|
|
|
|

ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib ki, ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib.
Həmçinin səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Daha əvvəl Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.
Səfirliyin açıqlamasında diqqət çəkən əsas sözlərdən biri məhz “öldürücü silah”dır. Yəni diplomatik korpus Ermənistana məhz öldürücü silah vermədiyini iddia edib. Amma nəzərə almaq lazımdır ki, söhbət təkcə öldürücü silahlardan yox, bütün növ silahlardan gedir. Yəni səfirlik öldürücü silahları Ermənistana tədarük etmədiyini bildirsə də, rəsmi İrəvana silah ötürməsini təkzib etməyib.
Ola bilsin ki, ABŞ, doğrudan da, Ermənistana öldürücü silah tədarük etmir. Amma bu, rəsmi Vaşinqtonun İrəvana ümumilikdə silah ötürməməsi demək deyil.
Beləliklə, səfirlik bir növ manipulyasiyaya cəhd edib.
Digər bir məqam səfirliyin və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhlə bağlı mövqeyidir. Bu mövqeyin qeyri – səmimi olduğuna əsas verən kifayət qədər əsas var. Onlardan başlıcası budur ki, Ağ Ev sözdə sülh istədiyini desə də, əməldə bu ideala heç bir töhfə vermir.
Nəzərə almaq lazımdır ki, ABŞ otuz il ərzində ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi proseslərin birbaşa iştirakçısı olub. Otuz il ərzində Vaşinqton Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına çoxdan nail ola bilərdi, heç müharibəyə ehtiyac da qalmazdı. Amma ABŞ bunu eləmədi və istəmədi. Çünki ABŞ yaxşı başa düşür ki, regiondakı mövcudluğunu ancaq gərginlik vasitəsilə qoruya bilər.
Bu gün də ABŞ-ın regionla bağlı siyasətində həmin fəlsəfə dayanır. Vaşinqton özünün bölgə ilə maraqlarını həyata keçirmək məqsədilə Cənubi Qafqazın ən zəif bəndi olan İrəvandan istifadə edir. Hazırda ABŞ üçün Ermənistana təsir və təlqinin ən yaxşı vasitəsi bu dövləti silahlandırmaqdır. Bundan ötrü böyük silah partiyalarına ehtiyac yoxdur. Az miqdarda silah tədarükü də kifayətdir. Beləliklə, Ermənistan özünü inamlı hiss edir və ABŞ- özünün hamisi kimi qəbul edir. Bundan sonra da ABŞ üçüncü “T” mərhələsinə başlayır və təzyiqlər göstərir.ABŞ-nin Ermənistanla və bütövlükdə bölgə ilə bağlı ritorikası heç bir halda sülhə töhfə vermir. Bu isə o deməkdir ki, indiyə kimi olduğu kimi, yəqin ki, bundan sonra da sülh istiqamətində irəliləyiş ancaq ikitərəfli təmaslar və daha çox rəsmi Bakının təşəbbüskarlığı nəticəsində mümkün olacaq.



