|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqramında çıxışı zamanı terrorçulara xəbərdarlıq edib.
O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: “Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq. Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib".
Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”.
Məlum olduğu kimi, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan bir neçə gün əvvəl tərəfdarlarına müraciət edərək silahı yerə qoymalarını bildirdi. Bundan sonra sonra digər terror təşkilatları da Öcalanın çağırışına qoşuldu. Ardınca isə PKK terror təşkilatı Kandildə atəşkəsin elan edildiyini bildirdi.
Türkiyə özünün təhlükəsizliyi naminə uzun illərdir ki, terrorla mübarizə aparır. Bu mübarizə həm ölkə daxilində, həm də Suriya və İraqda özünü göstərir. Xüsusilə son illərdə Türkiyənin terrorla mübarizəsində ciddi nəticə əldə olunub. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rəsmi Ankara üçün bu istiqamətdə tamamilə yeni mərhələ başlanıb.
Əvvəl də dediyimiz kimi, indiyə kimi Türkiyənin terrorla mübarizəsinə mane olan əsas məqamlardan biri məhz Əsəd rejimi idi. Suriyadakı hakimiyyət dəyişikliyi Türkiyənin əlini gücləndirdi. Sözsüz ki, Öcalanın çağırışında və fərqli terror təşkilatlarının pozitiv mesajlarında bu məsələnin də xüsusi rolu var.
Eyni zamanda Türkiyə ilə ABŞ arasında hansısa gizli, hələlik ictimaiyyətə açıqlanmayan razılığın əldə olunması da mümkündür. Əgər belədirsə, yəqin ki, Vaşinqton- Ankara xəttində yeni tendensiyaların şahidi olacağıq.
Bununla belə, mümkündür ki, "sular asanlıqla durulmasın". Çünki PKK, YPG sadəcə terror təşkilatları deyillər, həm də ideologiyadırlar. Bu baxımdan bu və ya digər formada qısa müddət sonra yeni hərəkətlənmənin müşahidə olunması mümkündür.
Terrorçular özbaşına deyillər. Onlar bu və ya digər ABŞ - dan idarə olunurlar. Bu mənada PKK, YPG- nin bundan sonrakı fəaliyyəti xeyli dərəcədə ABŞ-nin mövqeyindən və Türkiyə ilə münasibətlərdən asılı olacaq.
Bütün hallarda əgər terrorçular vədlərini yerinə yetirməsələr, Türkiyənin cavabı çox ağır olacaq.



