|
|
|
|

Ermənistanın yerli “Hraparak” qəzetinin yazdığına görə, ABŞ və Avropa İttifaqı Ermənistanda enerjinin diversifikasiyası çərçivəsində modul tipli atom-elektrik stansiyası inşa edəcək. Yazıda bildirilir ki, bununla bağlı gizli razılaşma Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşlərdə əldə edilib. Öz növbəsində rəsmi İrəvan hələlik müvafiq tələbin irəli sürüldüyünü inkar edir.
Məqalənin müəllifi yazır ki, Cənubi Qafqazda işləyən yeganə atom-elektrik stansiyası olan “Ermənistan” AES-in bağlanması barədə razılıq əldə olunub.
Qərbin yeni modul tipli AES-in inşası tələbinə gəlincə bu, əsasən mülki əhalinin həyatına təhlükənin qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, son illərdə Azərbaycan və Türkiyə rəsmi İrəvanın qarşısında “Ermənistan” AES-in bağlanması tələbini qoyub.
Məlum olduğu kimi, son zamanlar rəsmi İrəvanla Vaşinqton və Brüssel arasında əlaqələr güclənir. Bunun fonunda İrəvan tədricən Moskvadan uzaqlaşır. Bu isə Ermənistanı Qərblə Rusiya arasında siyasi poliqona çevirir.
Qərb, xüsusilə ABŞ çalışır ki, bütün sahələrdə Ermənistanı özündən asılı vəziyyətə salsın. Bu, həm də enerji sektoruna aiddir. Belə ki, Ermənistanın Rusiyadan ciddi dərəcədə enerji asılılığı var. ABŞ və Aİ Ermənistanda AES tikməklə bu dövlətin Rusiyadan həm enerji, həm də nəticədə siyasi asılılığını azalda bilər. İndiki məqamda Qərbə lazım olan da elə budur.
İkinci bir tərəfdən, “Ermənistan” AES-in bağlanması ilə İrəvan həm də Bakının tələblərini yerinə yetirə bilər. Hərçənd Ermənistanda ABŞ və Aİ-nin AES-lərinin tikilməsi də region üçün o qədər də xeyirli olmaya bilər. Əksinə, bu yolla ABŞ Ermənistanı özündən daha çox asılı vəziyyətə salıb, regionda “suları bulandırmağa” çalışa bilər.
Əlbəttə, yayılan məlumat sadəcə iddiadır. Bu, informasiya müharibəsinin tərkib hissəsi, o cümlədən manipulyasiyaya cəhd də ola bilər. Amma əgər bu proses baş verərsə, bölgənin geosiyasi perspektivi üçün yeni reallıqlar yaranacaq.



