|
|
|
|

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib ki, Ermənistan de-yure olaraq öz hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır.
O, qeyd edib ki, Ermənistan təşkilatla qarşılıqlı münasibətləri “kənara qoymaq” mövqeyindədir: “Fikrimizcə, bu, erməni xalqının maraqlarına ziddir. Ümid edirik ki, Ermənistanın özünün və bütövlükdə regionun təhlükəsizliyi naminə tam tərəfdaşlığımız bərpa olunacaq”.
Məlum olduğu kimi, Ermənistanla Rusiya arasında münasibətlər pisləşməkdədir. Bu, özünü həm də Ermənistanın KTMT daxilindəki fəaliyyətindəki göstərir. Belə ki, rəsmi İrəvan faktiki olaraq KTMT-ni boykot edib. Ermənistan baş naziri Nikol Paşinyan bunu açıq şəkildə ifadə edib.
Ermənistan perspektivdə hüquqi şəkildə də KTMT-dən çıxması mümkündür. Bu, Qərbin İrəvanın “başının altına qoyduğu yastığın yumşaqlığından” asılıdır. Belə bir ssenari Moskvanın ürəyincə deyil. Ona görə yox ki, Ermənistan KTMT üçün əvəzedilməz üzvdür. Ona görə ki, Ermənistanın KTMT-dəki fəaliyyətini du-yure dayandırması İrəvanın Moskvadan daha çox uzaqlaşması deməkdir. Üstəgəl, bu, həm də Ermənistanın Rusiyaya meydan oxuması deməkdir. Ona görə də Kreml buna razı olmaq istəmir.
M.Zaxarova bu açıqlaması ilə əslində həm də Ermənistana xəbərdarlıq və təhdid edib. Rusiya XİN rəsmisi demək istəyib ki, Ermənistanın rəsmi İrəvandan uzaqlaşması və perspektivdə KTMT-dən hüquqi şəkildə də çıxması Ermənistan üçün təhdid yarada bilər. Əslində bu, proqnozunu verdiyimiz Ermənistanın perspektivdə Qərblə Rusiya arasında hərbi toqquşma meydanına çevrilə biləcəyi kimi də oxuna bilər.
Rəsmi İrəvanın Rusiyanın bu xəbərdarlığından sonra ritorikasını dəyişəcəyini düşünmürəm. Hər halda belə xəbərdarlıq və təhdidlər indiyə qədər bir neçə dəfə olub. Bəlkə də, artıq sözdən əmələ keçməyin vaxtıdır...
İkincisi isə Ermənistanın iradəsi özündən asılı deyil. Rəsmi İrəvan xeyli dərəcədə Paris və Vaşinqtondan asılı vəziyyətdədir. Və Qərb dövlətləri Ermənistanın “rahat nəfəs almasına” mikan vermirlər, verməyəcəklər.



