Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Rusiya Bankının sədrinin birinci müavini Vladimir Çistyuxin Qərb sanksiyalarının yeni dalğasından sonra "dost" hesab edilən ölkələr də daxil olmaqla bütün dünya boyunca bank ödənişlərinin kütləvi şəkildə bloklanması ilə üzləşdiklərini bildirib. Vladimir Çistyuxin ödənişlərlə bağlı məsələlərin qısa müddətdə həllini tapmayacağı halda, bu vəziyyətin Rusiya iqtisadiyyatının "ölümünə" səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Vladimir Çistyuxin bütün vasitələrdən istifadə etməyə çağırıb. Buraya son zamanlara qədər qeyri-populyar vasitələr də daxildir. Qeyri-populyar vasitələrə isə məhsulların mübadiləsi, bəzi klirinq sistemləri və kriptovalyutadan istifadəyə qədər hər şey daxildir. Rusiya Bankının sədrinin birinci müavinin bu çıxışını həyəcan təbili hesab etmək olar.
ABŞ Maliyyə Nazirliyinin son sanksiyalarından sonra Rusiyaya paralel idxal üçün əsas mərkəzlər olan Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Çin bankları maliyyə blokadasına qoşulmağa məcbur oldular. Rusiya prezidenti Vladimir Putinin Çinə səfərindən sonra vəziyyətin köklü şəkildə yaxşılaşacağına ümidlər boşa çıxdı. Putin və Si Cinpinq Rusiya ilə hesablaşmalar aparacaq və Qərbin sanksiyalarından qorxmayacaq bank şəbəkəsinin yaradılmasını müzakirə etsələr də, onun miqyası Rusiya tərəfinin gözlədiyindən xeyli kiçik olub.
İyunun 12-də ABŞ Maliyyə Nazirliyi Moskva Birjasını və onun əsas hesablaşma strukturları olan Milli Klirinq Mərkəzi və Milli Hesablaşma Depozitarını sanksiyalar siyahısına əlavə etdikdən sonra Rusiyada dollar, avro və Honq-Konq dolları ilə birja ticarəti dayandırılıb. Rusiyann ən böyük bankları olan "Sberbank", VTB və VEB-in Çin, Hindistan və Honq-Konqdakı törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edilməsi bank ödənişlərini faktiki olaraq mümkünsüz hala gətirib. Lakin hər kəs anlayır ki, iyunun 12-də tətbiq edilən sanksiyalar son deyil. Növbəti sanksiyaların Rusiya iqtisadiyyatındakı idxal payının daha 15-20 faiz azalmasına səbəb olacağı proqnozlaşdırılır.
Rusiya Bankı ilə yanaşı, Maliyyə Nazirliyi də həyəcan təbili çalmağa başlayıb. Rusiya Maliyyə Nazirliyinin borc almaqda çətinliklərlə üzləşdiyi məlum olub. Belə ki, federal kredit istiqrazlarının yerləşdirilməsi planını ciddi kəsirlə yerinə yetirib. Rusiya Maliyyə Nazirliyi bir trilyon rubl borc tapmağa çalışsa da, cəmi 505,5 milyard rubl cəlb edə bilib. Üstəlik, Maliyyə Nazirliyi 2015-ci ildən bəri rekord qiymətə borc tapa bilir. Üstəlik, maliyyə naziri Anton Siluanovun həyəcan təbili çalaraq bildirdiyi kimi, pandemiyadan sonra büdcədə dövlət borcuna xidmət xərcləri iki dəfə artıb. Gələn il isə bu, bir qədər də artacaq. Belə ki, Rusiya hazırda dövlət borcunun ödənilməsinə təxminən 1,4 trilyon rubl xərcləyir. Gələn il isə bu xərclər 2 trilyon rublu keçəcək.
Rusiyanın bank-maliyyə sisteminin ciddi problemlə üzləşəcəyi qaz nəhəngi "Qazprom"un ötən ili 629 milyard rubl zərərlə başa vurmasından sonra gözlənilən idi. Qeyd edək ki, Rusiyanın qaz nəhəngi 1990-cı illərin sonundan bəri ilk dəfə olaraq ili xalis zərərlə başa vurdu. Bu zərər Rusiyanın qaz sənayesini təhlükə altına alıb. Avropa qaz bazarını itirən və Çinlə yeni müqavilə imzalamağa nail ola bilməyən "Qazprom" hasilatı azaltmağa və yataqlardakı quyuları dondurmağa başlayıb. Belə ki, ötən ilin sonunda "Qazprom"un qaz hasilatı 359 milyard kubmetr təşkil edib. Bu isə 2022-ci illə müqayisədə hasilatın 13 faiz, müharibədən əvvəlki 2021-ci illə müqayisədə isə hasilatın 30 faiz və ya 156 milyard kubmetr azalması deməkdir. Bu, SSRİ Qaz Sənayesi Nazirliyinin "Qazprom"a çevrilməsindən keçən 34 il ərzində ən pis göstərici hesab olunur. Ukraynanın işğalı və "Avropanı dondurmaq" üçün uğursuz cəhd dünyanın ən böyük sübut edilmiş qaz ehtiyatlarını idarə edən şirkətin fəaliyyətini iflic etməkdədir. Avropalı müştərilərin əksəriyyətinin qazını kəsməklə "Qazprom" yarım əsrdən çox əlaqə qurduğu satış bazarını itirdi. Ötən il "Qazprom" MDB məkanından kənara cəmi 69 milyard kubmetr qaz satıb ki, bu da 1985-ci ildən bəri minimum həcmdir. Avropaya ixracat isə 50 il əvvəlki səviyyəyə, 28 milyard kubmetrə qədər azalıb.
"Qazprom"un üzləşdiyi problemlər bununla bitmir. Stokholmdakı Beynəlxalq Arbitraj Almaniyanın Uniper enerji konserninin "Qazprom"a qarşı 13 milyard avrodan çox təzminat tələbini təmin edib. Arbitrajın hökmünə əsasən, "Qazprom"dan alına biləcək bütün vəsait birbaşa "Uniper"in sahibi olan Almaniya hökumətinin hesabına keçəcək. "Uniper"dən başqa digər alman qaz idxalçısı RWE şirkəti də "Qazprom"dan təxminən 1 milyard dollar tələb edib. Fransanın "Engie" şirkəti "Qazprom"dan təxminən 1.3 milyard dollar tələb edib. İtaliyanın "Eni" şirkəti iddianı 2023-cü ilin mayında, məbləğini açıqlamadan qaldırıb. Çox güman ki, "Eni" şirkətinin tələbi milyardlarla avro təşkil edəcək. Polşa da "Qazprom"dan itkilərə görə kompensasiya tələb edib. Polşa şirkəti 1.45 milyard dollarlıq iddia qaldırıb. May ayında isə Bolqarıstanın "Bulgargaz" şirkəti "Qazprom"dan 400 milyon avro tələb edib. Bu təzminatlara görə, "Qazprom" Avropa qaz bazarındakı son gəlirini də itirə bilər. Belə ki, Polşanın "Orlen" enerji konserni Avropa şirkətlərinin Rusiya qazına görə ödədiyi pulları müsadirə etməyə çalışır. Təxminən bir ay əvvəl "Orlen" "Qazprom"dan qaz almağa davam edən üç şirkətə - Avstriyanın OMV, Macarıstanın "MVM CEEnergy" və Slovakiyanın SPP-ininə məktublar göndərib. Məktublarda "Orlen" Varşava məhkəməsinin qərarına istinad edir. Polşa şirkəti Macarıstanın "MVM CEEnergy" şirkətinin "Qazprom"a ödəmli olduğu 350 milyon dolları tələb edir. Macarıstan və Slovakiya hökumətləri təcili olaraq qaz ödənişlərini üçüncü ölkələrin iddialarından qoruyan qayda qəbul etsə də, vəziyyət qeyri-müəyyən qalır. "Qazprom" ətrafında baş verənlərin Rusiya iqtisadiyyatının komaya girməsinə gətirib çıxaracağı gözlənilirsə, 650 min işçisi olan Rusiya kömür sənayesi ciddi böhranı bütövlükdə Vladimir Çistyuxinin xəbərdalıq etdiyi kimi Rusiya iqtisadiyyatının ölümünə səbəb olacaq.
"Rosstat"ın məlumatına görə, yanvar-aprel aylarında kömür hasilatı sektorunda xalis mənfəət faiz azalıb. Bu ilin yanvar-aprel aylarında kömür mədənçilərinin xalis mənfəəti cəmi 14,3 milyard rubl təşkil edib ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə təxminən 200 milyard rubl azdır.
Rusiyanın kömür sənayesinin "ölüm hökmü" Cənubi Koreya və Yaponiyadan gələ bilər. Bu iki ölkə Hindistan, Türkiyə və Çinlə yanaşı, Rusiya kömürünün əsas alıcıları idilər. Rusiyanın Şimali Koreya ilə hərbi ittifaq vəd edən müqavilə bağlaması Cənubi Koreya və Yaponiyanı iqtisadi münasibətləri yenidən dəyərləndirməyə vadar edir. Kömür sənayesinin çöküşünü qaçılmaz edən digər amil isə mədənçilərinin gəlirləri azaldığı halda, xərclərin artmaqda davam etməsidir. Kuzbass vilayətinin qubernatoru Sergey Tsivilev bildirib ki, kömürün maya dəyəri 30 faiz artıb. Buna səbəb idxal olunan avadanlığın, dəmir yolu daşıma tariflərinin, vaqonların icarəsini, dəniz gəmilərinin sığortasının bahalaşması və digər xərclərin artmasıdır.
Rusiyanın qaz və kömür sənayeləri ilə yanaşı, tezliklə neft sənayesi də ciddi böhranla üzləşə bilər. Avropa İttifaqının son sanksiya paketi, ABŞ-ın gözlənilən yeni sanksiyası Rusiyanın neft sənayesini də çökdürəcək. Bu isə Rusiya iqtisadiyyatının nəfəsinin kəsilməsi anlamına gələcək.
Müharibə qurban tələb edir. Lakin belə davam edəcəyi halda Ukraynaya qarşı müharibənin qurbanı Rusiyanın özü ola bilər. Məsələnin ağırlığı ondan ibarətdir ki, müharibəni ən yaxın zamanda dayandırmaq mümkün olmayacaq. Müharibəni dayandıracağını vəd edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabr ayında keçiriləcək seçkilərdə qalib gələcəyi dəqiq deyil. Üstəlik, Trampın bu çox iddialı vədini gerçəkləşdirə bilməsi də asan görüünmür. Digər tərəfdən Tramp seçkidə qalib gəlsə belə, Ağ evə dönüşünə ən azı 200 gün var. Bu isə o deməkdir müharibə ən azı 200 gün də davam edəcək. Mümkün görünməsə belə, Tramp Ağ evə döndüyü gün müharibəni dayandırsa, bu, Rusiyanın düşdüyü vəziyyətin dərhal aradan qalxması ilə sonuclanmayacaq. Bir çoxları sadəlövhcəsinə ümid edir ki, müharibəni dayadırmaq mümkün olsa, münasibətlər 24 fevral 2022-ci ildən əvvələ qayıda bilər. Rusiya ilə Qərb arasında münasibətlərin bərpası üçün ən azı bir neçə il, bəzi siyasətçilərin fikrincə, bir neçə on illik lazım olacaq. Rusiya iqtisadiyyatının isə bu qədər dözmək gücü sadəcə olaraq yoxdur.