Şərqlə Qərbin qovuşmasında yerləşən Azərbaycan dünyada müxtəlif sivilizasiyaların birləşdiyi ölkə kimi tarixə həkk olunub. Məhz bu səbəbə və coğrafi mövqeyinin üstünlüklərinə görə Azərbaycan BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının və GUAM kimi 5 beynəlxalq təşkilatın üzvü kimi öz mövqeyini inamla nümayiş etdirə bilir.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra xalqın əlindən zorla alınmış milli-mənəvi dəyərlər özünə qaytarıldı. Milli ruhun, milli şüurun, milli özünədərkin, milli oyanışın simvolu olan azərbaycançılıq ideyaları hər bir azərbaycanlı üçün canından da doğma və əziz oldu, müqqədəslik qazandı.
İndi Azərbaycandakı millətlər kiçik yaşlıdan tutmuş böyüyədək, o cümlədən, gənclər özünün milli-mənəvi dəyərlərini formalaşdıraraq əsrlər boyu bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Xalqımızın bir-birindən gözəl multikulturial ənənələri və bu ənənələri davam etdirərək yaşadan zəngin təcrübəsi vardır. Bu sahədə bütün insanlarımızın, xüsusilə gənclərin fəaliyyəti danılmazdır. Tarixən Azərbaycanda müxtəlif millətlərə və dinlərə məxsus olan insanlar yaşamış, onların milli-mədəni müxtəlifliyi daim qorunub saxlanılır.
"Multikulturalizm" sözü Azərbaycan dilində "çoxmədəniyyətlilik" kimi başa düşülür. Multikulturalizm ta qədimdən Azərbaycan xalqının həyat tərzinə çevirilib. Bu ülvi və mütərəqqi dəyərlər uzun müddət xalqla birlikdə fəaliyyətdə olduğuna görə artıq bu dəyərlər, xüsusilə adət-ənənələr xalqın canına və qanına hopmuşdur. Bu dəyərləri, adət və ənənələri xalqın həyat tərzindən ayırmaq, onu onların yaddaşından silmək artıq qeyri-mümkündür. Azərbaycanda bu ənənələrin davam etdirilməsində və uzun illər uğurlu olmasında gənclər də fəallıq göstərirlər.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu sahəyə dövlət dəstəyinin olması həmin ənənələrin daha da inkişafına təkan verdi. Ölkəmizdə fərqli xalqlar dilindən, dinindən asılı olmayaraq daim mehriban dostluq və qardaşlıq şəraitində yaşamışlar. Dili, dini, həyat tərzi fərqli olmasına baxmayaraq, bu millətlər, xalqlar, xüsusilə gənclər bir-birinə elə qaynayıb qarışıblar ki, onların arasında nifaq salmağa, onları bir-birindən ayırmağa heç bir qüvvə qadir deyil.
Ümumibəşəri xarakter daşıyan multikultural və tolerant dəyərlərə Azərbaycan daxilində həmişə hörmətlə yanaşılıb, azsaylı xalqların da bütün mədəni xüsusiyyətləri, adət və ənənələri, həyat tərzi dövlət səviyyəsində daim qorunub saxlanılıb. Yəni bu insanların, o cümlədən, gənclərin hüquqları daim ölkəmiz tərəfindən müdafiə olunub və həmin azsaylı xalqlar özlərinin mənafeyinə uyğun inkişaf yolu keçib.
Azərbaycanda multikulturalizmin, tolerantlığın, eləcə də dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişafı, xüsusən gəncliyin bu yöndə təlim-tərbiyə alması, belə bir düşüncə ilə formalaşması müstəqillik dövründə yeni güclü vüsət aldı. XX əsrin 90-cı illərində Ümummilli liderimiz Heydər Əliyev ölkədəki xalqların və dini qrupların mənəvi dəyərlərini, eləcə də adət-ənənələrini qoruyub saxlamağı, inkişaf etdirməyi, bütün bunların gəncliyə ardıcıl aşılanmasını dövlətçilik işinin ayrılmaz tərkib hissəsinə çevirdi. Multikulturalizm və tolerantlığın əsasları Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında, eləcə də Prezidentin fərman və sərəncamlarında öz geniş əksini tapdı.
Keçən əsrin altmışıncı illərinin sonunda respublikada siyasi rəhbərliyə gələn Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın azadlığına və inkişafına, tarixi milli-mədəni dəyərlərinin, adət-ənənələrinin inkişafına əngəl törədən ideoloji-siyasi sədlər tədricən aradan qaldırılmağa başladı. Xalqın milli özünədərki üçün əlverişli zəmin yarandı. İlk öncə Ümummilli liderimiz H.Əliyev Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi cəhətdən bərqərar etdi. Uzun əsrlər boyu Azərbaycanda kök salmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə daha yüksəklərə qaldırdı. Bu sahədə mühüm qanunvericilik bazası yaradıldı. Ulu öndər çıxışlarının birində bu mövzuda fikirlərini bəyan edərkən bildirirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir: "Biz Azərbaycançılığı - Azərbaycan dilini, Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Dahi rəhbər özü də hər zaman xalqımızın tarixi keçmişi, mədəni irsi, mənəvi dəyərləri ilə fəxr edir və onları qoruyub yaşatmağa çalışırdı.
Təsadüfi deyil ki, hazırda Azərbaycanın multikulturalizm siyasəti və bu sahədə əldə olunmuş uğurlar, həmçinin gəncliyin bu düşüncədə yetişdirilməsi dünya dövlətlərinə, xüsusilə Qərb ölkələrinə əyani nümunədir.
Dünyada multikulturalizmin müxtəlif modelləri vardır. ABŞ, İsveç, Avstraliya, Kanadanın bu sahədə xeyli tanınmasına baxmayaraq, Azərbaycan modeli bir çox nüfuzlu dövlətlər tərəfindən nümunə kimi qəbul olunur və tətbiq edilir. Ölkəmizin və dünyanın bir sıra təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Ulu öndər Heydər Əliyevin multikulturalizmin qorunub saxlanmasına və inkişafına yönəlmiş siyasəti hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni nailiyyətlərə yol açır. Son 20 ildə digər istiqamətlərdə olduğu kimi, bu yöndə də böyük uğurlar əldə edilib. Nəticədə Azərbaycan multikultural dəyərlərə müstəsna önəm verən, gənc nəslin bu ruhda yetişdirildiyi ən aparıcı ölkələrdən biri kimi böyük nüfuz qazanıb.
Hazırda respublikamızda azərbaycançılıq məfkurəsi çeşməsindən qidalanan tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunub saxlanılması uğurla təmin edilir.
2010-ci ilin aprelində Bakı şəhərində "Qloballaşma, din, ənənəvi dəyərlər" adlı tədbir keçirildi. Bu beynəlxalq tədbirin keçirilməsində məqsəd respublikamızın dünyada örnək ölkə kimi tanınması, tolerantlıq üzrə maarifləndirmə işini genişləndirmək və inkişaf etdirmək idi. Tədbirdə respublikamızın gəncləri yüksək fəallıqla iştirak edirdi.
2011-ci ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm təşkilatının tərəfdaşlığı ilə Bakı şəhərində Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunun təşkili çox vacib ənənəyə çevrilib.
2015-ci ilin noyabrında İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı - İSESCO-nun Baş Konfransının Bakıda keçirilən XII sessiyasındakı çıxışındaAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mövzu ilə əlaqədar son dərəcə mötəbər mövqe bildirərək demişdi: "Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüsümüzlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq".
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili" elan edildi. Bu çərçivədə gəncliyin multikultural dəyərləri mənimsəməsinə də böyük diqqət ayrıldı. 2017-ci ildə Azərbaycanda bu mövzuya dair 1 müşavirə, 5 elmi-metodiki seminar, 6 konfrans, 7 təqdimat, 13 dəyirmi masa, xarici olkələrdə respublikamızın təşəbbüsü və dəstəyi ilə 3 dəyirmi masa, 3 mühazirə təqdimat, 4 konfrans keçirildi. 2017-ci ilin fevralında Qəbələ, Qax, Oğuz, Şəki və Bakıda "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" devizi altında IV Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri təşkil edildi.
2018-ci ildə ADU-nun,Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf", "Heydər Əliyev və türk dünyası", "ADR-Şərqdə ilk respublikadır" mövzularını əhatə edən konfranslar həyata keçirildi.
2018-ci ildə respublikamızda və xarici ölkələrdəki ali təhsil müəssisələrində təhsil alanlar üçün "Azərbaycan multikulturalizmi" adlı fənn tədris olunmaq üçün proqramlara daxil edildi.
2019-cu ildə ADU ölkəmizin Braziliyadakı Səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyilə multikulturalizmlə bağlı mühazirələr təşkil etdi.
Ölkəmizdə milli-mədəni dəyərlərin, dini müxtəlifliyin, dini dözümlülüyün, multikulturalizmin, eləcə də milli-dini telerantlığın təbliğində və inkişaf etdirilməsində, həmçinin gənc nəsilin belə yüksək ənənələrə hörmət ruhunda yetişdirilməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır. Fondun Azərbaycanda multikulturalizm ideyalarının, eləcə də milli mənəvi dəyərlərin təbliği, gəncliyə aşılanması sahəsində rolu təkcə ölkəmizdə deyil, bir çox ölkələrdə öz parlaq təsdiqini tapıb. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzulu konfrans buna əyani nümunədir.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri əl-ələ verib bir yumruq kimi birləşdilər, erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etdilər. Azərbaycanın, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlarımız üçün doğma və əziz olduğu bir daha parlaq təsdiqini tapdı. Vətən müharibəsindən və pandemiyadan sonra da ölkəmizdə beynəlxalq və yerli təşkilatların təşəbbüsü və dəstəyi ilə multikulturalizm, tolerantlıq mövzusunda müxtəlif tədbirlər keçirilib. 2022-ci ildə "Heydər Əliyev multikulturalizm və tolerantlıq ideologiyası", "Heydər Əliyev və Azərbaycan multikulturalizmi", "Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər" mövzularında konfranslar təşkil edilib.
2023-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən xarici ölkələrdə Azərbaycana aid qədim xəritələr və kitablar çap olunub.
Heç şübhə yoxdur ki, gəncliyin multikultural şüura yiyələnməsi naminə indiyədək atılmış uğurlu addımlar, həyəata keçirilmiş mühüm işlər gələcəkdə də inamla davam etdiriləcək. Çünki bütün bunlar Azərbaycan gəncliyinin multikultural dəyərlər, çoxmədəniyyətlilik ənənələri əsasında formalaşması baxımından çox böyük əhəmiyyətə malikdir.