
Almaniyanın cənubundakı Visbaden kurort şəhərində NATO-nun Ukraynaya yardım mərkəzi açılıb.
525.az “Euronews”a istinadən xəbər verir ki, mərkəz Amerika ordusunun bazasında yaradılıb və Kiyevə texnika göndərmək, ukraynalı əsgərlərə təlim keçmək səylərini əlaqələndirəcək. Artıq Alyansın şərq sərhədlərində bu qəbildən olan mərkəzlər təşkil olunub.
NATO vurğulayır ki, yeni mərkəz yardımın göstərilməsini sadələşdirəcək, lakin əvvəl olduğu kimi, Şimali Atlantika blokunun özü hələ də münaqişə tərəfi deyil.
Bir müddət əvvəl Vaşinqtonda keçirilən NATO sammitində blok liderləri bildiriblər ki, Ukrayna artıq Alyansa qoşulmaq yolundan dönə bilməz. Lakin Almaniyada bəzi analitiklər bunun bütün ölkələrdən asılı olmayacağını düşünürlər.
Münhen Təhlükəsizlik Konfransının eksperti Leonard Schutte deyib: “Ümid edirəm ki, bu, NATO-nun Ukraynaya dəstəyinə inam yaradacaq. Ancaq eyni zamanda, ukraynalı siyasətçilər də daxil olmaqla, hamı bilir ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsini son nəticədə ABŞ-ın daxili siyasəti həll edəcək”.
Pərvanə Sultanova



