Məmməd Araz haqqında mənim yazmağım daha çətindir, çün vaxtilə sözümü demişəm və bir monoqrafiya da nəşr etdirmişəm. Amma zəngin şairi nə qədər oxusan, bir o qədər özün də zənginləşirsən. Ona görə ki, şairin poeziyasında insan hissləri dünyanı anlamağı bacarmaqdan başlayır. Şair insanın varlığı və hisslərini, psixoloji durumunu yaşayır. Məmməd Araz poetikasında insan bütün mövcudatı əhatə edən əzəli qüvvənin doğuluşundan yaranmışdır. Məhəbbət (təkcə "eşq" mənasında yox) insanı hərəkətə gətirən, onun çiyinlərinə xeyirxahlıq yükünü qoyan görünməz hisslər dünyasından çıxmalıdır. "İnsan nə səbəbdən öz ilahi vəzifəsindən uzaqlaşır?" sualının cavabına gəldikdə deməliyik: İnsanın ürəyində və şüurunda ilahi hikmət şirəsi dadını itirmişdir, ruhi yüksəklik aşağı səviyyəyə düşüb. Çünki insan fenomenal varlıqdır, kainatın gözünə dik baxa bilir - Allahın dərgahına qovuşsun.
"Dağlara çağırış" şeirində "Şair, qayalara, dağlara söykən, mənim də arzumu sən yaşat barı" pıçıldamaqla xatıladır ki, dağıdıcı nə varsa məqsədinə çatmayacaq, "ən ağır anlarında dağlarla danış, ən ali komandir o müdrik qocadır" öyüdünü bəyan edir:
Dağlar sevgisində bir ilahi ata,
Dağlar ərköyünlər atası deyil.
Kimini xurcuntək çiyninə atan,
Yellənc sapandına qoyub kimini,
Dərələr dibinə atası deyil.
"Tarixçi alimə" adlı şeirini 1983-cü ildə qələmə aldı, sözünü alimlərlə bölüşdürdü, ona görə ki, cəmiyyətdəki əskiklikləri, ziddiyyətləri görürdü, bunlar şeirdə poetik ifadəsini tapdı. Filosof, şair Helvetsi əbəs deməmişdi: "Aydın, səmimi ideyalar sahibi olmaq azdır, bu ideyaları başqalarına çatdırmaq üçün həm də aydın ifadə bacarığı, daxili zərurəti poetikləşdirmək gərəkdir".
Tarix əlifbası daşdan başlanır,
Əl dəydi yum-yumşalır, göyərir indi.
Başda daş olubdu, daşda baş olub
Bunları eləmək də hünərdi indi.
Tarixə dəyməsin yalan barmağı,
Haqqım yox quşun da haqqını danam.
Mən öz keçmişimə heykəl yonmağı
Alnına yazdıran oğullardanam.
Məmməd Araz poeziyası insanı sevincə, nikbinliyə çağırır və bunu şair üçün təbii hesab edir, insanın dəyərləriylə yanaşı, qüsurlarını da təsvir edir. İnsanı ideallaşdırmaq səhv deyilmi? İnsan yeri gələndə ziddiyyətlərlə barışır, güzəştə gedir, lakin şair olaraq millətinə mənfi emosiyalarla yanaşılmasının əleyhinə çıxır. Necə ki, qeyri-adi xüsusiyyətlərimizə qurd, tülkü, çaqqal vərdişləri bulaşdırmıslar əsrlər boyu. Necə ki, sonralar bu çirkabı silmək çətinləşir. "Qurd xasiyyəti" şeirində fikrini sərrast deyir:
Qurdlar yatışırlar ağız-ağıza,
Qurdlar bir-birinin gözündə yatır.
Dönüb öz yalında geriyə baxsa,
Qurd da öz balasın diş çaqqıldadır.
Gecə qurd yuxusu qurd yuxusundan
Çimir də istəməz öz qorxusundan...
Bu gün də qurdlara xas xasiyyət insanlar tərəfindən yaddan çıxmamışdır. Amma qurdların üstündən xətt çəkməyək, onlardakı birgəlikdən nəticə çıxaraq:
Səhər dumanından birgələşərlər,
Axşam toranında birgələşərlər.
Girəvə marıqda yatar birisi,
İtlərin başını qatar birisi,
Quzunu dərəyə dartar birisi...
Məmməd Arazın poeziyası polifonikdir, moderndir desəm, yanılmaram. Şeir onun üçün gerçək, gözəl və ölməzlik pəncərəsindən görünür, şeir insan adına, cəmiyyət adına, inkişaf adına qələmə alınmalıdır. Deməli, poeziya sənət üçündürsə, insan fenomenindən bəhs etməlidir. Belə ruhlu şeirlər istənilən dövrlər üçün modernistdir.
Məmməd Arazın poeziyasından analitik qənaətə gəlmək mənimçün təbiidir, çünki şeirlərindəki estetiklik, obrazlılıq, metaforik çalarlar müəllif qayəsinin dərinliyinə varır, insan fəzilətinə çağırışdır. Belə bir rakursdan Məmməd Araz poeziyanın qarşısına müəyyən tələblər qoyur: poeziya insanın ən ali hisslərinin təzahürüdür, ona görə ki, başqa sənət növlərindən yuxarıda dayanır, duyğuları oyadır, həzin-həzin pıçıldayır:
Poeziya, poeziya!
Ey qələm qardaşım!
Mənimlə diz-dizə,
Üz-üzə oturan
Sirdaş bacım,
Həmdəm qardaşım! -
deyir. "Şeirim", "Şeirə gətir", "Deyirlər şeir oxunmur" və s. poetik nümunələr fikrimizin təsdiqidir.
Məmməd Arazın poetik fərdiyyətində, tematikasında şair-şeir, yaxud şeir-şair paraleli avtobioqrafik xarakterlidir və şeirlərin predmetində "müəllif məni" durur, bu tezisi qəbul edirəm.
Məmməd Araz şairdir! Və oxucusunu tapdı! "Mən şairəm" şeirini yazdı! Onun üçün söz estetik idealın bədii şərti üsuludur, sənətin obrazlı ifadəsidir, şair coşğunluğunun ruhi yüksəkliyidir. Söz mənəvi və maddi azadlığa can atır. Söz substansiyadır, cövhərdir, davranışın çevrilməsidir.
Məmməd Arazın poeziyası fəal estetik və intellektual qüvvədir, misraları bir hərəkətdir, jestdir, standartlardan uzaqdır...
Məmməd Arazın poeziyası ilə tanış olduqca saatlarımı, günlərimi əsəblərimə büküb özümə toxdaqlıq vermişəm, öz dünyamdan ayrılmışam, xəyalım həqiqətə körpə sevinciylə sığınıb. Qayıtmışam ötən illərə, sirli-soraqlı dünyama: vətənləşdim, məhəbbətləşdim... sağlıq olsun, ömrüm vəfa etsə, şairin poeziyasına bir də qayıdacağam.