Qardaş
Dar gündə həyan olmalıdır qardaşa qardaş.
Vay onda, dönə buz kimi bir sərt daşa qardaş.
Səndən ötəni, qıyma ki, qardaşına dəysin,
Qoyma ona qarşı biri həddin aşa, qardaş.
Sən çıxma dönük, düşmə uzaq doğmalarından,
Yadlarla tutub əl-ələ gəzmə qoşa, qardaş.
Hər kəslə çətindir yaşamaq, mehriban olmaq,
Lazımdır ürəklər sevə, qan qaynasa, qardaş.
Məşhurdu bizim ölkədə, ellərdə bu kəlmə:
"Hər zata deyilməz ki, əsil, birbaşa qardaş".
Var istənilən evdə-ocaqda bu züriyyət:
İstəksiz olar, naqisi gəlməz xoşa, qardaş.
Qardaşlığa yaddır, uzaq ol, etmə xəyanət,
Mümkünmü xəyanətkar ola, yadlaşa qardaş.
Aldanma yaman şəxsə, çəkər daşlığa yoldan,
Vallah səni daşlıqda salar çaş-başa, qardaş.
Yol get sonacan doğmaca qardaşların ilə,
Qardaşla, gərəkdir ki, hər an yollaşa qardaş.
Zakir səni heç vaxt özünə sanmadı özgə,
Arxa-həyan oldun ona, əhsən, yaşa, qardaş!
Pis övlad
Hər ailəyə bir böyük "əmma"dı pis övlad.
Daim pozar ağzında tamı-dadı pis övlad.
Hər evdə olur bir belə nankor, sözəbaxmaz,
Ev tikməyə yox, sökməyə ustadı pis övlad.
Yox fərqi əgər qız ola, ya oğlan uşağı,
Məmnun eləyər düşmənini, yadı pis övlad.
Nazın çəkərik, bəsləyərik pərvaz edincə,
Mehman eləyir bizlərə fəryadı pis övlad.
Söyməklə də, döyməklə də qanmaz belə tiplər,
Pis xətlə yazılmış qəliz imladı pis övlad.
Yalvarmasın heç kəs, ona söz batmayır əsla
İstəkdən uzaq, başqa təmənnadı pis övlad.
Pislik gələ bilməz özünə doğmalarından,
Lakin yaxına-doğmaya ədnadı pis övlad.
Zakir, gül əkib biçsə xəzəl valideynlər,
Çək nəzmə bunu, bəlkə bir anladı pis övlad.