəblinskidir. Jurnal o karikaturaya belə yozum verir ki, səhnənin boşluğuna səbəb tamaşanın başlanmasına guya Ərəblinskinin kaprizlərinin mane olmasıdır: "Teatrda pərdə qalxandan sonra məşhur artist Ərəblinski küsmüşdü".
Və tamaşaçılar öz aralarında söhbət edir: "Bir dayanın görək Ərəblinskini yola gətirmək olarmı?"
Ərəblinskini daimi karikatura surətinə çevirmək elə bəd şakərə dönübmüş ki, hətta o, ölüm ayağında olanda, 1912-ci ilin yayında vərəm məngənəsində çırpınarkən, bahalı müalicədən ötrü lazımi vəsait tapılmayan əsnada, ayrı-ayrı qəzetlərin, ziyalıların böyük aktyoru xilas etməkçün çağırışlar etdiyi nigaran günlərdə də hikkəlilərin dinc durmağa səbri çatmamışdı. Rusca çıxan "Baraban" jurnalı 1912-ci ildə buraxılmış 36-cı sayında bir dəstə adama əl açmış Ərəblinskinin karikaturasını vermişdi. Dilində də bu sözlər: "Ah, nə olardı müsəlman ziyalıları mənə də müalicəmdən ötrü xidmətçilərə çaypulu verdikləri miqdarda ianə verəydilər".
Guya bu jurnal ziyalıları qınayırdı, guya bunu nəcibliklə edən başqaları kimi, Ərəblinskiyə kömək göstərməyə, arxa durmağa səsləyirdi, ancaq hərəkətini riya ilə, "üzrü günahından betər" zərbülməsəlində olduğu kimi,sözünü zəhərə batıraraq, Ərəblinskini dilənən kimi qələmə verərəkedirdi.
...Paxıllar, gözügötürməyənlər, qısqananlar, rəqiblər, buqələmunlar və daha neçə löyün-löyün kölgəqılınclayanlar öz yerində, amma Hüseyn Ərəblinski şöhrətlənəndən, cəmiyyətdə nüfuz sahibi kimi tanınandan sonra daim gizli polisin də mütəmadi müşahidəsi və pusqusu altında idi. Çar dönəmində də, Azərbaycan Xalq Cümhuriyyəti zamanında da. Və bu, tamamilə anlaşılandır. Üzdə olan, təbiətcə azad, idarə edilməsi çətin, cəmiyyətə təsir imkanlı şəxsiyyətləri xüsusi xidmətlərin nəzarətdə saxlaması dünyanın hər yerində, bütün tarix boyu olub, indi var, dövlət olduqca gələcəkdə də davam edəcək. Çünki bu, dövlət təhlükəsizlik şəbəkəsi ilə bağlı vacib məqamlardan biridir. Vaxtında fikir verməsən, sonra fəsadlarını sağaltmaq müşkülləşər.
1916-cı ilin yanvarında Bakı mühafizə şöbəsi rəisi Bakı quberniya jandarm idarəsinə yazdığı məktubda Ərəblinskinin siyasi cəhətdən etimada layiq olub-olmadığı haqda məlumat istəyirdi.
1918-ci il Həştərxan səfərindən sonra eyni nigaranlıq Cümhuriyyət hökumətinin təhlükəsizlik idarəsində yaranmışdı.Ərəblinskinin qətlinin səbəbləri ilə bağlıvaxtında mümkün versiyaların hamısını araşdırmış aktyor yoldaşı Əlabbas Rzayev yazırdı ki, "Hüseyn 1918-ci ildə Həştərxana gedib orada -Sovetlərdə teatr tamaşası verdiyi üçün Bakıya gələndən sonra Müsavat hökumətinin daxili nəzarəti onu şübhə altına alır və Həştərxanda tamaşa verməsindən çox narazı qalır".
Sabit Rəhman o ədiblərimizdəndir ki, həm Ərəblinskinin həyat və yaradıcılığını bir tədqiqatçı kimi öyrənmiş, həm də onun haqqında bədii əsər yazmışdı. Sabit Rəhmanın ikişəkilli "Hüseyn Ərəblinski" pyesində Bığ Salam (Ərəblinskinin kiçik dayısı olmuş şəxs) Xalıqa (Ərəblinskinin böyük dayısının oğluna) müraciətlə deyir: "Elə dünən ministirlərin böyüyü Nəsib bəy məni çağırtdırıbdeyir ki, bacın oğlu Həştərxana gedib-gələndən sonra hətərən-pətərən danışmağa başlayıb. Deyir, yəqin, bolşeviklər onu orda özlərinə tərəf çəkiblər. Özü də, canınçün, deyirdi ki, əgər siz onun başını yeməsəniz, Müsavat hökuməti sizin başınızı yeyəcək".
Bu parçadakı son cümlənin ədəbi mətnə sovet ənənəsi ilə Xalq Cümhuriyyətinə düşmən münasibətinin nəticəsi kimi əlavə edildiyiniayrıca işarələməyivacib saysam da, bir daha Ərəblinski və Cümhuriyyət hökuməti münasibətlərinə dönmək istəyirəm. Çünki qəbul etmədiyim o və ona bənzər cümlələrvə fikirlər sovet dövründə çap olunmuş ayrı-ayrı xatirələrdə də yer alırsa, onları da məhz həmin dövrün siyasi süzgəcindən keçərək ortaya çıxdığından doğru hesab etmir, hamısını boyaları tündləşdirmək kimi dəyərləndirirəm(Sabit Rəhman 1949-cu ildə aktyor haqda yazdığı oçerkində birmənalı təsdiqləyirdi: "Ərəblinski... müsavat quldurlarının əlində həlak oldu. Hüseyn Ərəblinski Müsavat hökumətinin əleyhinə və kapitalistlərə qarşı açıqdan-açığa çıxış edirdi"; Mirzağa Əliyev də yenə 1949-cu ilə aid xatirəsində yazırdı: "O böyük sənətkar...müsavat cəlladları tərəfindən alçaqcasına qətl edildi"; Hacağa Abbasov isə birbaşa deyil, dolayısı ilə hakimiyyəti təqsirləndirir, belə deyir, belə yazırdı (səsi də qalır, çap olunmuş xatirəsi də): "Onun mənalı həyatı, səhnə fəaliyyəti qatilin bir gülləsi ilə əbədi susdu. Müsavat hökuməti caniyə cəza tələb edən yüzlərlə şikayət ərizəsini cavabsız qoydu. Qatilə ağdan-qaraya söz demədi".Əməkdar İncəsənət Xadimi, köhnə aktyor Əlabbas Rzayev (1890-1958)kimisə günahlandırmırdı, Ərəblinskinin son mənzilə yola salınması zamanıgördüklərini yazırdı, amma bu müşahidədə artıqhökumətə qarşı ittiham vardı: "Dəfn mərasimində böyük bir izdiham olduğu halda milli bir hökumətin nümayəndəsi kimi kiçicik bir məmur da olsun yox idi").
Arada sərinlik olmağına olub. İstisna etmirəm ki, Bakıda tez-tez müxtəlif sıxıntılarla qarşı-qarşıya olduğu halda Həştərxana 1917 və 1918-ci illərdəki iki səfəri ərzində ona göstərilən hədsiz diqqət və nəvaziş Ərəblinskiyə ciddi təsir də edib, olsun ki, bolşeviklər orada aktyorla sıcaq münasibətlər qurmağa da çalışıblar. Oradakı bolşeviklərin Azərbaycandakı bolşeviklərlə əlaqəsi də vardı və öz nüfuz dairələrini genişləndirməkçün əlləşən bolşeviklərə güclü milli kadrları öz tərəflərinə çəkmək də sabit yürüdülən siyasət idi. Ərəblinskiyə başgicəlləndirici perspektivlər də vəd edə bilərdilər ki, hakimiyyətimiz yeni sərhədlər qazanacaq, onsuz da oralaragələcəyik, səninçün bütün qapılar açılacaq vəişıltılı ümidlər. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi kabinetdə, yəqin ki, siyasi çalarlı kəşfiyyat məlumatları da varmış. Yoxsa Ərəblinskiyə yalnız sovet Həştərxanında teatr tamaşalarıtəşkil etdiyinə görə köntöy münasibət bəslənməzdi. Ancaqbir daha təkidlə təkrarlamağın yeri var ki, bütövlükdə Cümhuriyyət iqtidarının Ərəblinskiyə əks münasibəti iddiaları doğru deyil, sovet əyyamlarının uydurmalarındandır. Məclis-i məbusandan olan neçə millət vəkili ayrılıq günündə, əslində elə daha əvvəlki müddətdə də axıracan Ərəblinski ilə idi. İqtidar qəzeti "Azərbaycan" da öz yerində. Amma hökumətlə soyuqluğuna da göz yumulmamalıdır. Həqiqətən,Ərəblinskinin yasına hökumətdən heç kim qatılmayıb. Bu dəfnsə ümummilli əhəmiyyətli bir insanla ayrılıq idi. Məntiqlə gərək kimlərsə hökmən olaydı.Bu məqamda daha umu-küsüyə yer qalmırdı...
...Tale elə gətirmişdi ki, Ərəblinski ilə hökumət arasında narazılığa bais olan Həştərxan qastrolunun ilkinəHüseyn Quliyev onunla birgə getmişdi.O, səfərin nə təhər baş tutması və nə sayaq keçməsini,Həştərxanla münasibətlərin necə istiləşməsini təfsilatı ilə qələmə alıb. Yazır ki, 1917-ci ilin iyul ayı idi. Hüseyn yenə ağır vəziyyətdə idi. Bir axşam söhbət əsnasında dedi: "Əgər bir qədər pul düzəldə bilsəydim, Həştərxana gedərdim. Orada mənim dostlarım var. Xüsusən Baykinlər. Onlar Bakıya gələndə mənim qonağım olublar, yol xərci olsaydı, Həştərxana gedərdik. Əvvəlcə Məmmədəli Qayıbovu göndərmək olar, o gedib hər şeyi hazırlayar, amma nə edəsən ki, pul yoxdur".
Hüseyn Quliyev 80 manat pul tapır, Ərəblinski əvvəlcə, öncədən də düşündüyü kimi, 25 manat yolpulu verərək Məmmədəlini işlərin təşkilindən ötrü Həştərxana göndərir, 10-12 gün ötəndə isə, yəqin ki, müəyyən cavab alandan sonra "teleqramla gəldiyi günü xəbər verərək" özü, həyat yoldaşı Asiya və Hüseyn Quliyev də gəmi ilə yola düzəlirlər. Hüseyn Quliyev orada Ərəblinskini şəhərdə yaşayan azərbaycanlıların, tatar artistlərin, ümumən ziyalıların qarşılamaqçün körpüyə gəldiklərini, hər birinin görkəmli aktyorun məhz onun evində qonaq qalması üçün əldən-ayaqdan getdiklərini xatırlayır. Ərəblinskinin "səfiri" Məmmədəli Qayıbov tədbirləri öncədən tökübmüş, yerli həvəskar aktyorları cəmləyibmiş. Baykinlər ailəsi -ər də, arvad da azərbaycancanı yaxşı bilirmişlər. Ərəblinski qısa müddətdə yerli həvəskar aktyorlarla "Akifbəy"i göstərir. Hüseyn Quliyev dəqiqləşdirir: "Bu oyunda Akif bəy rolunu Hüseyn özü, Əsəd bəyi Məmmədəli Qayıbov, Dilruba xanımı Sara Baykina, Süleyman paşanı isə Məmmədqulu Əlixanov oynadı. Tamaşa müvəffəqiyyətlə keçdi. "Akif bəy" Həştərxanda bir neçə dəfə oynandı və hər dəfə teatr ağzına kimi dolu oldu". Hüseyn Quliyev orada Ərəblinskinin quruluşunda və iştirakı ilə gedən tamaşaları sadalayır, yerli aktyorların adlarını çəkir. Yazır ki, Həştərxanda olduğu zaman orada yaşayan azərbaycanlılar və tatarlar Hüseynə çox hörmət edirdilər, elə gün olmazdı ki, onu bir ailəyə qonaq çağırmasınlar.
1917-ci ilin sentyabrında Hüseyn Quliyev evdən məktub alır və Bakıya qayıdır, Ərəblinski isə zövcəsi ilə hələ bir müddət də qalır, lakin oralara qastrola yenə gedəsi olur: "Vaxtı xatirimdə deyil, ancaq yaxşı yadımdadır ki, onlar bir də Həştərxana getdilər".
Bilmirəm teatrşünaslar haçansa izinə düşübmü və edilməyibsə mütləq bunu etmək lazımdır. Axı Həştərxana qısa da olmayan iki səfəri gedişində günlər boyu Ərəblinski yerli aktyorlarla işləyib, söz yox ki, oradakı həvəskarlar da sonralar illərcə həmin ustad dərslərini unutmayıblar, TiflisdəkiAzərbaycan aktyorları kimi,Ərəblinskini daim əziz müəllimtək sayğı ilə anıblar. Onlardan sonradan teatr yolunu davam etdirənlər də olmamış olmaz, bəlkə xatirələrini yazanlar da olub. Ərəblinski ömrünün bu parçası ilə bağlı oranın arxivlərində axtarış aparmaq, sevindirə biləcək tapıntılar ola biləcəyi gümanlarını oyadır. Elə Ərəblinskinin siyasi çöhrəsi ilə də bağlı oradakı arxivləri araşdıranda mətləbə daha çox işıq sala biləcək sənədlərlə rastlaşmaq istisna deyil.
...Teatr tariximizi yaxşı araşdırmış, Ərəblinskini də həyatda olan müasirlərinin xatirələrindən başqalarından daha aydın görməyi bacaran Cəfər Cəfərov aktyor haqqında, Teatr muzeyimizin arixivində qorunan və 1957-ci ildə qələmə alınmış qeydlərində göstərirdi ki, Ərəblinskini görməyib onun haqqında təsəvvür əldə etmək istəyənlər qoy Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesini xatırlasınlar. Doğrudur, bu əsəri Cabbarlı səhnəmizin yeni bir Ərəblinskisiolan Abbas Mirzə Şərifzadə üçün yazmış və Oqtayı Abbas Mirzəyə oxşatmışdır. Bu haqda Cabbarlının hətta xüsusi qeydi vardır. 1928-ci ildə Abbas Mirzəninsəhnə fəaliyyətinin 20 illik yubileyi qeyd edilərkən Cabbarlı ona "Oqtay" kitabının üzərində bu sözləri yazmışdır: "Qardaşım Abbas! Sənə təqdim etdiyim bu kitabın qəhrəmanı ilə sənin aranda fərq o qədərdir ki, onun adı Oqtaydır, sənin adın Abbas. Bu, bəlkə bir təsadüfdür. Ancaq belədir. Ona görə bu hədiyyəciyimiqəbul etməni rica edirəm. Sənin üçün arzum gələcəkdə də bu yol ilə doğru irəliləmək və yüksəlməkdir".
Ancaq bu təfərrüatları bilə-bilə mənə elə gəlir ki, Oqtay Eloğlunun prototipi olaraq Cabbarlının məhz Ərəblinskini düşünmüş olduğunu iddia edən Cəfər Cəfərov haqlıdır: "Lakin Cabbarlı Oqtayı Abbas Mirzəyə oxşatmaqda haqlı olsa da, səhnəmizin birinci Oqtayı Ərəblinskidir və Cabbarlı öz əsərini yazarkən, şübhəsiz ki, onun gözləri önündə Ərəblinski gəlib durmuşdur".
Nə acı ki, hər ikisinin aqibəti təxminən eyni oldu. Ərəblinskini 1919-daqətlə yetirmişdilər, düz 19 il sonra - 1938-ci il noyabrın 16-da 45 yaşında ikən qatil şura hökumətinin açdığı atəş Abbas Mirzənin ömrünə son qoydu.
Cavid ocağının son yanan çırağı Turan xanım atasının Dram teatrının səhnəsində Şərifzadənin baş rollardakı coşqun ifalarına ailəlikcə birgə tamaşa etdiklərini, Cavidin Abbas Mirzəyə necə dərin rəğbət bəslədiyini, onun ifasını necə ürəkdən sevdiyini söyləyirdi və anası Mişkinaz xanıma Cavidin bir vaxtlar dediyi bu sözləri də xatırlayırdı ki, gör Ərəblinski sağ olsaydı, İblisi, Şeyx Sənanı, Knyazı, Səyavuşu necə şahanə yaradardı!
Hüseyn Cavidin Ərəblinskiyə məxsusi rəğbətlərinin şahidi Əziz Şərif olub. Gündəliklərindən nəşr etdiyi parçalarda Hüseyn Cavidin 1914-cü ilin yanvar, fevral, mart aylarında Tiflisdə Ərəblinskinin yalnız verdiyi tamaşalara deyil, hər məşqinə də gedib diqqətlə seyr etdiyini günbəgün dəqiqliyiylə yazır.
Dünyanın, həyatın özünü də teatra oxşadan müdrik Cavid: "İştə dünya qoca bir səhnə demək", - söyləmişdi.
Bu qiymətli millət yavrularının hamısını o səhnədən erkən və zülmlə ayırdılar...
...Hüseyn Ərəblinski bir parça işıq idi, gedirdi Dərbənddə, Tiflisdə, Petrovskda, Temirxanşurada, Nijni Novqorodda, İrəvanda, Batumda, Vladiqafqazda, Krasnovodskda, Aşqabadda, Moskvada çıxış edirdi - bu nur bütün gurluğuyla yayılırdı, o işıqdan hər kəsə pay düşürdü. Gəlirdi Lənkəranda, Gəncədə, Naxçıvanda, Şuşada, Salyanda tamaşalar verirdi - həmin parlaqlığıhər kəs duyurdu, səhnənin iriliyindən-xırdalığından asılı olmayaraq, o şəfəq bütün əzəməti ilə yenə hamının gözünün qabağında idi.
Hüseyn Ərəblinski işığı elə gur idi ki, bu nuru görməmək və onu sevməmək, lap heç onu istəməsən də, biganə qalmaq mümkünsüz idi.
...1979-cu il idi, o vaxtlar xeyli cəhətdən unudulmuş olan, radionun səs xəzinəsində ifaları qalmayan, amma 1930-cu illərin tanınmış qadın müğənnilərindən sayılmış, vaxtilə Azərbaycandan Orta Asiyaya sürgün edilmiş Cahan Talışinskaya haqqında axtarışlar aparır, verilişlər hazırlayırdım. Bu gedişatda onun səsinin vaxtilətez-tez eşidilmiş olduğu Özbəkistan Dövlət Radiosunun fonotekasında lentlərinin olduğunu öyrəndim, ora məktub yazıb həmin ifaları istədim. Özbəkistanda keçirilən Azərbaycan günləri zamanı Daşkəndə səfər edən nümayəndə heyətimizin tərkibində olan, həmin çağlarda bizim radioda xalq musiqisi şöbəsində çalışan (və heyiflər ki, respublikamızda 1990-cı illərin əvvəllərindəki dərəbəylik gedişində rəsmiləşmiş reket dəstələrindən birinin əliylə faciəli şəkildə aradan götürülən) Kamal Rəhimlidən xahiş etdim ki, arada imkan tapıb özbək radiosuna baş çəksin, mənim üçün hazırlanmış lentləri götürsün. Ruhu şad olsun, Kamal oxuları gətirdi, Cahan Talışinskayanın məlahətlə ifa etdiyi həmin mahnılar ilk dəfə mənim "Nəğməli ömürlər" verilişimdə səsləndi, sonra da fonotekamıza daxil edildi, beləcə, o çağlardan Cahan avazı illər ayrılığından sonra Azərbaycan efirindən mütəmadi eşidilməyə başlandı.
O dövrdə Cahan Talışinskaya haqda hazırladığım verilişlərə müğənnini tanımış, oununla bağlı xatirələri olan bir sıra sənətkarları dəvət edib danışdırmışdım və zahirən bumüğənniyə, ümumən musiqiçilərə aidiyyətiolmayan kimi təsəvvür edilə biləcək bir şəxs də vardı - dram aktyoru, Əməkdar artist Hacıməmməd (Quliyev) Qafqazlı (1898-1982). Onun Cahan xanıma hər hansı aidiyyətinin olması mənim də ağlıma gəlməzdi, özü məni axtarmasaydı. O dövrdə radiomuz tək idi - elə televiziyamız da. Əksəriyyət həm radionu dinlər, həm televiziyanı davamlı izlər, bu ünvanlara xüsusi sayğı ilə yanaşardı. Cahan xanım haqqında hazırladığım ilk verilişə qulaq asandan sonra Hacıməmməd müəllim radionun musiqi redaksiyasına zəng vuraraq mənim telefonumu istəyibmiş, ancaq kirayənişin yaşadığımı, telefonumun olmadığını öyrənincə öz nömrəsini qoyubmuş ki, özüm onu axtarım. Zəng vurdum, məlum oldu ki, o da əslən lənkəranlıdır, hətta Cahan Talışinskayaya qohumluğu da çatır, söyləyəsi vacib sözləri var. Bilirdim ki, yaşı artıq səksəni keçir, ona görə də əziyyət verməməkçün dedim ki, səsyazan götürüm, gəlim evinizə. Güldü: "Qocalmamışam ki! Özüm gələrəm". Ertəsi gün gəldi, Cahan xanım haqqında dəyərli xatirələr də söylədi, amma səsyazma otağına girməzdən əvvəl növbəmizi gözləyərkən söhbətləşəndə nədirsə, ilk sözü Cahan Talışinskaya haqqında deyil, Hüseyn Ərəblinski barədə olmuşdu. Axşam onun söylədiklərini gündəliyimdə də qeyd etmişdim. Görüşüncə bunu demişdim ki, maşallah, elə söylədiyiniz kimi, cavansınız, gümrah görünürsünüz. Qayıtmışdı ki, zarafat deyil ha, mən Ərəblinski ilə oynamışam, indidə teatrdayam. O, bu sözləri deyəndə Ərəblinskinin ölümündən 60 il keçirdi, bir qədər təəccüblə baxdığımı görüncə dillənmişdi ki, mən yolumu tez başlamışam, 14 yaşından Orucov qardaşlarının mətbəəsində işləyirdim, iş yoldaşlarımızdan neçəsi həvəskar aktyor idi, mən də qoşuldum onlara. Fəxr eləyirdik ki, bizə kiçik də olsa rol verirlər, bu cür məşhur artistlərlə bir səhnədə çıxış edirik.
Qafqazlıgilin evi Ərəblinskinin məhəlləsindən uzaq deyilmiş. Yada salırdı ki, Ərəblinski Vidadi küçəsində yaşayırdı, mən indiki Sovet küçəsində (hazırkı Nərimanov prospekti), səhərlər onunla tez-tez rastlaşardıq, ədəblə salam verərdim, salama cavabı heç vaxt ağızucu, astadan deyil, ucadan verərdi.
Qocaman aktyor Hacıməmməd Qafqazlının Ərəblinski ilə əlaqədar bir müşahidəsi də heç yadımdan çıxmır, bunu ayrıca yazıb da. Xatırlayırdı ki, Ərəblinski həmişə çalışardı cümləni birnəfəsə desin - həyatda da, rol oynayanda da.
...Heç kim ona hansı ömürpayının yazıldığını bilmir. Amma yaşanıb bitmiş ömürləri sonradan araşdıranda onu sezirsən ki, sanki ilahi nizam adamın özündən fərqli olaraq, ayrılmış möhlətdən agah olduğundan taleyi elə qurur ki, hər kəsin edə və çəkə biləcəklərinin hamısı elə öncədən müəyyən edilmiş hüduda sığır.
Ərəblinskinin bütöv həyatı da birnəfəsə söylənmiş cümlə kimi yeyin ötdü, qısa oldu. Elə bil izahsız fəhmlə həyatının yarımçıq qırılacağını sezirmiş, həmin mübhəm fəhmin gücüylə də can atırmış ki, barı cümləsi yarımçıq olmasın, bir nəfəs dəriminə sığışsın. Qədər beləymiş ki, onu öldürən də atəşi vücudunun ayrı bir yerinə yox, düz boğazına açdı, gülləni Ərəblinskinin nəfəsinə vurdu.
4 iyun 2024