
Ölkələr idarə edən qadın hökmdarlar, qoçaq, hazırcavab xanım şahzadələr görüb bu dünya. Qadınlar dünya yaranan vaxtdan bu günə kimi həmişə diqqət mərkəzində olublar. Bəşəriyyət xəlq olandan müasir günümüzədək qadınlar cəmiyyətdə xüsusi yer tutub, öz mövqeyi, nüfuz və təsir qüvvəsi ilə seçiliblər. Qadının vəzifəsi, funksiyaları və nüfuzu haqqında çox deyilib, çox yazılıb. Zərif cins adlansalar da, cəmiyyətdə qadınlar kişilərlə bərabər hüquq və imtiyazlara malikdir, ictimai həyatın yük və qayğılarını da kişilərlə təxminən bərabər daşıyırlar.
Azərbaycanda tarix boyu qadınlara xüsusi münasibət olub, onların zəkası, hissiyyatı, təsir gücü mütləq nəzərə alınıb. "Kitabi-Dədə Qorqud" dastanında qəhrəman Oğuz igidləri ilə yanaşı, parlaq qadın obrazları da vardır. Onlardan Burla xatun, Banuçiçək, Selcan xatun və başqalarını misal göstərmək olar. Dastanın birinci - "Dirsə xan oğlı Buğac" boyunda Dirsə xan öz xanımını belə tərənnüm edir:
Bərü gəlgil, başum bəxti, evüm təxti!
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğından sarmaşanda qara saçlum!
Qurulu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan tar ağızlım!
Güz almasına bənzər al yanaqlım!
Bu poetik parçada Dirsə xan tərəfindən öz xanımının belə bədii boyalarla vəsf edilməsi, əvvəla, Oğuz xanımlarının qaməti, boy-buxunu, xarici və daxili gözəlliyi barədə oxucuda tam dolğun təsəvvür yaradır. Ancaq həm də onlara yüksək münasibət ifadə olunur. Oğuz elində qadına verilən yüksək qiymət, qadının cəmiyyətdə rolu, Oğuz ailəsində ər-arvad arasındakı münasibətlər və bu münasibətlərin inkişafında zərif cinsin nümayəndələrinin fədakar rolu geniş əksini tapıb. Dastanda qadına-anaya, həyat yoldaşına hörmət hissi yüksək ustalıqla təsvir və tərənnüm olunur. Dinindən və dilindən aslı olmayaraq bütün cəsur və qəhrəman qadınların igidliyi yüksək qiymətləndirilir. Dastanda qadının ailə, ər və namusunu canından üstün tutması, bir çox müsbət əxlaqi keyfiyyətləri özünün həyat amalı hesab etməsi yüksək ustalıqla təqdim edilir.
Tarixən Azərbaycanda çoxlu cəsur, fədakar və qəhrəman qadınlar olub. Bunlardan massagetlərin məğrur hökmdarı Tomrisi, Bərdənin qadın hökmdarı Nüşabəni, Şirvana hücum zamanı Krım xanının qoşunlarını məğlubiyyətə uğratmış Heyran Nisə bəyimi, Şərqin ilk diplomat qadını Sara xatunu, Fətəli xanın həyat yoldaşı Tuti Bikəni, Qarabağ hakimi Xan qızı Xurşidbanu Natəvanı və başqalarını öz mütərəqqi ideyaları, qətiyyətli fəaliyyəti ilə Azərbaycanın inkişafına xidmət etmiş qadınlarımıza parlaq nümunə kimi qeyd etmək vacibdir.
Hələ qədim zamanlardan Azərbaycan qadınları elin ər igidlərinə arxa, dayaq olublar, sədaqət və etibar göstəriblər. Lazım gəldiyi hallarda, düşmən vətən torpağına hücum etdikdə ər igidlərlə birlikdə ən amansız döyüşlərdə belə iştirak ediblər. Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri və başqaları belə qadın qəhrəmanlarımızdan olmuşlar.
İkinci Dünya müharibəsində qəhrəman təyyarəçi qadınlardan biri Züleyxa Seyidməmmədova qırıcı aviasiya polkunun komandirinin mavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirərək neçə-neçə faşist istehkamlarını, qurğu və texnikasını, düşmənin canlı qüvvəsini məhv etmişdi. Eyni zamanda digər igid qadın təyyarəçilərdən Leyla Məmmədbəyova və Sona Nuriyeva, cəsur snayperçi Ziba Qəniyeva, fədakar tibb işçisi Dürrə Məmmədova və başqaları İkinci Dünya müharibəsində uğurlu döyüş yolu keçmiş qəhrəman qadın həmyerlilərimizdəndir.
Azərbaycan xalqının igid xanım övladları - Qarabağ müharibəsi cəbhəsində əsgər və zabitlərimizlə daim döyüş bölgəsinin ən qaynar nöqtələrində olmuş, həyatı bahasına vətənə xidmət etmiş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova kimi qəhrəman qadınlarla bu gün də qürur hissi keçirir onların əziz xatirəsini böyük iftixarla yad edir.
Ümummilli lider Heydər Əliyev ailəni məhəbbətlə vətəndaşlıq borcunun vəhdəti hesab edirdi. Ulu öndər ailə qurmağın müqəddəs arzu olduğunu bildirərək deyirdi: "Hər bir kəsin arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası, uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur".
Ümummilli liderimiz respublikaya rəhbərliyi dövründə Azərbaycan qadınının müsbət keyfiyyətlərini öz məruzə və çıxışlarında xüsusi vurğulayıb və nitqlərinin birində deyib: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".
Ümummilli lider daim qadınlarımızın cəmiyyətdə layiqli yer tutması üçün qətiyyətlə çalışıb. Bu dahi şəxsiyyət hər zaman qadınları cəmiyyətin aparıcı qüvvəsi hesab edib. O, qadınların ailədəki və cəmiyyətdəki rolunu yüksək qiymətləndirib. Ulu öndər vaxtilə, Azərbaycan Qadınlarının Qurultayındakı çıxışında müstəqillik dövründə cəmiyyətin inkişafında qadınların rolunun artdığını bildirərək demişdi: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".
Ulu öndərimiz Heydər Əliyevin ailəsi bütün Azərbaycana, həmçinin dünyaya parlaq bir nümunədir. Heydər Əliyevin qadına münasibəti, qadınların fəaliyyətinə verdiyi yüksək dəyər onun ailə həyatında, həyat yoldaşının timsalında da ən üstün səviyyədə təzahür tapıb. Ulu öndərimizin unudulmaz həyat yoldaşına - akademik Zərifə xanım Əliyevaya olan tükənməz sevgisi, hədsiz dərəcədə sədaqəti, hörməti və ehtiramı ən layiqli örnəkdir. Bütün bunlar ömür-gün yoldaşı haqqında onun xatirələrində, verdiyi müsahibələrdə və həyat tarixçəsi ilə bağlı çəkilmiş sənədli filmlərdə öz əksini tapıb. Ümummilli lider 2001-ci ilin 28 aprelində həyat yoldaşı Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş təntənəli gecədəki çıxışı zamanı demişdi: "Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır".
Ailədə qadının roluna müstəsna əhəmiyyət verən Ümummilli liderimizin bu barədə xatirələri, düşüncələri xüsusilə təsirli və ibrətamizdir: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".
Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbərliyə başladığı dövrlərdən qadın problemləri və haqlarının müdafiəsinə ciddi diqqət yetirib. Qadınlara dövlət qayğısı, onların əməyinə xüsusi diqqət, respublikada gender bərabərliyinin təmin edilməsi, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, onların dövlət və seçkili orqanlarda təmsil edilməsi məsələsini həmişə şəxsən nəzarətdə saxlayıb.
Ulu öndərin siyasi kursunu ən yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev Azərbaycan qadınlarına, qadınlıq anlayışına parlaq münasibətilə seçilir. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda dövlətimizin başçısı bildirib: "...Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər".
Azərbaycanın birinci xanımı, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi, eləcə də sosial mədəni sahələrdə fəaliyyəti qadınlarımızın bugünkü və gələcək nəsilləri üçün ən dəyərli nünunədir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin, xüsusilə muğamlarımızın dünyada geniş təbliğini təmin etməklə, ölkəmizin toleqantlıq və multikulturualizm ənənələrinə sadiqliyinin bütün dünyada tanınmasına nail olmaqla yanaşı, ictimai-siyasi sahədə də müvəffəqiyyətlə fəaliyyət göstərir, Azərbaycan qadınının parlaq siması, ən uğurlu obrazı kimi dərin rəğbət qazanıb.
Rəqəmlərə nəzər saldıqda Azərbaycan qadınının ölkə həyatındakı rolu, mövqeyi, məsələn, təhsil içindəki mühüm yeri daha da əyani şəkildə nəzərə çarpar. Statistika göstərir ki, yaxın illərdə respublikamızın ümumorta məktəblərində müəllimlərin 80,7 faizi, orta ixtisas məktəblərində 78,9 faizi, ali məktəblərdə 54,7 faizi, tibb müəssisələrində işləyən həkimlərin isə 66 faizini qadınlar təşkil edib. Ümumtəhsil orta məktəbərimizdə şagirdlərin 46,7 faizi, orta ixtisas təhsili məktəblərind əoxuyanların 64,1 faizi, ali məktəbdə təhsil alan tələbələrin isə 48,8 faizi qızlardır. Qadınlarımız nəsil artırılmasında da mühüm rol oynayırlar. Statistik məlumatlara görə, dövlət qulluğunda çalışan qadınların sayı təxminən 30 faizə yaxındır. Elm sahəsindəki işçilərin 58,2 faizinidə qadınların təşkil etdiyi qeyd olunur.
Respublikamızda 1965-ci ildən 8 mart qeyri-iş günü hesab olunur. Ölkəmiz müstəqillik qazanandan sonra da hər il həmin gün Qadınlar Günü kimi bayram edilir.
Qadınlarla bağlı ölkəmizdə son illər keçirilən ən mötəbər tədbirlərdən biri Azərbaycan qadınlarının ötən il keçirilən VI qurultayıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin qurultaya ünvanladığı təbrik məktubundakı bu fikirlər dövlətimizin və cəmiyyətimizin qadınlara yüksək münasibətini, onların müasir həyatda və yaxın gələcəkdəki rolunu açıqlamaq baxımından son dərəcə uğurlu nümunədir: "Azərbaycan öz tarixinin taleyüklü hadisələrlə zəngin, çox şərəfli bir dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin fəal iştirakçılarıdır".



